Ermənilər hiddət içində: Permyakov gizli mühakimə ediləcək – VİDEO
Ermənistanın Gümrü şəhərində Avetisyan ailəsini qətlə yetirən rusiyalı əsgər Valeri Permyakovun məhkəmə prosesi başlamamış narazılıqlara səbəb olub.
ANS PRESS-in məlumatına görə, buna səbəb məhkəmənin Rusiyaya məxsus 102-ci hərbi bazada keçirilməsidir. Ruslar bunu təhlükəsizliyin təmin edilməsi ilə əlaqələndirirlər.
Ermənistan tərəfi məhkəmənin jurnalistlərin iştirakı olmadan keçirilməsindən narahatdır. Çünki hərbi bazaya daxil olmaq üçün xüsusi icazə lazımdır. Ermənistan mətbuatının nümayəndələri isə bununla bağlı Rusiya tərəfinə müraciət etsələr də onlara bildirilib ki, icazə üçün məhkəməyə üz tutulmalıdır.
Bundan sonra məhkəmə prosesi müşahidə edəcək kütləvi informasiya vasitələrinin adlarını hərbi bazaya təqdim etməlidir. İşə Şirak əyalətinin məhkəməsində baxılacağı üçün jurnalistlər həmin məhkəməyə müraciət edəndə bir neçə ziddiyətli cavab alıblar. Bu cavabların heç birində isə onlara dəqiq məlumat verilməyib.
Görünür, Rusiya məhkəmə prosesinin Ermənistan mətbuatında işıqlandırılmasını istəmir. Bu səbəbdən də onların məhkəmədə iştirakına əngəllər yaradılır. Bütün bu anlaşılmazlıqlar isə məhkəmədə KİV-lərin iştirakı olmadan keçiriləcəyinə gətirib çıxaracaq.
Lakin Ermənistanın müvafiq qurumları da bu məsələyə laqeyd yanaşırlar. Hakim qurumlar jurnalistlərin və qətlə yetirilən ailənin yaxınlarının narazılığına baxmayaraq, bununla bağlı heç bir addım atmaq niyyətində deyil.
Valeri Permyakovun ilk məhkəmə prosesi də kütləvi narazılıqlarla müşayiət olunmuşdu. Avqust ayında keçirilən həmin məhkəmə də rus hərbi bazasında baş tutmuşdu. Bu səbəbdən polislə etirazçılar arasında qarşıdurma yaranmışdı.
Həmin prosesdə Permyakov fərarilikdə və silah oğurluğunda günahlandırılıb. O həmin məhkəmədə günahkar olduğunu və bir ailəni qətlə yetirdiyini boynuna almışdı.
Valeri Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Qanlı gecədə sağ qalan 6 aylıq Seryoja isə bir həftə sonra xəstəxanada dünyasını dəyişib. Valeri Permyakovu Ermənistan - Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri saxlayıb.
Qətlə yetirilən Avetisyan ailəsinin dəfn mərasimi
Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.
Mənbə:> ANSPRESS