Əli Həsənov: “Bu, ən ağır cinayət hesab edilir” – FOTO
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun Moldovada nəşr olunan “Law and politology” jurnalının sentyabr buraxılışında (№ 31) ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələlərindən bəhs edən elmi məqaləsi ingilis dilində dərc olunub.
AzərTAc xəbər verir ki, məqalədə son iki əsrdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti geniş təhlil edilir.
Əli Həsənov zəngin xarici mənbə və tarixi faktlara əsaslanan məqaləsində göstərir ki, erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.
Məqalədə qeyd edilir ki, Azərbaycanın strateji baxımdan mühüm əhəmiyyətə malik olan Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanmışdır. Nəticədə XX əsrin əvvəllərindən etibarən erməni millətçiləri “Böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndimiş və azərbaycanlıları tarixi torpaqlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başlamışlar.
Mənbələrə əsasən məqalədə təsdiq edilir ki, bu təcavüzkar siyasət nəticəsində təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır. Məqalədə göstərilir ki, XIX əsrin sonunda – 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Hnçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyaları yaradıldıqdan sonra ermənilərin “Böyük Ermənistan” yaratmaq iddiaları yeni mərhələyə qədəm qoymuş və onlar öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda türk-müsəlman əhalisinə qarşı dəhşətli terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparmışlar. Yəni, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq öz tarixi torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişdir.
1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində minlərlə azərbaycanlının ən qəddar üsullarla qətlə yetirilməsı məqalədə faktlarla diqqətə çatdırılır.
Əli Həsənov qeyd edir ki, Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə XIX əsrdə köçürülən ermənilərə 1923-cü ildə muxtar vilayət statusu verildi və bu hadisə Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması, həm də ermənilərin ölkəmizə qarşı gələcək ərazi iddiaları üçün bir vasitə oldu. Nəticədə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ süni şəkildə aran və dağlıq hissələrinə bölündü və Azərbaycan rəhbərliyi Qarabağın dağlıq hissəsində sonradan məskunlaşmış ermənilərə muxtariyyət statusu verməyə məcbur edildi. Eyni zamanda, bu proses Dağlıq Qarabağda tarixən yaşayan azərbaycanlıların rəyi nəzərə alınmadan və onların hüquqları kobudcasına pozularaq həyata keçirildi. Bununla yanaşı, sovet dövründə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan erməni icması bütün siyasi, iqtisadi, sosial və mədəni muxtariyyətə malik olsa da, Ermənistan öz ərazi iddialarını bir neçə dəfə ortaya atmış, lakin istəyinə nail ola bilməmişdir.
Müəllif Qarabağa dair ərazi iddialarının hər dəfə kənardan, məhz Ermənistanın təhriki və təzyiqi ilə ortaya atıldığını diqqətə çatdırır və göstərir ki, XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. 1988-1993-ci illərdə monoetnik dövlət yaratmağa nail olan Ermənistan Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır.
Məqalədə müəllif onu da diqqətə çatdırır ki, 1988-1993-cü illərdə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə yanaşı, ətraf 7 rayonu (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) da işğal etmişlər. Eyni zamanda, Ermənistanda yaşayan 250 min nəfər azərbaycanlı öz doğma yurdlarından zorla qovulmuş və bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmışdır. Ermənistanın hərbi təcavüzü nəticəsində 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, Azərbaycanın 20 faizdən çox ərazisi işğal edilmişdir.
Müəllif bildirir ki, bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət edilmişdir. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfərdən çox azərbaycanlı həlak olmuş, 100 min nəfərdən çoxu yaralanmış, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Eyni zamanda, dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan işğal olunmuş ərazilərdə və Azərbaycanın digər yerlərində müxtəlif səpkili (sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, Bakı Metropolitenində, hava nəqliyyatında, sərnişin daşıyan dəniz bərəsində, yaşayış məntəqələrində, mülki və dövlət obyektlərində) çoxsaylı terror aktları törədilmişdir ki, nəticədə 1200 nəfər həlak olmuş, 1705 nəfər yaralanmışdır.
Məqalədə müəllif faktlara və rəqəmlərə əsasən göstərir ki, işğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyyəti olan 9 saray, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı, 44 məbəd və 9 məscid dağıdılmış, talan edilmiş və yandırılmışdır. Bundan əlavə, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilmişdir.
Əli Həsənov oxucuların diqqətinə onu çatdırır ki, münaqişənin ədalətli həlli və işğal altında olan torpaqlarımızın azad edilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Bununla yanaşı, müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Vurğulanır ki, bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir.
Eyni zamanda, məqalədə qeyd edilir ki, XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bununla yanaşı, müəllif onu da diqqətə çatdırır ki, Xocalı soyqırımı dünya tarixində heç vaxt unudulmayan Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Xolokost kimi dəhşətli soyqırımılarından heç də geri qalmır və bu hadisələr dinc əhalinin soyqırımı olaraq bütün dünyada geniş əks-səda doğurub.
Ümumilikdə, Əli Həsənovun elmi məqaləsinin “Law and politology” kimi nüfuzlu jurnalda dərc olunması erməni millətçiliyinin və terrorizminin dünya ictimaiyyətinə çatdırılması, eləcə də ifşa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Mənbə:> AzərTAc