Deputat: Azərbaycanla Gürcüstanın heç bir problemi yoxdur
Gürcüstan Azərbaycanın strateji əməkdaşıdır. Faktiki olaraq bizim boru kəmərlərimiz (neft, qaz və s.) ordan keçir.
Bu ölkəyə idxalda azalmalar, 2015-ci ildə həmin ölkəyə neftin ixracının azaldılması ilə bağlı olaraq, baş verib, amma qalan ticarət əlaqələrində eləcə də, gediş-gəliş məsələlərində Gürcüstanla problem yoxdur.
Oxu.Az-a bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov Azərbaycan ilə Gürcüstan arasında xarici ticarət əlaqələrində baş verən azalmaların səbəblərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında daimi komissiyalar fəaliyyət göstərir. Buna görə də bu ölkə ilə Azərbaycanın heç bir problemi olmamalıdır.
İqtisadçı-ekspert Vüqar Bayramov isə məsələ ilə əlaqədar Oxu.Az-a bildirib ki, dünya iqtisadiyyatında baş verən proseslər ilə (neftin qiymətinin düşməsi və s.) əlaqədar olaraq, Gürcüstan hökuməti çalışır ki, iqtisadiyyatını şaxələndirməsinə nail olsun:
“Azərbaycan hökuməti kimi Gürcüstan da çalışır ki, iqtisadiyyatın şaxələndirilməsi ilə dünya iqtisadiyyatında baş verən proseslər bu ölkələrin xarici ticarət dövriyyəsinə və ölkəyə daxil olan valyutanın həcminə təsir göstərməsin”.
V.Bayramov əlavə edib ki, neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar olaraq bu ölkəyə ixrac olunan neft və neft məhsullarının azalması müşahidə olunub:
“Bu azalmalar isə iki ölkənin iqtisadiyyatında baş verən proseslər ilə bağlı deyil” - deyə, iqtisadçı əlavə edib.
Ekspert onu da vurğulayıb ki, bu azalmalar uzunmüddətli dövrü əhatə etmir, çünki hər iki ölkə çalışır ki, ixrac-idxal əməliyyatlarını genişləndirsinlər.
Onu da əlavə edək ki, 2015-ci ilin yanvar-iyul aylarında Gürcüstandan Azərbaycana ixracın həcmi 55% (182,6 milyon dollar) azalaraq, 151,6 milyon dollar, yaxud ümumi ixracatın 6,9%-ni təşkil edib.
“2015-ci ilin 7 ayı ərzində Gürcüstandan Azərbaycana 46 milyon dollar dəyərində minik avtomobilləri ixrac olunub, bu isə 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 121 milyon dollar azdır” - deyə, komitənin yaydığı hesabatda vurğulanıb.
Bundan başqa, Gürcüstana Azərbaycandan idxalın həcmi də aşağı düşüb.
Cari ilin ilk 7 ayında Azərbaycandan Gürcüstana ixracatın həcmi ötən illə müqayisədə 9,1% azalaraq, 316,1 milyon dollar, yaxud Gürcüstanın ümumi idxalatının 4,4%-ni təşkil edib.
Azərbaycandan Gürcüstana 79,4 milyon dollarlıq, 150,1 min ton neft və neft məhsulu ixrac edilib ki, bu da ötən ilin uyğun dövründəkindən 56,2 milyon dollar azdır.
Qeyd edək ki, bununla belə, 2015-ci ilin 7 ayında Azərbaycan Gürcüstanın ikinci ticarət tərəfdaşı olub.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli