Aleksandr Karavayev: Bakı İran üçün vasitəçi ola bilər – MÜSAHİBƏ
Suallara Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi əməkdaşı Aleksandr Karavayev cavab verir.
- İranın sanksiyalar əsirliyindən mərhələli şəkildə azad olması qonşu Cənubi Qafqaz regionunda öz əksini necə tapa bilər?
- Hər şeydən öncə bu, İranın Cənubi Qafqaz ölkələri ilə iqtisadi-ticari əlaqələrinin irimiqyaslı fəallaşmasında təzahür edəcək. Bu əlaqələr sanksiyalar dövründə də mövcud idi, amma ciddi bank məhdudiyyətlərinin götürülməsi, məsələn, dollar əməliyyatlarının aparılması və viza kimi müxtəlif ödəmə sistemlərindən istifadə gözəçarpacaq nəticələrə gətirib çıxaracaq.
Əsasən, 200 milyon dolların “don”unun açılması fəal şəkildə müzakirə edilir, əsasən bu, Melli İran bankının vəsaitidir, bu vəsait 2011-ci ildə son beynəlxalq sanksiyalar dalğasında Azərbaycan Mərkəzi Bankı tərəfindən blok edilib, o zaman bank əməliyyatlarına qadağa güclənmişdi və Avropa İttifaqı İran neftini almaqdan imtina etmişdi. Deyəsən bu səhifəni indi bağlayıblar.
Bundan başqa, 10 il bundan öncəki nəqliyyat infrastrukturu, elektro-enerji kommunikasiya ilə əlaqədar layihələrin fəallaşmasını gözləmək lazımdır. Bu mənada Azərbaycanın iqtisadiyyat və sənaye naziri başda olmaqla bir neçə nazirliyin nümayəndələrindən ibarət heyətin Tehrana səfərini qeyd etmək istərdim, bu artıq belə fəallığa misaldır. İranın işçi qrupu Cənubi Qafqazın digər ölkələri üzrə də fəallığını bərpa edib, bu isə sözsüz ki, İrana regional bazarda iştirakını bərpa etmək imkanı verəcək.
Məsələn, Ermənistana gündə 10 milyon kubmetrə qədər artırılaraq verilən qazın həcmini 5 dəfə artırmaq planlaşdırılır, yeri gəlmişkən müqayisə üçün bildirim ki, bu, Naxçıvana verilən qazdan on dəfə artıqdır. Ermənistan prinsipcə, başqa bir regional alternativi olmadığı üçün İranla əlaqəsini fəal şəkildə inkişaf etdirirdi. Ermənistanın Cənubi Qafqaz üçlüyü arasında ən iri mal dövriyyəsi indi İranladır, bu, təxminən 500 milyon dollardır.
Gürcüstan da öz layihələrini fəallaşdırmaq niyyətindədir. Hələ sanksiyalar dövründə Tbilisi və Tehran arasında birbaşa aviareyslər bərpa edilib, 2010-cu ildə isə vətəndaşların 45 gün müddətinə səfərləri üçün vizanın ləğv edilməsi barədə razılaşma imzalanıb.
İranın bütün Qafqaz qonşularının ciddi problemi mal dövriyyəsinin mənfi saldosudur, bu, idxalın ixracdan üstün olmasıdır. İrandan Cənubi Qafqaza həm ərzaq, həm də sənaye idxalı üstündür. Aydındır ki, iqtisadiyyatlar eyni deyil, Ermənistan və Gürcüstan üçün bu vəziyyəti düzəltmək perspektivdə mümkün deyil. Azərbaycan isə cəhd edə bilər. Birincisi SOCAR-ın fars yataqlarında neft-qaz investisiyaları mümkündür. Gəmiqayırmada və təmirində böyük imkanlar mövcuddur. İkincisi Bakı İran üçün bir sıra qərb texnologiyalarında vasitəçi ola bilər, məsələn, region üçün uyğunlaşmış alternativ energetika texnologiyalarını təklif edə bilər.
- Sizin fikrinizcə, İran regionumuza daha güclü mövqe ilə və sanksiyalara qədər olduğu səviyyə çərçivəsində qayıdır?
- Baxır sanksiyaların hansı dövrü dayaq nöqtəsi kimi götürülür. Mənə elə gəlir ki, İran üçün 2003-cü ildə olan imkanları geri qaytarmaq çətin olacaq.
İranın sahələr sırasında yerini Cənubi Qafqazda nüfuzu olan digər iqtisadiyyatlar “bölüşdürüb”. Belə bir misal gətirim. Naxçıvanda Çin avtomobilləri “Lifan” üçün xüsusi olaraq avtomobil zavodu inşa edilib. Tezliklə onlar Gürcüstan və Orta Asiyada öz avtomobillərini satacaqlar. İdeyaya görə, bu, Rusiyada Samand sedanı ilə məşhur olan elə İran Khordo şirkətinin yeridir.
Mən artıq Gəncədə yığılan Rusiya brendlərinin praktiki olaraq inhisarçılığı ilə Cənubi Qafqazda avtomobil yığımının iqtisadi seqmentinin tutulmasından danışmıram. Beləliklə, İran burada praktiki olaraq potensialın olmasına baxmayaraq özünə yer tapa bilməyəcək. Bu, eyni zamanda son on ildə əsasən Çin istehsalına çevrilən məişət mallarına da aiddir. Əgər xatırlayan varsa iyirmi, iyirmi beş il öncə mallar əsasən Türkiyə və ya İrandan gətirilirdi.
Bununla yanaşı, mal dövriyyəsini böhrana qədərki səviyyəyə qədər bərpa etmək - söhbət 2009-2011-ci illərdən gedir - əlçatmazdır. Bundan başqa, o, sözsüz ki, artacaq. Bu aspektdə İran xidmət, səhiyyə və təhsil sektorunu nəzərə almaq lazımdır. O, əvvəlki kimi populyardır, və xüsusilə də Ermənistan və Azərbaycanın İranla həmsərhəd rayonlarında belə olaraq da qalacaq.
- Bəs Rusiya-İran münasibətlərinin fəallaşması bizim regiona necə təsir edəcək?
- Bu, regionla nəqliyyat layihələrinə müsbət təsir edəcək. Birinci növbədə bu, Azərbaycana aiddir. “Şimal-Cənub” layihəsi üzrə məlum infrastruktur məsələlərinin həllindən sonra, Azərbaycan İran körfəzindən Baltika və Qara dənizə avtomobil və dəmir yolu axını üçün tammənalı tranzitçisi ola bilər.
Bu, Azərbaycan büdcəsinə perspektivdə əlavə vəsait gətirə bilər, tras boyu xidmət sektorunda ölkənizin kiçik və orta biznesini dəstəkləyə bilər. Burada İran neftinin Rusiya mallarına mübadiləsinə dair saziş çərçivəsində imzalanmış memoranduma müvafiq olaraq Moskva və Tehran arasında əməkdaşlığın realizəsi də əlverişli olacaq. Bu mexanizmin hələ işləməməsi ayrı məsələdir, amma yenə də...
- Sanksiyaların zəiflədilməsindən sonra İranın regionda iştirakının güclənməsində Rusiya təhlükə görürmü?
- Siz haqlısız, İran həmişə sərbəst oyun aparıb. Rusiya ilə əməkdaşlığın güclənməsi çox güman ki, sanksiyalar ilə bağlı vəziyyət xarakteri daşıyırdı. Ekspertlər arasında sanksiyalardan sonra yeni vəziyyətin Rusiyanın regiondakı maraqlarına necə təsir edəcəyinə dair müxtəlif fikirlər mövcuddur. Belə hallarda olduğu kimi yenə də fikirləri iki hissəyə bölmək olar. Birincilər hesab edir ki, neqativ təsirə dair xəbərdarlıq əsaslıdır, digərləri isə hesab edirlər ki, burada qorxulu heç nə yoxdur, belə ki, Moskva və Tehran arasında əməkdaşlıq yetərincə sıxdır və mövcud problemlər həll olunacaq.
Məncə ən əsas cari qüvvələrin qlobal yerləşdirilməsi vəziyyətində İranın Kremldə necə görülməsidir. Onu isə ilk növbədə son 20 il ərzində Rusiya-Amerika qarşıdurmasının müxtəlif fazaları fonunda görürlər. Kreml tərəfindən “ABŞ prizmasından” qəbul edilən Rusiyanın geosiyasi və makroiqtisadi problemləri reallığı təhrik edirlər, Kreml üçün bu, problemlərin kəskinliyini azaldır, və yaxud da əksinə, onları olduğundan daha qabarıq göstərirlər.
Belə bir təsvir meydana çıxır: Moskva və Tehran arasında münasibət, Rusiya-Amerika münasibətlərinin kalkulyasiyasında hər zaman müsbət görünüb. Yəni, İranla siyasi münasibətlərin xüsusiyyətləri və hətta bu münasibətlər baxımından yaranan çətinliklərə baxmayaraq, ticari-iqtisadi münasibətlərdə hansı problemlərin ortaya çıxmasından asılı olmayaraq, bu münasibətlər müsbət amil kimi görünürdü, çünki Vaşinqtonla ziddiyyətlərdən yararlanıblar və bir növ Rusiyanın Amerika ilə qarşıdurma siyasətində İran vektorunu təşkil ediblər.
Bundan çıxış edərək, İranın Cənubi Qafqazda nüfuzunun artması Kreml üçün təhlükəli görünmür. Çox güman ki, bir neçə ildən sonra, İranın xarici siyasətinin digər istiqamətlərində nəyin baş verəcəyindən asılı olmayaraq belə bir vəziyyət yarana bilər. Sanksiyaların ləğv edilməsi əlbəttə ki, İran üçün onun regionda əvvəlki siyasi mövqelərini, Türkiyənin nüfuzu ilə əlaqədar Moskva üçün onsuz da mövcud olan rəqabəti bir qədər də kəskinləşdirərək geri qaytara bilər. Amma bu, Moskva üçün təhlükəli an deyil. Hər halda Kremldə belə düşünürlər.
- İran artıq bir neçə ildir ki, münaqişə tərəflərinin hər ikisi ilə yaxşı münasibəti olduğu üçün Qarabağ münaqişəsinin tənzimlənməsində fəal rol oynamağa hazır olduğunu deyir. Dünyaya yenidən açıldığı halda bu ölkənin sülhməramlı potensialı hansı səviyyədədir?
- Gələcəkdə hərbi gərginliyin aradan qaldırılması prosesində İranın rolu müəyyən mərhələdə böyük ola bilər. İran Azərbaycan sərhəddində Araz boyu işğal edilmiş ərazilərdə təhlükəsizlik zəmanəti ola bilər. Məsələn, Azərbaycanın digər hissələrini Naxçıvan ilə birləşdirən dəmir yolunun açılışı zamanı. O vaxta qədər isə mövcud danışıqlar formatında – Minsk qrupu formatında – heç kimə maraqlı deyil. Nə Rusiyaya, nə də ki ABŞ-a. Əsas rol məhz bu ölkələrə məxsusdur.
Amma buna baxmayaraq mən əminəm ki, İran danışıqlar prosesində öz iştirakına dair səs-küylü bəyanatlar verməyə davam edəcək, bunu real amil kimi deyil, sadəcə imkan kimi qəbul etmək lazımdır. Və yalnız hərbi gərginliyin aradan qaldırılması üzrə hər hansı bir praktiki fəaliyyətə başlanılarsa, işğal edilmiş rayonlardan erməni qüvvələri çıxarılarsa, o zaman İranın münaqişə zonasının cənub rayonları üçün rolu yetərincə böyük ola bilər. Hətta bu hissədə yerləşən Azərbaycan rayonları üçün təhlükəsizliyin təminatı üçün İran müşahidəçilərinin iştirakı da mümkündür. Amma bu, gələcəkdə ola bilər.
Mənbə:> Oxu.Az