Pan Qi Mun Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə
BMT-nin baş katibi Pan Qi Mun Azərbaycan və Ermənistan prezidentlərinin dekabrın 19-da Berndə keçirdiyi görüşünün tərəfləri sülh prosesinə yaxınlaşdıracağına ümid etdiyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə baş katibin təşkilatın rəsmi saytında dərc edilmiş bəyanatında bildirilir.
“Baş katib hesab edir ki, görüş tərəflərə atəşkəs rejiminin pozulması hallarının və dinc əhali arasında qurbanların sayının azaldılmasına dair əməli addımların müzakirə edilməsinə, sülh prosesinin yaxınlaşdırılması üçün yolların müəyyən edilməsinə imkan yaradıb”, - deyə BMT baş katibinin bəyanatında qeyd olunur.
Pan Qi Mun həmçinin İsveçrədə görüşü təşkil etmiş ATƏT Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini qeyd edib. O, Bakı və İrəvanı gərginliyin daha da azaldılmasına dair Minsk Qrupu ilə sıx əməkdaşlığa və gərginliyin artmasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Xatırladaq ki, iki ölkənin liderləri ATƏT-in Mİnsk qrupu həmsədrlərinin təşəbbüsü ilə dekabrın 19-da İsveçrənin paytaxt Berndə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi çərçivəsində görüşmüşdülər.
Mənbə:> Oxu.Az