İlham Əliyev: Seçkilərin yüksək standartlara cavab verməsi üçün islahatlar aparılıb
Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovu qəbul edib.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, İ. Umaxanov Azərbaycanda parlament seçkilərinin mükəmməl və ən yüksək beynəlxalq standartlara uyğun şəkildə təşkil olunması münasibətilə dövlət başçısını təbrik edib.
On beş seçki məntəqəsində apardıqları müşahidələr zamanı seçicilərin çox yaxşı əhval-ruhiyyəsinin şahidi olduqlarını vurğulayan İ. Umaxanov seçkilərin gedişini izləməkdən ötrü müxtəlif siyasi partiyalar və beynəlxalq müşahidəçilər üçün bütün lazımi imkanların yaradıldığını qeyd edib.
O həmçinin xarici ölkələrdən gəlmiş həmkarları ilə seçki prosesinin təşkili sahəsində Azərbaycanın təcrübəsindən istifadə edilməsi barədə fikir mübadiləsi apardıqlarını da bildirib.
Dövlət başçısı İ. Umaxanovun başçılıq etdiyi missiyanın Azərbaycanda seçkilərin gedişini izləmək üçün fəal şəkildə iştirak etməsindən məmnunluğunu ifadə edib.
Beynəlxalq müşahidəçilərin bütün seçki məntəqələrində müşahidələr aparmaları üçün ölkədə lazımi şəraitin yaradıldığını vurğulayan prezident İlham Əliyev Azərbaycanda seçki prosesinin maksimum şəffaf, keyfiyyətli və ən yüksək standartlara cavab verməsi üçün mühüm islahatların aparıldığını deyib.
Dövlət başçısı beynəlxalq müşahidəçilərdən ibarət böyük nümayəndə heyətlərinin, beynəlxalq təşkilatların, minlərlə yerli müşahidəçinin seçki prosesini izlədiyini, “exit-pol”ların keçirildiyini, seçki məntəqələrində veb-kameraların quraşdırıldığını vurğulayaraq seçkinin daha mükəmməl şəkildə həyata keçirilməsi üçün böyük işlər görüldüyünü bildirib.
Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra daha da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub.
Mənbə:> Oxu.Az