Dünyaya daha bir təhlükə: Məlumat təsdiq olundu
“2013-cü ildə Koreya Xalq Demokratik Respublikasında keçirilən son nüvə sınağında uran yükü istifadə olunub. Bu, ölkədə hidrogen bombalarının mövcudluğunu göstərir”.
Publika.az xəbər verir ki, bu barədə Şimali Koreyadakı məlumatlı mənbə bildirib.
“Birinci iki sınaqda plutonium yükü istifadə olunurdu. Üçüncü sınaqda isə uran yükündən istifadə olunub. Bu, Şimali Koreya lideri Kim Çen İnin haqqında danışdığı hidrogen bombasının mövcudluğunu təsdiq edir”, - Şimali Koreya liderinin son bəyanatını şərh edən agentliyin həmsöhbəti deyib.
Koreyanın Mərkəzi Teleqraf Agentliyinin (STAK) dekabrın 10-da verdiyi xəbərə görə, Şimali Koreya lideri hidrogen bombası istehsal etdiklərini və bu bombanı nüvə silahları ilə birlikdə istifadə etmək hüququna sahib olduqlarını söyləyib.
Amma ABŞ-da bu bəyanata inanmayıblar. Ağ evin nümayəndəsi Coş Ernest bildirib ki, Amerika hökumətində olan məlumatlar Şimali Koreyanın bu iddialarından ciddi olaraq şübhələnməyə əsas verir.
Rusiya Xarici İşlər Nazirliyi Pxenyanın bəyanatlarını şərh etməyib. Ekspertlər isə xəbərlərin həqiqiliyinə şübhə ediblər. Rusiya Elmlər Akademiyası Uzaq Şərq İnstitutunun Koreya Tədqiqatları Mərkəzinin rəhbəri Aleksandr Jebin bildirib ki, sınaqlar haqqında bəyanatlar Vaşinqtonun siyasətinə cavabdır.
Hidrogen bombası dünyanın ən güclü silahı hesab edilir. Bu bombanı ilk dəfə keçmiş SSRİ hazırlayıb və 1961-ci ildə sınaqdan keçirib.
Mənbə:> Publika.az