Rəsulzadənin nəvəsi və tarixçi alim Prezidentə müraciət etdilər
Məhəmməd Əmin Rəsulzadə irsinin tədqiqatçısı, tarix elmləri doktoru Nəsiman Yaqublu və M.Ə.Rəsulzadənin nəvəsi, rəssam-pedaqoq Rais Rəsulzadə Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.
Müraciətdə qeyd edilib:
”Hörmətli cənab Prezident! Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoymuş, görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 130 illiyi ilə bağlı 2013-cü ildə sərəncam vermiş və onun Azərbaycan tarixində önəmli rolu olduğunu qeyd etmişdiniz. Təəssüflər ki, bəzi dövlət məmurları və Milli Məclisin üzvləri tərəfindən M.Ə.Rəsulzadəyə qarşı təhqiramiz ifadələr və münasibətlər davam etməkdədir. Gəncə şəhərində onun büstünün bu günə qədər təhqiredici görkəmdə saxlanılması, Bakı Dövlət Universitetinin qarşısında “burada ona heykəl qoyulacaq” sözləri yazılmış daş lövhənin 20 ildən çox orada olması və nəticədə heç bir işin görülməməsi yalnız M.Ə.Rəsulzadəyə qarşı ögey münasibəti sərgiləmir, eyni zamanda Azərbaycan dövlətinin imicinə, şəxsən bir dövlət başçısı olaraq Sizə də problem yaradır. Son günlərdə Milli Məclisə yeni seçilmiş bir deputatın M.Ə.Rəsulzadə adına təhqiramiz ifadələr işlətməsi də bağışlanılmazdır. Və heç kim də təminat vermir ki, bu hadisə bir də təkrarlanmayacaq (unutmayaq ki,bundan əvvələr də belə yanaşmalar az olmayıb).
M.Ə.Rəsulzadəyə qarşı olan bu münasibətin həll edilmədiyini nəzərə alıb, aşağıdakı təkliflərimizi diqqətinizə çatdırır və reallaşdırmağınızı xahiş edirik:
1) M.Ə.Rəsulzadənin hüquqlarının dövlət səviyyəsində qorunması təmin edilsin;
2) Onun Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu kimi tarixdə qəbul edilmiş xüsusi statusu hüquqi əsaslarla təsbit edilsin;
3) Gəncədəki büstü, Bakıda abidəsi qoyulacaq yer dövlətin nəzarətinə götürülsün,orada işlər yekunlaşsın, təhqiramiz vəziyyətdə saxlanılmasın;
4) Ali və orta məktəblərdə M.Ə.Rəsulzadənin və onun digər silahdaşlarının fəaliyyəti daha geniş təbliğ edilsin;
Cənab Prezident!
İnanırıq ki, bu problemin həllinə diqqətli olacaq və Azərbaycan tarixinin yaradıcı şəxsiyyətlərinə sayğılı münasibət göstərəcəksiniz.
Hörmətlə,
Nəsiman Yaqublu, tarix elmləri doktoru,“Məhəmməd Əmin Rəsulzadə Mərkəzi”nin sədri
Rais Rəsulzadə, Rəssam-pedaqoq, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi”.
Mənbə:> Modern.az