XİN: ermənilər Qarabağ muzeylərində olan kolleksiyalarımızı satışa çıxarıb...
Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü nəticəsində Azərbaycanın tarixi və mədəni irsinin dağıdılması və təhqir olunması ilə bağlı hesabatını yeniləyib.
Virtualaz.org nazirliyə istinadən bildirir ki, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü nəticəsində Azərbaycanın tarixi və mədəni irsinin dağıdılması və təhqir olunması” haqqında hesabat həm də Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanın YUNESKO-nun Baş Assamlyeasının 38-ci sessiyasında yalan və təhriflərə əsaslanan çıxışına cavabdır.
Hesabatda qeyd olunur ki, Ermənistan 1987-ci ilin sonlarından etibarən açıq şəkildə Azərbaycanın Dağlıq Qarabağ regionu ərazilərinə iddia edib və 230 minə qədər azərbaycanlı Ermənistandakı evlərindən zorla çıxardılıb. Bildirilir ki, 1987-1989-cu illər ərzində Ermənistanda, qadın, uşaq və ahıllar da daxil olmaqla, 216 azərbaycanlı öldürülüb: “1991-ci ilin sonlarında Sovet İttifaqının süqutundan və Ermənistan və Azərbaycanın beynəlxalq aləmdə müstəqilliyinin tanınmasından az sonra Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi əməliyyatlar başlayaraq güc tətbiq etməklə Dağlıq Qarabağ və ona bitişik yeddi rayon işğal edilib".
Hesabatda deyilir ki, Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonun, eləcə də Dağlıq Qarabağ regionundan uzaqda, Ermənistanla sərhəddə yerləşən Qazax rayonunun yeddi kəndi və Naxçıvanın Kərki kəndinin 738 tarixi abidə, 83500-dən çox eksponatla 28 muzey, 4 şəkil qalereyası, 14 xatirə kompleksi və 1107 mədəni müəssisədən ibarət 1891 ədəd mədəni resursla işğal olunması Azərbaycan üçün böyük mədəni itkiyə gətirib çıxarıb:
“Həmin ərazilərdə milli əhəmiyyət kəsb edən tarixi abidələrə VI əsrin Alban Ağoğlan monastırı, Laçında XIV əsrin Məlik Əjdər türbəsi, Xocavənddə IV əsrin Alban Amaras monastırı və əhəmiyyətli sayda Alban məbədləri, XVIII əsrin Əsgəran qalası, Xocalıda XIV əsrin türbələri və tarixi Orta əsrlərə gedib çıxan bir sıra Alban məbədləri, VI əsrin Alban Müqəddəs Yakob və XIII əsrin Alban Xatirəvəng monastırları, Kəlbəcərdə XIII-XIV əsrlərin Lek qalası, Qazaxda V-VIII əsrlərin Alban monastırı, Füzulidə XIII-XIV əsrlərin Mirəli türbəsi və XVII əsrin karvansarayı, Zəngilanda XIV əsrin türbəsi, Cəbrayılda XVII əsrin məscid kompleksi, Şuşada XVII-XIX əsrlərin Yuxarı və Aşağı Gövhərağa və Saatlı məscidləri, karvansarayları və evləri, Ağdamda XIX əsrin məscidi, Qaraköpəktəpə, Xantəpə, Günəştəpə, Uzuntəpə, Meynətəpə və Zərgərtəpə kimi arxeoloji yerləri, Füzulidə Neolit və Bürünc dövrlərinin yaşayış əraziləri, Bürünc dövrünün Çıraqtəpə və Qaraqhacı kimi yaşayış əraziləri, Ağdamda Orta dövrün Gavurqala yaşayış ərazisi, 5 Cəbrayılda Bürünc dövrünün İmanqazantəpə və Qışlaq qum təpələri, Kəlbəcərdə Bürünc dövrünün qaya rəsmləri, Xocalıda Bürünc və Dəmir dövrlərinin daş nekropolu, Sədərəkdə Bürünc dövrünün yaşayış sahəsi və nekropolu, Laçında Bürünc və Dəmir dövrlərinin qum təpələri, Daş dövrünün mağarası, Şuşada Bürünc və Dəmir dövrlərinin qum və daş qəbiristanlıqları, Zəngilanda XIII-XIV əsrlərin yaşayış ərazisi daxildir. Azərbaycanın işğal edilmiş ərazilərində dünya əhəmiyyətli abidələrə Cəbrayılda orta əsrlərə aid 11 və 15 tağlı Xudafərin körpüləri və Tunc dövrünə aid Niftalı kurqanları, Kəlbəcərdə orta əsrlərə aid Gəncəsər və Xudavanq monastırları, Ağdamda XIV əsrə aid Qutlu Musa oğlu türbəsi və Tunc dövrünə aid Üzərliktəpə yaşayış massivi, Xocavənddə Paleolit dövrünə aid Azıx və Tağlar mağarası və Xocalıda Tunc və Dəmir dövrünə aid kurqanlar daxildir”.
Sənəddə bildirilir ki, 1992-ci ilin mayındakı hərbi əməliyyatlardan dərhal sonra Şuşa şəhərində mədrəsələri ilə birgə Yuxarı və Aşağı Gövhərağa məscidi, Vaqif Mavzoleyi, Natavanın evi, karvansaray kimi arxeoloji abidələr dağıdılıb, yandırılıb və talan edilib: “Digər şəhərlər üzrə, Ağdamın Əbdal və Gülablı kəndlərində “Pənah xan İmarəti” məscidlər kompleksi, Ağdam rayonunda Uğurlu bəy məzarlığı və Qurban Pirimovun evmuzeyi, Xocalıda XIV əsrə aid kurqanlar, Başlıbel və Otaqlı kəndlərində məscidlər, Kəlbəcərin Moz, Keşdağ və Yuxarı Ayrım kəndlərində qədim məzarlıqlar, Zəngilanın Qıraq Muşlan, Malatkeşin, Babaylı və İkinci Ağalı kəndlərində məscidlər, Zəngilanın Babaylı və Şərifan, Cahangirbəyli kəndlərində orta əsr məzarlıqları, Qubadlı rayonunda Qayalı və Məmər kəndlərində qədim məzarlıqlar və məscid, Laçının Qarıqışlaq kəndində məscid və Zabux kəndində qədim məzarlıq, Cəbrayılın Çələbilər kəndində məscid kompleksi və Xubyarlı kəndində qədim məzarlıq, Füzuli şəhərində məscidlər və Qoçəhmədli, Mərdmli, Qarğabazar kəndlərində, Xocavəndin məzarlıqları, Ağhullu, Kuropatkina, Düdükçü və Salakatin kəndləri və Xocavəndin Tuğ kəndində qədim məzarlıq, Tərtərin Ümüdlü kəndində qədim hamamlar, Sədərəkin Kərki kəndində məzarlıq dağıdılıb, yandırılıb və talan edilib”.
Hesabata əsasən, Kəlbəcər rayonunda qədim sikkələr, qızıl və gümüş işləmələr, nadir və qiymətsiz daşlar, xalça və digər əl işlərindən ibarət unikal kolleksiyaya malik Tarix Muzeyi, Şuşa muzeyləri, Laçın Tarix Muzeyi, Ağdam Tarix və Qida Muzeyindəki sərgi nümunələri digər dövlətlərdə satışa çıxarılıb: “Şairə Natəvan, bəstəkar Üzeyir Hacıbəyovun və ifaçı Bülbülün tunc heykəlləri Azərbaycan hökumətinin onları 500 min dollar qiymətinə almayacağı təqdirdə, Gürcüstanda metal parçası kimi satılacaqdı. Həmçinin Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda Sotheby`s auksionunda 80 min dollara satılıb”.
Həmçinin hesabatda Ermənistanda olan Azərbaycan tarixi abidələrinin də eyni aqibəti yaşadığı bildirilir:
“Azərbaycanın orta əsr şəhərlərindən biri İrəvandakı (hazırda Yerevan) Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdiriməsi məqsədilə “yenidən təmir edilib.
Dağıdılmış arxitektur abidələri arasında XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi və Səfəvi və Qacar dövrünün qiymətli saray arxitektura nümunəsi olan “Sərdar sarayı” və ya “Xan sarayı” saraylar kompleksidir. İrəvanın Sərdar məscidi (bəzən Abbas Mirzə məscidi adlandırılır) də sistemli dağıntıya məruz qalmış və 2014-cü ildə tamamilə məhv edilib.
Ermənistanda Cəfərabad (ad Argavand adı ilə dəyişdirlib) kəndində 1413-cü ildə tikilmiş Əmir Saad mavzoleyi də dağıdılmış abidələr sırasındadır. Mavzoleyin Azərbaycana məxsusluğu əlamətinin aradan 8 qaldırılması üçün üzərində ərəb dilində yazılmış “Pir Budaq xanın hakimiyyəti dövründə Əmir Pir Hüseynin əmri ilə tikilmişdir” sözləri silinərək, abidənin adı “Türkmən Əmirləri ailəsinin mavzoleyi” adlandırılıb.
Həmçinin, Ermənistanda olan qədim və yeni Azərbaycana məxsus qəbirstanlıqlar məhv edilib. İşğal edilmiş ərazilərdə olduğu kimi, Azərbaycanın Ermənistanda olan tarixi yerlərində toponimlərin orijinal xarakteri dəyişdirilib”.
Mənbə:> Virtualaz.org