Azərbaycan vətəndaşlığını necə almaq olar?
Dövlət Miqrasiya Xidmətinin Kollegiyası “Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”i təsdiq edib.
Oxu.Az-ın məlumatına görə, reqlamentə əsasən Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi üçün müraciətin və sənədlərin qəbulu ilə əlaqədar http://az.e.migration.gov.az/ ünvanında elektron xidmət göstərəcək.
Elektron xidmətin digər icraçıları Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyidir. Elektron xidmət qismən avtomatlaşdırılıb. Elektron xidmətin icra müddətinə gəlincə, vətəndaşlıqla bağlı qaldırılmış vəsatətlərə əlaqədar dövlət orqanlarının hər biri tərəfindən 1 ay müddətində baxılır. Elektron xidmətin göstərilməsi nəticəsində Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi üçün müraciət və sənədlər qəbul edilir.
Müvafiq rəyin alınması məqsədilə sənədlərin bir nüsxəsi elektron formada Milli Təhlükəsizlik Nazirliyinə və Daxili İşlər Nazirliyinə göndərilir. Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi hər biri 1 ay müddətində daxil olmuş sənədlərlə bağlı yoxlama apardıqdan sonra rəy verir.
Elektron xidmətin göstərilməsi üçün istifadəçi tərəfindən ərizə-anketə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin seriya və nömrəsi, 3x4 sm ölçüdə fotoşəkil, yaşayış yerindən ailə tərkibi haqqında arayış, dövlət rüsumunun ödənilməsi haqqında sənəd, Azərbaycanda son 5 il ərzində yaşaması barədə yaşayış yerindən arayış, Azərbaycan dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış, şəxsiyyəti təsdiq edən sənədin surəti, qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (iş yerindən arayış, pensiya, təqaüd və ya ünvanlı dövlət sosial yardım alınması haqqında arayış, fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı, aliment alınması haqqında arayış, himayəsində olduğu şəxsin gəliri haqqında arayış, vərəsəlik şəhadətnaməsi və s.), elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olan şəxslər üçün – onu Azərbaycan Respublikasına dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti, vətəndaşı olduğu dövlətin (Azərbaycan Respublikası ilə ikili vətəndaşlığın qarşısının alınması haqqında beynəlxalq müqaviləsi olan) səlahiyyətli orqanının onun Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək niyyətinə olan münasibətini təsdiq edən sənədin (Əgər belə sənədin təqdim edilməsi müraciət edən şəxsdən asılı olmayan səbəblər üzündən mümkün deyilsə, şəxs ərizə-anketdə bunu mütləq göstərməlidir) surətləri elektron formada təqdim edilir. İstifadəçi tərəfindən təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbi barədə istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir. Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi üçün Xidmətin elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.
Sorğu qəbul edildikdən sonra Dövlət Miqrasiya Xidmətinin Katibliyində dərhal qeydiyyata alınır və baxılması üçün Baş idarəyə təqdim edilir.
Sənədlərə Baş idarədə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 gün müddətində aradan qaldırılması barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir. İstifadəçi tərəfindən göndərilən ərizə-anketində göstərilən məlumatların həqiqiliyi, habelə Azərbaycan Respublikasının ərazisində son 5 ili fasiləsiz olaraq daimi yaşaması Xidmət tərəfindən yoxlanılır. Müvafiq rəyin alınması məqsədilə sənədlərin bir nüsxəsi elektron formada Milli Təhlükəsizlik Nazirliyinə və Daxili İşlər Nazirliyinə göndərilir. Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi hər biri 1 ay müddətində daxil olmuş sənədlərlə bağlı yoxlama apardıqdan sonra rəy verir.
Milli Təhlükəsizlik Nazirliyinə və Daxili İşlər Nazirliyinə göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır. Xidmət əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Komissiyada baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir və bu barədə istifadəçiyə məlumat verir.
Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi barədə müvafiq sərəncam verilir. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi üçün müraciətin nəticəsi barədə istifadəçinin elektron poçtuna məlumat göndərilir.
Mənbə:> Oxu.Az