İlham Əliyev səfiri yola saldı
Azərbaycan prezidenti İlham Əliyev Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
AzNews.info dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, ölkəmizdən və xalqımızdan xoş təəssüratla ayrıldığını deyən səfir P. Mönye gələcək fəaliyyəti dövründə də əlaqələrimizin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Səfir prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi sayəsində Fransa ilə Azərbaycan arasında əlaqələrin daha da gücləndirildiyini vurğulayıb.
P. Mönyenin Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin inkişafına verdiyi töhfəni qeyd edən dövlət başçısı onun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əməkdaşlığımızın yüksək səviyyəyə qalxdığını deyib. İkitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və eləcə də Heydər Əliyev Fondunun bu istiqamətdəki fəaliyyətinin önəmini vurğulayan prezident İlham Əliyev əlaqələrimizin geniş sahələri əhatə etməsindən və əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən enerji, texnologiya, biznes, mədəniyyət və digər sahələrdə strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluğunu ifadə edib.
Dövlət başçısı səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Mənbə:> AzNews.info