Günel Mövludun ata-anası ondan imtina etdi
"Oğlanlarımın ikisi də əli qabarlı fəhlədir, onlar heç vaxt siyasətə qarışmayıblar".
Bunu jurnalist Günel Mövludun anası Şövkət Şəfiyeva bildirib.
BBC-y danışan Şövkət Şəfiyeva deyib ki, oğlanları qızı Günel Mövludun "Meydan" TV ilə əməkdaşlıq etməsinə görə həbs olunub, buna görə də qızından imtina edir.
"Qızım "Meydan" TV-dən imtina etmirsə, mən də ondan imtina edirəm" - Şövkət Şəfiyeva deyib və prezidentin siyasətini dəstəklədiyini bəyan edib.
"1993-cü ildən Cəbrayıldan çıxandan sonra imkansızlığa görə oğlanlarımı oxutdura bilmədim. Ona görə indi fəhləlik edib ailələrini dolandırılar. Onların narkotiklə işləri ola bilməz. Bu həbslər siyasidir" - o deyib.
Xanım Şəfiyeva hələ də oğlanları ilə görüşə bilmədiklərini də qeyd edib: "Vəkillər dedi, bu həftə görüşə bilməyəcəyik".
"Meydan" TV ilə əməkdaşlıq edən jurnalist Günel Mövludun qardaşları Raci və Vəkil İmanovlar oktyabrın 13-də polis orqanlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən müvafiq tədbirlər nəticəsində saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyi məlumat verib.
Nazirliyin məlumatına görə, baxış zamanı onlardan narkotik vasitə olan marixuana götürülüb. Onlar 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Günel Mövlud da qardaşlarının həbsini "Meydan" TV-dəki fəaliyyəti ilə əlaqələndirib, amma o, bu fəaliyyətini dayandırmayacağını da bildirib.
Günel Mövludun atası daha öncə qızından imtina etməyəvəyini desə də artıq bu məsələdə Şövkət xanıma qoşulduğunu deyib.
Son aylarda "Meydan" TV ilə əməkdaşlıq edən bir neçə jurnalist Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə və DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq dindiriliblər.
Avqustun əvvəlində "Meydan" TV-nin rəhbəri Emin Millinin qohumları prezident İlham Əliyevə müraciət edərək ondan imtina etdiklərini bildiriblər.
Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov jurnalistlərin saxlanılması ilə bağlı açıqlama verərək bu addımların "onları öz fəaliyyətlərini Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydalarına uyğun qurmağa dəvət etmək məqsədi daşıdığını" deyib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, "Meydan" TV Azərbaycanda fəaliyyət göstərmək üçün qeydiyyatdan keçməyib.
Mənbə:> Virtualaz.org