Pakistan prezidenti səbirsizliklə İlham Əliyevin səfərini gözləyir
“Pakistanla Azərbaycan arasında siyasi, iqtisadi, mədəni, müdafiə və təhlükəsizlik sahələrini əhatə edən dərin əməkdaşlığa ehtiyac var”.
APA-nın məlumatına görə, bunu Pakistan prezidenti Məmnun Hüseyn Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovla görüşü zamanı deyib.
Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri ilə Pakistan qarşılıqlı fayda və inkişaf naminə bütün sahələrdə əməkdaşlığı genişləndirməlidir. M. Hüseyn qeyd edib ki, hazırda Pakistanla Azərbaycan arasındakı ticarət əlaqələri mövcud potensialla uyğun deyil. “Ticarət və investisiya əməkdaşlığını gücləndirmək lazımdır”.
Pakistan prezidenti ölkəsi ilə Azərbaycan arasında birbaşa hava xəttinin “Turkish Airlines” vasitəsi ilə bərpasını yüksək qiymətləndirərək bunun ticarət, turizm və insanlararası münasibətlərə töhfə verəcəyini bildirib. O, iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsindəki əməkdaşlıqdan məmnunluğunu qeyd edərək əlavə edib ki, Pakistan ən nüfuzlu hərbi institutlarında Azərbaycan silahlı qüvvələri üçün treninqləri davam etdirəcək.
M. Hüseyn həmçinin Azərbaycanın Camu və Kəşmir məsələsindəki dəstəyinə görə təşəkkür edərək Pakistan hökumətinin və xalqının Azərbaycan prezidenti İlham Əliyevin Pakistana səfərini səbirsizliklə gözlədiyini vurğulayıb.
Mənbə:> APA