Yuşşenko Putinin Qarabağ planları haqda: "Bu, ona lazım deyil” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Yuşşenko Putinin Qarabağ planları haqda: "Bu, ona lazım deyil”

Yuşşenko Putinin Qarabağ planları haqda: "Bu, ona lazım deyil”


Ukraynanın üçüncü prezidenti, “narıncı inqilab” dalğasında hakimiyyətə gələrək ölkəsini 5 il (2005-2010) idarə edən Viktor Andreyeviç Yuşşenko bu gün siyasi fəaliyyətlə məşğul deyil. O, Çin və Uzaq Şərqdə bizneslə məşğuldur.

Bununla belə siyasətçilərlə təmaslarını kəsməyən V.Yuşşenko siyasi mühitdən tam uzaqlaşmayıb. Ukraynada və dünyada gedən geosiyasi prosesləri izləyir.

V.Yuşşenko virtualaz.org saytının müxbiri ilə söhbətində müasir dövrün bir sıra problmlərinə dair sualları cavablandırıb.

-Bu gün dünyada qaynar geosiyasi proseslər gedir. Rusiya Suriyada əməliyyatlara başladı. Sizcə, Putinin burada hansı məqsədləri var?

-Görünür, bu, Putinin yeni avantürasıdır. Putin həmişə özünü “krutoy” oğlan kimi göstərə biləcəyi zəif nöqtələr axtarır. Putin Ukraynada işlərinin alınmadığını və burada müharibənin davam etdirilməsinin onun hakimiyyətini sarsıdıb laxlada biləcəyini görəndə üzünü Suriyaya tutdu. Lakin mən belə düşünürəm ki, o, Suriyada da uğur qazana bilməyəcək.

-Bir müddət öncə Parisdə “Normand dördlüyü” ölkələrinin liderləri Donbasda sülhə dair razılığa gəldilər. Orada uzunmüddətli sülh nə dərəcədə mümkündür?

-Putinə Minsk sazişi lazımdır. Putin bu sazişin köməyi ilə münaqişəni dondurmağa çalışır ki, Qarabağ, Abxaziya, Dnestryanı və s. bu kimi bölgələrdə olduğu kimi Donbasdakı gərginlik də illər uzunu davam eləsin. Sizi əmin edirəm ki, bir müddətdən sonra Donbas da eynilə həmin münaqişə zonalarının gününə düşəcək. Putinə də elə bu lazımdır ki, Ukraynadakı sabitliyi sarsıtsın və Kiyevə təzyiq göstərsin. Rusiya prezidenti çox tezliklə Minsk sazişindən istifadə edərək Donbasda müəyyən hakimiyyət “qolları” yaradıb onu Moskvanın nəzarətində saxlayacaq, bununla da Kiyevə təzyiq göstərəcək.

Ukraynaya təcavüz Putindən ötrü yeni ərazilər uğrunda müharibə demək deyil. Putinə nə Qarabağ, nə də Krım lazım deyil. Donbas isə heç lazım deyil. Bu müharibənin sırf və müstəsna bir səbəbi var, o da geosiyasi mülahizələrdir. Putin geosiyasi mərkəz formalaşdırmaq istəyir. Bu mərkəz Moskva olmalıdır. Lakin Rusiyanın iqtisadi vəziyyəti ona bu istiqamətdə fəallıq göstərməyə imkan vermir. Məncə, Ukrayna üzərində nəzarət müstəmləkəçi kimi düşünməyən əksər rusiyalıların milli özünəinam hissini gücləndirir. Onlar getdikcə daha çox inanmağa başlayırlar ki, Rusiya dirçəlir, geosiyasi oyunçuya çevrilir və buna görə də bütün dünyaya təsir göstərə bilər. Avropada da əsasən belə düşünürlər. Ona görə də bugünkü Putin Rusiyasının öhdəsindən gəlmək o qədər də asan məsələ deyil. Və bu, təkcə hərbi güc amilinə görə belə deyil.

-Rusiyada hələ də israrla deyirlər ki, həm “narıncı inqilab”, həm də sonuncu inqilab ABŞ tərəfindən təşkil olunub...

-Putin xalqın küçələrə necə çıxa və hakimiyyətlərə qırmızı vərəqə göstərə bildiyini anlaya bilmir. Bu, onun üçün dəhşətdir. Ona görə də Putin hər cür inqilabdan, illah da ki, Ukraynadakı inqilablardan dəhşətli dərəcədə qorxur, panikaya düşür. Bu üzdən də o, şüurlu şəkildə, bilərəkdən belə bir mif yaratmağa çalışır ki, bütün inqilablar xaricdən təşviq və təhrik olunur. Əgər insanlar özləri bunu istəməsələr, heç bir başqa dövlət, heç bir səfirlik milyonlarla adamı küçələrə çıxara bilməz.

Putin iki şeydən qorxur - beynəlxalq reaksiyadan və öz xalqının reaksiyasından. Əgər Ukrayna bundan sonra uğur qazansa, bu, rusiyalılar üçün pis nümunə olacaq. Ona görə də Putin var gücü ilə çalışıb Ukraynanın inkişafına mane olacaq və Rusiya xalqına özünün əzəməti barədəki nağıllar danışmaqda davam edəcək. Putin imperiyanı yeni şəkildə bərpa etmək, yeni SSRİ qurmaq istəyir. Bu, başqalarına zorla qəbul etdirilən fanatik plandır. Belə görünür ki, o, bunun nəticələri barədə düşünmür.

-Pyotr Poroşenko hakimiyyətə gələndən sonra belə təəssürat yaranıb ki, o, Ukrayna-Azərbaycan münasibətləri məsələsini arxa plana sıxışdırıb. Sizə də belə gəlirmi?

-Yəqin bilirsiniz ki, mən hakimiyyətə gələndən sonra Ukraynanın MDB ölkələri ilə ikitərəfli münasibətlərini prioritet məsələ elan etmişdim. Əlbəttə, Azərbaycan bu siyasətdə ən ön planda idi. Azərbaycanda bir neçə dəfə olmuşam, sizin prezidentlə çox gözəl əməkdaşlığımız, birgə fəaliyyətimiz vardı.

Azərbaycan Qafqazın incisidir və mən sizin ölkəni çox sevirəm. Mənim prezident olduğum illərdə biz iqtisadiyyat, xüsusilə də energetika sahəsində xeyli layihələri həyata keçirə bildik ki, bu da münasibətlərimizi daha da möhkəmləndirdi.

Əlbəttə, əgər Poroşenko Qafqaz regionu ilə əlaqələri inkişaf etdirmək istəyirsə, ilk növbədə Azərbaycanla əlaqələri sıxlaşdırmalıdır. Ukrayna özü üçün vacib olan layihələri məhz Azərbaycanla əməkdaşlıq şəraitində həyata keçirə bilər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *