Zakir Həsənov generalları və komandirləri poliqona topladı
Noyabrın 23-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin bütün rəhbər heyətinin iştirakı ilə üçgünlük toplantı keçirilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Məlumata görə, müdafiə nazirinin müavinlərinin, Silahlı Qüvvələrin növləri və qoşun qisimləri komandanlarının, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin, birlik və birləşmə komandirlərinin, qərargah rəislərinin və digər məsul zabitlərin iştirakı ilə keçirilən toplantıda il ərzində orduda aparılan fəaliyyətlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı vəzifəli şəxslərin məruzələri dinlənilib, perspektiv məsələlər müzakirə edilib.
Təlim mərkəzində və çöl-səhra şəraitində təşkil olunan hazırlıq məntəqələri və nöqtələrində nəzəri və praktiki məşqlər keçirilib.
Silahlı Qüvvələrin rəhbər heyətinin döyüş hazırlığının, bacarıq və qabiliyyətlərinin yoxlanılması məqsədilə toplantıda silahlanmada olan zirehli texnikanın ştat silahından və atıcı silahlardan atışlar icra olunub, generallar və zabitlər müxtəlif növ tırtıllı və təkərli döyüş maşınlarının, avtomobil texnikasının idarə edilməsi üzrə yoxlama tapşırıqları yerinə yetiriblər.
Toplantı iştirakçılarının ümümqoşun nizamnamələri, rəhbəredici və digər normativ-hüquqi sənədlərlə bağlı bilikləri üzrə məqbullar qəbul edilib, şəxsi heyətin fiziki hazırlığının səviyyəsi yoxlanılıb.
Noyabrın 25-də isə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2015-ci tədris ilində qoşunların hazırlığı üzrə yekunlara dair geniş kollegiya iclası keçirilib.
Toplantıda çıxış edən müdafiə naziri Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin fəaliyyətinə verdiyi yüksək qiyməti və ordu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdırıb.
General-polkovnik Z.Həsənov dövlət başçısının qayğısı nəticəsində son bir ildə döyüş hazırlığı, şəxsi heyətin sosial-məişət təminatı, eləcə də digər sahələrdə planlı şəkildə həyata keçirilən fəaliyyətləri xüsusi qeyd edib.
Müdafiə naziri hesabat dövründə görülən tədbirlərin təhlilini apararaq xidməti döyüş fəaliyyəti, həyata keçirilən islahatlar, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi və onun hərtərəfli təminatı, düşmənin təxribat-kəşfiyyat qruplarının basqın cəhdlərinin qarşısının alınması, qoşunların mütəxəssislər ilə komplektləşdirilməsi, eləcə də əldə edilən digər nailiyyətlər və 2016-cı tədris ilində Silahlı Qüvvələrin vəzifələri barədə ətraflı məruzə ilə çıxış edib.
Sonra kollegiya iclasının qərar layihəsi müzakirə edilərək qəbul olunub.
Müdafiə nazirinin əmrinə əsasən, 2015-ci tədris ilində döyüş hazırlığının yekunlarına görə hərbi xidmətdə fərqlənən hərbi qulluqçular medallarla təltif edilib, təşəkkür, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Mənbə:> Virtualaz.org