Azərbaycanla Türkiyənin hərbi əlaqələri güclənib » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Dünya, Foto

Azərbaycanla Türkiyənin hərbi əlaqələri güclənib – FOTO

Azərbaycanla Türkiyənin hərbi əlaqələri güclənib


Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

İclasda türkdilli dövlətlər arasında əməkdaşlıqla bağlı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. TDƏŞ-in türkdilli dövlətlər arasında iqtisadi, mədəni, humanitar əlaqələrin inkişafına verdiyi töhfələr, qazandığı uğurlar qeyd edilib.

Azərbaycanla Türkiyənin hərbi əlaqələri güclənib


TÜRKSOY, Türk Akademiyası, TürkPA və Türk Şurasının hesabatları dinlənilib, Türk Akademiyası ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında bir sıra sənədlər imzalanıb. Həmçinin TDƏŞ-in beşinci Sammitinin gündəliyinin layihəsi müzakirə olunub. Şuranın baş katibinin müavininin, Türk Mədəniyyəti və İrsi Fondunun prezidentinin təyin edilməsi kimi məsələlər, xüsusilə Astana bəyannaməsi və digər layihələr diqqət mərkəzində olub.

Azərbaycanla Türkiyənin hərbi əlaqələri güclənib


İclasda çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, TDƏŞ ümumi dil, tarix, mədəniyyət və ənənələrimiz əsasında təsis olunub. Türk Şurasının əsas prioritetlərindən biri təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, turizm, təhsil, elm və texnologiya kimi müxtəlif sahələrdə konkret layihələr vasitəsilə üzv dövlətlər arasında çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsidir.

“Biz qəti şəkildə inanırıq ki, davamlı inkişaf və tərəqqi əldə etmək üçün sülh və sabitliyə daha çox ehtiyac duyulur”, - deyən nazir bildirib ki, Azərbaycan terrorizmə qarşı mübarizə və regional təhlükəsizliyin təmini sahəsində beynəlxalq əməkdaşlığa öz töhfələrini verir. Biz nəinki regionumuzda, hətta onun hüdudlarından kənarda belə sülhün, sabitliyin, əmin-amanlığın möhkəmləndirilməsi üçün bütün gücümüzü səfərbər edirik.

Azərbaycanla Türkiyənin hərbi əlaqələri güclənib


Nazir vurğulayıb ki, təşkilatımızın iki üzvü - Azərbaycan və Türkiyə son illər hərbi əlaqələri gücləndirib. Hər iki ölkədə tez-tez və daha geniş hərbi təlimlər keçirilib. Azərbaycan və Türkiyə arasında artan belə hərbi əlaqələr döyüş hazırlığını və bacarığını inkişaf etdirəcək, eləcə də qarşılıqlı fəaliyyətin təşkili hər iki ölkəyə strateji, lakin həssas Qafqaz regionunda daha çox çeviklik verəcək.

“Bütün dünyada cərəyan edən son hadisələr bir daha sübut etdi ki, sülhü və sabitliyi möhkəmləndirməyin əsas sütunları dövlətlər tərəfindən hər birinin suverenliyinə, ərazi bütövlüyünə hörmət və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, o cümlədən təcavüz siyasətindən çəkinməkdir”, - deyən E.Məmmədyarov vurğulayıb ki, buna baxmayaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü erməni işğalının nəticəsi kimi 20 ildən çoxdur pozulub. Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altındadır. Ermənistan tərəfindən yerli əhalimizə qarşı etnik təmizləmə siyasəti aparılıb və demək olar ki, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Əsas ənənəvi insan hüquqları da daxil olmaqla, bütün beynəlxalq norma və prinsiplər həyasızcasına pozulub. Rəsmi Yerevan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Azərbaycan torpaqlarından Ermənistanın işğalçı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam çıxarılmasının tələb olunduğu dörd qətnaməni kobud şəkildə rədd edir.


Türk Şurası çərçivəsində iqtisadi sahədə əməkdaşlığa toxunan nazir ölkələrimizin yerləşdiyi coğrafiyanın bizə rəqabətədavamlı tranzit ölkə potensialından istifadə üçün əlverişli imkanlar yaratdığını qeyd edib. O əlavə edib ki, bu səbəbdən coğrafiyamızdakı nəqliyyat infrastrukturu, daha da önəmlisi, qarşılıqlı əlaqə və infrastruktur əməkdaşlığın ən əhəmiyyətli sahələrindən biri kimi qalmalıdır. Avrasiya boyunca sərnişin və yük daşımalarına artan tələbat Şərq-Qərb nəqliyyat dəhlizini (xüsusilə bu dəhlizin Transxəzər hissəsini) möhkəmləndirməyi labüd edir. Şübhəsiz, bu, əcdadlarımızdan bizə ötürülən tarixi İpək Yolunun bərpa edilməsinə kömək edəcək. Limanlarımızın maddi-texniki göstəricilərinin təkmilləşdirilməsi, nəqliyyat sisteminin sadələşdirilməsi siyasətinin təşviqi, multimodal yükdaşımaların keyfiyyətinin artırılması olduqca vacibdir. Gələn il üçün inşasının başa çatdırılması nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi Çindən Avropaya və əksinə rəqabətədavamlı, etibarlı və vaxt baxımından qənaətli sərnişin və yük daşımalarının reallaşdırılmasına yol açacaq və ölkələrimizin geniş tranzit potensialını nümayiş etdirəcək və iqtisadiyyatımız üçün stabil gəlir mənbəyi yaradacaq. Bu məqsədlə, Türk Şurası çərçivəsində keçirilən əlaqədar nazirlik və qurumların müntəzəm görüşlərini və yuxarıda qeyd olunan nəqliyyat dəhlizinin imkanlarının artırılmasına xidmət edəcək təklifləri dəstəkləyirik.

Nazir qeyd edib ki, məlum olduğu kimi, Azərbaycan hər zaman Xəzər dənizinin enerji resurslarının Qərb bazarlarına nəqli üçün öz infrastrukturunu təklif edib. Bu gün Azərbaycan həm də “Cənub” qaz dəhlizi kimi transregional əhəmiyyətli, genişmiqyaslı enerji layihələrinin təşəbbüskarı və icraçısı kimi önəmli rol oynayır. “Cənub” qaz dəhlizinin mühüm tərkib hissəsi olan Cənubi Qafqaz boru xəttinin genişləndirilməsi, TANAP və TAP boru kəmərlərinin inşası plana uyğun şəkildə həyata keçirilir. Bu, nəhəng “Şahdəniz” qaz yatağını Gürcüstan və Türkiyədən keçməklə Avropaya birləşdirəcək.

Bundan başqa, üzv dövlətlər arasında informasiya-kommunikasiya texnologiyaları, bərpa olunan enerji, orta və kiçik sahibkarlığın inkişafı və özəl sektor sahəsində əməkdaşlıq təşəbbüslərini dəstəkləyirik.

Xarici siyasət idarəsinin rəhbəri turizm sahəsində tərəfdaşlığın və bu sahədə yeni sərmayə yatırımı imkanlarının öyrənilməsinin əhəmiyyətini xüsusi qeyd edib.

E.Məmmədyarov vurğulayıb ki, humanitar sahədə əməkdaşlıq tərəfdaşlığımızın əsas sahələrindən biridir. Bu sahədə yarandığı ilk gündən etibarən türk xalqları mədəniyyətinin təbliğində mühüm rol oynayan TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndiririk. 2012-ci ildə yaradılmış Türk Akademiyası və Türk Mədəniyyəti İrsi Fondunun tez bir zamanda müvafiq prosedurları tamamlayaraq beynəlxalq təşkilat kimi fəaliyyəti çox vacibdir. Təhsil sahəsində nazir və işçi qruplarının mütəmadi görüşləri bu istiqamətdə ortaq layihələrin həyata keçirilməsinə imkan yaradacaq. Türk tarixinə dair müştərək kitabın hazırlanması, universitetlərarası assosiasiya, tələbə-müəllim mübadiləsi proqramları kimi layihələr bu sahədə əməkdaşlığımızın inkişafına təkan verəcək. Türk Şurası çərçivəsində fəaliyyətimizin digər perspektivli sahəsi idman və gənclər ola bilər.

Diqqətə çatdırılıb ki, qlobal informasiya məkanının hər keçən gün genişlənməsi və onun güclü təbliğat fəaliyyəti mexanizmi kimi istifadə edilməsini nəzərə alaraq, builki Zirvə Görüşünün “Media və informasiya sahəsində əməkdaşlıq” adı altında keçirilməsi günümüzün tələblərinə cavab verir. Biz bu sahədə əməkdaşlığı yüksək qiymətləndiririk və bu yaxınlarda üzv dövlətlərin media və informasiya qurumları rəhbərlərinin Astanada keçirilmiş birinci görüşü zamanı qəbul edilmiş qətnamələri dəstəkləyirik.

Vurğulanıb ki, beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı çərçivəsində üzv dövlətlərin namizədliklərinin koordinasiya və qarşılıqlı şəkildə dəstəklənməsi və ortaq mövqe nümayişi istiqamətində əməkdaşlığı davam etdirmək vacibdir. “Biz Türk Şurasının BMT və İƏT-də müşahidəçi statusu əldə etməsi istiqamətində səylərimizi gücləndirməliyik. Digər tərəfdən, Şuranın İƏT, ATƏT, BMT-nin ixtisaslaşmış qurumları olan Dünya Turizm Təşkilatı, BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlığı təqdirəlayiqdir”, - deyə nazir əlavə edib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *