“Azərbaycan” ABŞ-ı ikiüzlü siyasət aparmaqda ittiham etdi
Rəsmi “Azərbaycan” qəzetində “ABŞ-ın ikiüzlü siyasəti və Azərbaycanın yeni xarici siyasət vektorları” adlı məqalə dərc olunub.
Oxu.Az həmin məqaləni təqdim edir:
Amerikanın xarici siyasətində ikiüzlülük faktoru
“İkiüzlülük - Vaşinqtonun “yumşaq güc” siyasətinin, digər ölkələri öz hərəkətlərinin legitimliyinə inandırmaq bacarığının mühüm tərkib hissəsidir. Bununla yanaşı, amerikalıların yalnız kiçik bir hissəsi siyasətdə ikiüzlülüyün rolunu anlayır. Liberallar digər ölkələrin Amerika ideallarının cəlbediciliyinə və ABŞ-ın rəhbərliyi altında beynəlxalq münasibətlər sisteminin ədalətliliyinə inanmağa meyilli olduğunu düşünürlər. Realistlər isə hesab edirlər ki, yüksək ideallar deyil, yalnız soyuq və sərt güc digər ölkələri Amerika ilə tərəfdaşlıq əlaqələri qurmağa vadar edir.
Əlbəttə, Amerika dünya siyasətində yeganə ikiüzlü deyil. Ancaq onun ikiüzlülüyü yalnız bircə və çox sadə səbəbdən daha uzağa gedən nəticələrə gətirib çıxarır: bu gün dünyanın böyük hissəsi onun yaratdığı nizam çərçivəsində yaşayır”. Çorc Vaşinqton Universitetinin əməkdaşları - professor Marta Finnemor və dosent Henri Farrel “İkiüzlülüyün iflası. Amerikanın xarici siyasəti sızmalar əsrində” adlı məqalədə bugünkü ABŞ rəhbərliyinin həyata keçirdiyi daxili və xarici siyasətin hansı səbəbdən dünyada etimadsızlıq doğurduğunu təhlil ediblər.
Müəlliflər hesab edirlər ki, hələ WikiLeaks-ın təsisçisi Culian Assanc və ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudendən qabaq da ekspertlərin əksəriyyəti ABŞ-ın digər ölkələrə, hətta Avropadakı müttəfiqlərinə qarşı qeyri-səmimi davrandığından şübhələnirdilər.
Məsələn, şübhə yox idi ki, ABŞ-ın xüsusi xidmət orqanları Çinə qarşı kiberhücumlar təşkil edir, Avropa təsisatlarının ofislərini dinləyir, qlobal şəbəkənin dərin monitorinqini həyata keçirir, internetdə həm dövlət, həm də şəxsi yazışmaları nəzarətdə saxlayır.
Amerikalılar hətta Böyük Britaniya kimi yaxın müttəfiqinin informasiyaları kodlaşdırma sistemlərini sındıraraq məxfi məlumatlara çıxış əldə etmişdilər. Snouden və Assancın fəaliyyəti və açıqlamalarından sonra isə bu ikili oyun konkret faktlar əsasında öz təsdiqini tapdı.
Hesab olunur ki, ABŞ Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Beynəlxalq Bank, Beynəlxalq Valyuta Fondu, Ümumdünya Ticarət Təşkilatı, böyük QHT və media şəbəkəsi vasitəsilə öz siyasətinə və onun nəticələrinə - müharibələrə, iqtisadi böhrana və digər bu kimi məsələlərə bəraət və legitimlik qazandırmağa çalışır: “Bu sistemlərin çarxlarının normal fırlanması üçün onun ikiüzlülüklə yağlanması lazımdır. Beynəlxalq ictimaiyyət qarşısında hazırkı dünya nizamının legitimliyini qoruyub saxlamaq üçün, rəsmi şəxslər daim onun liberal prinsiplərini təbliğ etməli və həmin prinsiplərə sadiq olduqlarını göstərməlidirlər.
Birləşmiş Ştatlar öz hegemonluğunu istisna olaraq güclə sırıya bilmir. Ancaq son sızmalar da göstərdi ki, Vaşinqton hər künc-bucaqda car çəkdiyi dəyərlərə belə sadiq qalmağı bacarmır. Bu uyğunsuzluq digər ölkələrin ABŞ-ın rəhbərlik etdiyi nizamın qeyri-legitim olması qərarına gəlməsi təhlükəsi yaradır”. Həqiqətən də sözdə və əməldə uyğunsuzluğun belə açıq şəkildə ifşa olunması ABŞ-ın hegemonluğu və ümumilikdə Qərbin siyasəti və dəyərləri üçün çox böyük, hətta sarsıdıcı zərbədir.
Bu ikiüzlülük özünü nədə göstərir?
Barak Obama islamla ekstremizm arasında necə “sərhəd” çəkdi?
ABŞ uzun illərdir nüvə silahının yayılmaması prinsipini təbliğ edir, hətta bir sıra ölkələri nüvə ambisiyasından çəkindirir. Bununla yanaşı, çox asanca İsrailin nüvə statusunu qəbul edib, 2004-cü ildə isə müqavilə imzalayaraq Hindistanın dinc nüvə hüququnu tanıyıb. Baxmayaraq ki, Hindistan müqaviləni pozaraq nüvə silahı əldə etdi və hazırda öz potensialını daha da genişləndirir. İranla bağlı məsələdə isə Amerika tam fərqli mövqe tutdu, bu ölkəyə qarşı sanksiyalar tətbiq etdi və ciddi-cəhdlə Tehranı nüvə ambisiyasından çəkindirməyə çalışdı. Ola bilər ki, Vaşinqtonun İraqda, Suriyada, Əfqanıstanda, ərəb dünyasında düşdüyü bataqlıq onu İrana qarşı güc tətbiqindən çəkindirdi və bir masa arxasında oturub razılığa gəlməyə məcbur etdi.
2009-cu ildə Misirə səfəri çərçivəsində Qahirə Universitetində çıxış edən Barak Obama müsəlman dünyasına müraciət edərək bildirmişdi ki, “islam” və “ekstremizm” anlayışları arasında dəqiq sərhəd qoyur. Onun sözlərinə görə, “ABŞ heç vaxt islamla mübarizə aparmayıb və aparmayacaq”.
Obama həm də islam dünyası ilə ABŞ arasında yeni eranın başlandığını elan etdi. Bu sözlərin nə dərəcədə qeyri-səmimi olduğunu anlamaq üçün uzağa getmək lazım deyil, Əfqanıstanın, Misirin, Suriyanın, İraqın, Yəmənin və digər ərəb ölkələrinin hazırkı vəziyyətinə - qanlı toqquşmaları, milli iqtisadiyyatların çökməsini, sosial fəlakəti, qaçqın axınını xatırlamaq kifayətdir.
Mövcud reallıq göstərir ki, cənab Obama islam dünyası ilə yeni eranın başlandığını deyəndə, müsəlman aləminin mövcud modelini dağıtmaq, digər ölkələri də xaos və anarxiyaya sürükləmək planına start vermişdi.
Sovet İttifaqının dağılmasından sonra ABŞ və Qərb dövlətləri islam dünyasına və müsəlman ölkələrinə qarşı açıq düşmən münasibəti göstərməyə başlayıb, terrorla mübarizə və demokratik standartların tətbiqi adı altında onların daxili işlərinə müdaxilələri gücləndirib. Qərbin əl uzatdığı ölkələr xaos, vətəndaş müharibəsi, iqtisadiyyatın dağılması, ərazi bütövlüyünün sual altına düşməsi faktları ilə üz-üzə qalıblar.
Avropa İttifaqı ilə yaxın qonşuluq haqda ilk saziş imzalamış ölkələrdən olan Mərakeş “ərəb baharı” təhlükəsi yaşayıb, ölkənin bərbər azlığı açıq şəkildə Avropa tərəfindən separatizmə təşviq edilib. İndiyədək Qərb və onun nəzarətindəki beynəlxalq strukturlar Mərakeşin Qərbi Böyük Səhra üzərində tarixi suveren hüquqlarını tanımır, bu regionun təmsilçisi kimi separatçı qurum qəbul edirlər.
Qərblə sıx əlaqələr Əlcəzair üçün üçüncü onillikdir gah latent, gah da qızğın şəkildə davam edən vətəndaş müharibəsi, Tunis üçün isə daxili münaqişə və xaosla nəticələnib. Eyni hal Liviya, Suriya, Livan, İraq və Misirdə də yaşanır. Bu ölkələrin hər biri dini, etnik zəmində ərazi bütövlüyünün parçalanması təhdidi ilə qarşılaşıblar.
Avropa İttifaqı Türkiyə ilə müəyyən əməkdaşlıq və müzakirələr aparır, lakin indiyədək bu qurum Türkiyəni öz sıralarına qəbul etmir. NATO-ya üzvlük, vaxtilə antisosialist cəbhənin avanqard ölkəsi olmaq, ABŞ-la sıx siyasi-hərbi-iqtisadi münasibətlər belə Türkiyəni heç bir təhdiddən sığortalamayıb, ölkə çoxmilyonluq qaçqın böhranı, Avropadan dəstək görən etnik separatizm faktı ilə baş-başa buraxılıb.
Avropa İttifaqına inteqrasiya siyasətindən əvvəl Türkiyənin yalnız “erməni soyqırımı” və Yunanıstanla “əhali mübadiləsi” problemi var idisə, indi ölkə “aysor və Pontus soyqırımları”, separatçılıq, hətta ələvi-nüseyri problemi qazanıb. Nəticədə Türkiyədə Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaq, Çin və Rusiya ilə hərbi-siyasi ittifaq yaratmaq haqda müzakirələr intensivləşib. Hətta Cənub-Şərqi Asiyada yerləşən müsəlman ölkələri Malayziya və İndoneziya belə “parçala hökm sür” siyasətindən qurtula bilməyib.
Malayziya hələ 1960-cı illərdə Sinqapurun müstəqilliyini tanımağa, İndoneziya isə XXl əsrə Şərqi Timor problemi ilə qədəm qoymağa məcbur edilib. Bu ölkələrdə indi Sabax-Saravak, Açex kimi separatizm ocaqları hələ də qalır. Ekspertlərin fikrincə, bütün bunlarda Qərbin məqsədi müsəlman ölkələrinin müstəqil inkişafının qarşısını almaq, onları daxili qarşıdurmalara sövq etmək, yerüstü və yeraltı sərvətlərini nəzarətdə saxlamaqdır.
Demokratik seleksiya: ABŞ, Avropa və qalan dünya
ABŞ rəsmiləri demokratiya haqqında çox dəyərli və təqdirəlayiq fikirlər səsləndirir, lakin Amerikanı və bir sıra inkişaf etmiş Qərb dövlətlərini oyundan kənarda saxlamaqla demokratiya standartlarını yalnız maraq kəsb edən ölkələrdə axtarırlar. Ferqyusonda və Baltimorda qaradərili vətəndaşların polislər tərəfindən güllələnməsindən sonra geniş vüsət almış kütləvi etirazlar zamanı dinc etirazçılara, jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı güc və qeyri-qanuni sanksiyalar tətbiq olundu. Jurnalistlər haqlı olaraq ABŞ hakimiyyətinə qarşı ciddi ittihamlar irəli sürərək mövcud halın nə dərəcədə ABŞ-ın bəyan etdiyi prinsiplərə uyğun olması ilə maraqlandılar.
“Assoşeyted Press” Agentliyinin əməkdaşı Mettyu Linin bu barədə sualına ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf olduqca “orijinal” cavab verdi: “ABŞ-ın Ferqyuson şəhərində kütləvi etirazları digər ölkələrdəki hüquq-müdafiə kolliziyaları ilə müqayisə etmək olmaz”. Yəni, Ferqyuson hadisələri ABŞ-ın daxili işidir.
Nəticə etibarilə ABŞ öz daxilində antidemokratik meyillərin geniş vüsət alması problemini deyil, digər ölkələrdə baş verən halları müzakirə etmək istəyir. Məsələn, Azərbaycanda Ann.az saytının əməkdaşının öldürülməsi ilə bağlı Dövlət Departamentinin nümayəndəsi çıxış edərək rəsmi Bakını məsələni tam araşdırmağa və günahkarları cəzalandırmağa çağırdı. Avropa Şurasının Baş katibi Torbyorn Yaqland daha uzağa gedərək məsələni siyasiləşdirdi və Rasim Əliyevi Amerikanın Azərbaycandakı səfirliyinin patronajlığı altında fəaliyyət göstərən Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun sədri kimi qələmə verdi.
Avropa Parlamenti isə yalanın rekorduna imza ataraq öz qətnaməsində bəyan etdi ki, “RATİ” sədri, jurnalist Rasim Əliyev sosial mediada Azərbaycan hakimiyyətini tənqid edib, ardıcıl hədə-qorxu ilə üzləşib, sonra isə qəddarcasına döyülüb və xəstəxanada keçinib”.
Baxmayaraq ki, hadisə baş verdikdən dərhal sonra Azərbaycan Prezidenti onu öz nəzarətinə götürdü, məsələnin hüquq-mühafizə orqanları tərəfindən hərtərəfli araşdırılması üçün lazımi tədbirlər həyata keçirildi, bütün günahkarlar həbs edildi.
Azərbaycanda hamı bilir ki, bu, şəxsi zəmində törədilmiş cinayətdir və cinayətkarların layiqli cəzasını alacağına heç kimin şübhəsi yoxdur. Buna görə də Avropa Şurasının Baş katibinin bəyanatında, Avropa Parlamentinin sənədində bu dərəcədə ağ yalanın əks olunması, əlbəttə, sarsıdıcı haldır.
Ancaq nədənsə, avqustun 26-da ABŞ-ın WDBJ7 telekanalının reportyoru 24 yaşlı Elison Parker və 27 yaşlı fotoqrafı Adam Uordun qətli “şəxsi zəmində” baş vermiş hadisə kimi səciyyələndirildi. Bir çox beynəlxalq QHT-lər isə, ümumiyyətlə, bu mövzuya toxunmadılar. Baxmayaraq ki, 2010-cu ildən etibarən Elison Parker və Adam Uord da daxil olmaqla öldürülən ABŞ jurnalistlərinin sayı artıq 8-ə çatıb. Sual olunur, nəyə görə bir ölkədə baş verən hadisə siyasiləşdirilir, digər ölkədə baş vermiş analoji hadisə isə adi cinayət kimi xarakterizə edilir? Cavab birdir: çünki cinayətin biri ABŞ-da, digəri isə Azərbaycanda törədilib!
İşgəncələri qanuniləşdirmək üçün Obamanın 10 addımı
Digər tərəfdən, ABŞ ayrı-ayrı ölkələrdə baş verən hadisələrə də selektiv yanaşır. 2014-cü ilin iyulunda Misirin qanuni hakimiyyəti devrildi, “Müsəlman qardaşları” təşkilatına qarşı amansız davranış nümayiş etdirildi, Qahirə məhkəməsi isə bir gündə bu qurumun 500-dən artıq üzvü barədə ölüm qərarı çıxardı. ABŞ və Avropa İttifaqı nəinki hakimiyyət çevrilişini “çevriliş” adlandırmadı, hətta digər məsələləri də sükutla qarşıladı.
ABŞ “terrorla müharibəyə” də olduqca özünəməxsus yanaşma nümayiş etdirir: terrorla mübarizə aparan digər ölkələrdən insan haqlarının qorunması tələb edilir, ancaq eyni zamanda öz milli təhlükəsizliklərindən söhbət düşəndə, bu tələbin ona aid olmadığını bəyan edir.
Bu məsələ 2014-cü ilin dekabrında İspaniyanın Publico.es saytında dərc olunmuş “MKİ-nin işgəncələrini qanuniləşdirmək üçün Obamanın 10 addımı” başlıqlı məqalədə müfəssəl araşdırılıb və dünya ictimaiyyətinin diqqətinə təqdim olunub.
2008-ci ildə Barak Obama bəyan etdi ki, “heç kim qanundan yüksəkdə dura bilməz” və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) qeyri-insani işgəncələrə yol vermiş əməkdaşlarının məsuliyyətə cəlb olunmasına, Quantanamo həbsxanasının isə bağlanmasına tərəfdar çıxdı. Ancaq ABŞ Senatının işgəncələrə dair 2002-2009-cu illəri əhatə edən hesabatı MKİ-nin və ABŞ Prezidentinin səyləri nəticəsində düz 5 ildən sonra işıq üzü gördü.
Bundan əvvəlsə 6 min cilddən ibarət həmin sənəd 500 cildə kimi qısaldıldı və ciddi senzuradan keçirildi. Bir müddət sonra isə cənab Obama MKİ-nin cinayətlərinin araşdırılması ilə bağlı ikipartiyalı komissiyanın yaradılmasını əngəllədi.
Bu komissiya bütün MKİ-nin, hətta C.Buş Administrasiyasının yüksək vəzifəli nümayəndələrinin fəaliyyətini araşdırmağı hədəfə almışdı. Daha sonra B.Obama MKİ-ni xilas etmək üçün adı ciddi ittihamlarla üzləşmiş Antiterror Mərkəzinin rəhbəri Con Brennanı Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru təyin etdi. Brennan istefa vermək və özünə yaxşı bir vəkil tutmaq əvəzinə, qalib fizionomiyası ilə öz əməkdaşlarına “yaxşı işlədiklərinə” görə təşəkkürünü bildirdi.
“Açıq Cəmiyyət” Fondunun hesabatına görə, həmin şəxslər işgəncələr nəticəsində tanınmaz hala düşmüş “terrorçuları” 54 ölkədə yerləşdirilmiş gizli həbsxanalara daşıyıb və orada öz əməllərini davam etdiriblər. Publico.es yazır ki, “Boka Haramdan olan qoluzorlular da həmin işi görürlər, ancaq öz torpaqlarında və heç kimə də mənəviyyat dərsi keçmirlər”.
MKİ terrorunun qurbanlarının halına zərrə qədər yanmayan Obama isə onların əməllərinə bəraət qazandırmağa çalışır və deyirdi ki, “bu yazıqlar şəraitin qurbanı olublar və bəzi səhvlərə yol veriblər”. ABŞ Prezidenti MKİ-yə işgəncələri qadağan edən sərəncam imzalasa da, digər xüsusi xidmət orqanlarına, məsələn, Xüsusi Əməliyyatların Birləşmiş Komandanlığına bu qadağa şamil edilmədi. Həmçinin Hərbi Səhra Nizamnaməsində hərbçilərin əsirlərə qarşı fiziki və psixoloji təsir etməsi müddəası ləğv olunmadı.
Məhz ABŞ Prezidenti əlindən gələni edərək Amerika hərbçilərinin əsirlərə işgəncə verdiyi barədə fotoların yayılmasının qarşısını aldı və hətta, bunun üçün Böyük Britaniya və Tailand hökumətlərinə təzyiq də göstərdi. Cənab Obama dünyada yeganə dövlət başçısıdır ki, onun əlində məhv siyahısı var və “Disposition Matrix” kompüter proqramı vasitəsilə hazırlanmış həmin diskin müəllifi də Brennandır. Ən əsası, Obama Quantanamo təcridxanasını qapatmadı və indi də orada yüzlərlə insana işgəncələr davam etdirilir.
Münaqişələrin həllində ikili standartlar
ABŞ və Qərbin ikili standartları həm də dünyanın ayrı-ayrı bölgələrində baş verən insidentlərə, hərbi əməliyyatlara, separatçılığa münasibətdə də özünü açıq göstərir. Postsovet ölkələrində yaranmış digər ərazi münaqişələrindən fərqli olaraq Qərb ölkələri və qurumları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı konkret və təsirli addımlar atmaqdan çəkinir, yalnız deklorativ bəyanatlar verməklə kifayətlənirlər.
Gürcüstanın ərazi bütövlüyü ilə bağlı istər ABŞ, istərsə də Avropa İttifaqı və onların təsirində olan beynəlxalq strukturlar birmənalı mövqe ortaya qoydular və qətiyyətlə bu ölkənin ərazi bütövlüyünü dəstəklədilər.
Açıq və ya gizli şəkildə Gürcüstana hərbi, iqtisadi, maliyyə, humanitar yardım göstərildi. Dnestryanı münaqişə ilə də bağlı olaraq Moldova da Qərbdən hərtərəfli dəstək almaqda davam edir. Hərçənd ki, bu ölkədə dəfələrlə kommunistlər, açıq rusiyapərəst siyasət yürüdən qüvvələr hakimiyyətdə olub.
Ukraynanın regionlarında separatçı meyillər baş qaldırandan, Krım isə Rusiyaya birləşdirildikdən sonra Kiyevə ciddi siyasi, iqtisadi, maliyyə və hərbi dəstək göstərilib. Rusiyaya qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq olunub.
Ukraynanın Donbas və Krım regionlarının, Moldavanın Dnestryanı, Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin mövcud rejimlərinin rəhbərlərinin adları “qara siyahı”ya daxil edilib, onların Qərb ölkələrinə səfərləri qadağan olunub. Halbuki son 25 il ərzində eyni problemlə üzləşmiş Azərbaycan belə dəstəkdən məhrumdur:
BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların qərar və qətnamələri icra olunmur; Azərbaycan ərazilərini işğal etmiş Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir; Dağlıq Qarabağdakı qondarma separatçı rejim Qərb tərəfindən açıq maliyyə dəstəyi alır; Qərb ölkələri tərəfindən bu problemin tədricən unutdurulması və Qarabağdakı rejimin legitimləşdirilməsi siyasəti yürüdülür; ABŞ və Avropa paytaxtlarında qondarma rejimin müxtəlif nümayəndəlikləri açılır; rejimin rəhbərləri Qərb paytaxtlarına sərbəst şəkildə səfər edir, rəsmi şəxslərlə görüşür; rejimin hərbi durumunu gücləndirmək üçün Qərb ölkələrində maliyyə marafonları təşkil edilir.
Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan hərbi qüvvələrinin mövcudluğu, orada Ermənistanın siyasi rəhbərliyinin iştirakı ilə hərbi təlimlər keçirilməsi Qərb paytaxtlarında sükutla qarşılanır. ATƏT öz faktaraşdırıcı missiyasının açıqladığı hesabatlara belə etinasız yanaşır, işğalçı və işğala məruz qalan tərəflərə eyni münasibət bəslənilir.
Tərəfdaşlıq təklifinə təzyiq və təhdid cavabı: Azərbaycan nə etməlidir?
Beləliklə, bu gün bütün dünya ABŞ və onun rəhbərliyi altında Qərbin yürütdüyü siyasətin acı fəsadlarını yaşayır. Müharibələr, separatizm, yoxsulluq, iqtisadi böhran və digər bu kimi hallar Barak Obamanın prezidentliyi dövründə daha geniş yayıldı və faktiki olaraq bəşəriyyəti təhdid altında saxlamaqda davam edir. Ayrı-ayrı qüvvələrin bu gücə qarşı çıxmaq cəhdləri heç bir nəticə vermir. Belə bir vəziyyətdə Azərbaycan kimi müstəqil siyasət yürüdən və çətinliklə də olsa, mövcud problemləri dəf edə bilən, təhdidlərə sinə gərən ölkələr nə etməlidir?
Azərbaycan müstəqilliyinin ilk günlərindən Qərblə tərəfdaşlıq, bərabərhüquqluluq, qarşılıqlı etimad prinsiplərinə əsaslanan əlaqələr qurmaq üçün davamlı cəhdlər edib, lakin cavabında yalnız təzyiq və təhdid alıb.
Qərb müstəqil siyasət yürütmək haqqına, beynəlxalq hüquqa, milli dəyərlərə və digər bu kimi prinsiplərə etinasız yanaşır, öz fəaliyyətini tabeçilik, diktat və “böyük-kiçik” prinsipləri, sivilizasiyaların toqquşması ideologiyası üzərində qurur. Bu halda Qərbə inteqrasiyanın davam etdirilməsi faktiki olaraq dövlət müstəqilliyinin itirilməsi və SSRİ dövrünün başqa bir variantına qayıtmaq deməkdir.
Müsəlman ölkəsi olduğuna görə Azərbaycan heç vaxt Qərb ailəsinin tamhüquqlu üzvü ola bilməyəcək və istisna deyil ki, 1990-cı illərin əvvəllərində olduğundan daha ağır duruma düşəcək. Hər halda Yaxın Şərqdə baş verənlər optimizmə heç bir əl yeri qoymur. 25 illik təcrübə göstərir ki, Qərbə ümid bəsləməklə Dağlıq Qarabağ kimi ümummilli problemin həllinə nail olmaq yaxşı perspektiv vəd etmir.
Buna görə də son hədəfi müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, vətəndaşlarının təhlükəsizliyini və cəmiyyətin layiqli həyat tərzini təmin etmək olan Azərbaycan dövləti öz xarici siyasətinin vektorlarını yenidən qiymətləndirir: bir çox ənənəvi tərəfdaş ölkələrlə əlaqələrini inkişaf etdirir, əməkdaşlığa açıq və səmimi olan Latın Amerikası, Avrasiya, Yaxın və Uzaq Şərq, Cənubi Asiya, Afrika, MDB ölkələri ilə ikitərəfli münasibətləri daha yüksək səviyyəyə qaldırır.
Qərb bütün dünya, hətta onun mərkəzi belə deyil. Dünya böyükdür və düşünülmüş siyasət yürüdən hər bir dövlət günəş altında öz layiqli yerini tapa bilər.
Mənbə:> Oxu.Az