Ekspert: ATAK helikopterlərinin Azərbaycana satışına mane olan amillər var » AzNews.info -Xəbər portalı

Ekspert: ATAK helikopterlərinin Azərbaycana satışına mane olan amillər var

Ekspert: ATAK helikopterlərinin Azərbaycana satışına mane olan amillər var


Azərbaycanın Türkiyədən 60 ədəd T-129 ATAK zərbə helikopteri alması barədə Türkiyə KİV-lərində yenidən gündəmə gələn xəbər doğru deyil. Qeyd edim ki, bu xəbər hələ bir neçə il əvvəl də gündəmə gəlmişdi.

Belə ki, ATAK-ın istehsalçısı olan TAİ şirkətinin rəsmilərindən biri yerli mediaya açıqlamasında ad çəkmədən “bir dost, qardaş ölkədə” 60 ədəd helikopterin satın alınması tenderinə qatıldıqlarını və son seçimə qaldıqlarını bəyan etmişdi. Burada söhbət Cənubi Koreyadan gedirdi, hansı ki, həqiqətən də ATAK o ölkənin tenderində amerikalı rəqibi “Apaçi” helikopteri ilə son etapa daxil olub mübarizə aparırdı.

Bu barədə Oxu.Az-a hərbi jurnalist, “Azeridefence” portalının rəhbəri Rəşad Süleymanov bildirib.

Ekspertin sözlərinə görə, həmin vaxtlar Türkiyə mediası da bu “dost, qardaş ölkə”ni Azərbaycan zənn edərək bu xəbəri dövriyəyə buraxmışdı.

“Azərbaycan gerçəkdən T-129 ATAK helikopteri ilə yaxından maraqlanır. Helikopterin Prezident İlham Əliyevə, müdafiə naziri Zakir Həsənova, DSX rəisi Elçin Quliyevə həm sərgilərdə, həm də şirkətin özündə əyani təqdimatları olub. Onu da qeyd edim ki, hələ ATAK layihəsi başlandığında Türkiyə tərəfi Azərbaycana bu layihədə sıfırdan iştirakı və birgə istehsal təklifini vermişdi.

Belə olan təqdirdə həm satın alınan helikopterin qiyməti ucuz olardı, həm də helikopter Azərbaycanın istəyinə uyğun konfiqurasiya edilə bilərdi. Bildiyim qədər hazırkı şəraitdə bu helikopterin Azərbaycana satışına mane olan bir neçə amil var. Bunlardan birincisi helikopterin Avropada istehsalı olan mühərriklə təchiz olunmasıdır.

Digər tərəfdən, helikopterin içində müəyyən detalların Avropa və Amerikada istehsal edilməsidir ki, bunların Azərbaycana satışı zamanı bəzi icazələrin alınması gərəkdir. Və burada ən mühüm məsələlərdən biri də hələ T-129 ATAK helikopterinin seriyalı istehsalının başlanmamasıdır. İndiyədək yalnız 9 helikopterdən ibarət sınaq partiya Türkiyə Silahlı Qüvvələrinə verilib”, - deyə, R.Süleymanov bildirib.

Ekspert qeyd edib ki, onda olan informasiyalara görə, hazırda TAİ tərəfindən Azərbaycanla ATAK mövzusunda heç bir danışıqlar aparılmır.

“Hətta qeyd olunan səbəblərdən, yaxın perspektivdə satışın həyata keçirilməyəcəyi nəzərə alınaraq ATAK-ın Azərbaycanda testi və nümayişi də təxirə salındı. Digər tərəfdən, bir ildir böyük satınalma proqramlarını donduran Azərbaycanın 3 milyard dollarlıq sifariş verməsi mümkünsüz görünür”, - deyə, “Azeridefence”nin rəhbəri vurğulayıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *