Ərdoğan: İnsanlığın vicdanı haradadır?
Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan CNN telekanalına verdiyi müsahibəsində suriyalı mühacirlərin olduğu qayığın Bodrum sahilində batması faciəsini şərh edib.
Oxu.Az bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.
“Mən həmin hadisə zamanı ailəmlə bərabər idim, onu mənim övladlarım və nəvələrim gördü”, - cəsədini dalğaların Türkiyə sahilinə çıxardığı üç yaşlı Aylan Kürdinin dünyanı sarsıdan fotosu barədə suala cavab verən Türkiyə prezidenti deyib.
“İnsanlığın vicdanı haradadır?” – Türkiyənin dövlət başçısı bildirib.
“Bu, Aralıq dənizinin sularında baş verən və uşaqların da öldüyü ilk faciə deyil”, - Türkiyə prezidenti xatırladıb və qeyd edib ki, ölkənin sahil mühafizəsinin qüvvəsi ilə bu günə qədər 50 min nəfərə yaxın adam xilas etmək mümkün olub.
“Hesab edirəm ki, yaranmış vəziyyətdə bütün Qərb ölkələrinin günahı var”, - o, müvafiq suala cavab verərkən bildirib.
“Qərbin Aralıq dənizini mühacirlər üçün qəbirstanlığa çevirdiyini hesab edirsiniz?”, sualına Ərdoğan: “Bu həqiqətən də belədir” deyə cavab verib.
Ərdoğan Aralıq dənizi hövzəsi ölkələrinin öz ərazilərinə mühacirləri qəbul etmək istəməmələrini tənqid edərək, Türkiyənin 2 milyondan çox Suirya və İraq qaçqınına sığınacaq verdiyini xatırladıb.
Türkiyənin dövlət başçısının sözlərinə görə, eyni addımı Yunanıstan, İtaliya, İspaniya, Fransa, Macarıstan, eləcə də Almaniya da ata bilər.
Ərdoğan Türkiyəyə gələn, sonradan Almaniyaya göndəriləcək qaçqınların arasında seçim etməyi təklif edən alman nazirini tənqid edib.
“Belə yanaşma ağlasığmazdır”, - Türkiyə prezidenti deyib.
Ərdoğan həmçinin ölkə rəhbərliyinə öz doğma yerlərini məcburən tərk edən insanlar üçün əlverişli şərait yaratmaq çağırışı ilə müraciət edib.
Mənbə:> Oxu.Az