ABŞ-dan Avropada terror təhlükəsi xəbərdarlığı
Amerika Birləşmiş Ştatları “Əl-Qaidə” və “İslam dövləti” daxil olmaqla ekstremist qruplaşmaların Amerika vətəndaşlarına qarşı, o cümlədən də Avropada terror aktları planladıqlarına dair informasiyaya malikdir.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ dövlət departamentinin qlobal terror təhlükəsinə dair yaydığı yenilənmiş xəbərdarlıqda bildirilir.
Sənəddə 2014-cü ilin avqust ayında ABŞ və onun müttəfiqlərinin İraq və Suriyada İD yaraqlılarına qarşı hərbi-hava əməliyyatlarına başladıqlarına dair xatırlatma da yer alır. Hal-hazırda Amerika Ştatlarına qarşı, eləcə də qərb ölkələrindən olan tərəfdaşlarına və koalisiya iştirakçılarına qarşı terrorçuların cavab hücumlarının olacağına dair ehtimal getdikcə artır.
Dövlət departamentinin fikrincə, belə hücumlar bütün dünyada, əsasən də Yaxın Şərqdə, Şimali Afrikada, Avropa və Asiyada baş verə bilər:
“Ekstremistlər adi silah və kütləvi qırğın silahlarından istifadə edərək, həm rəsmi, həm də fərdi maraqlara xələl gətirmək məqsədilə hücumlar həyata keçirə bilərlər”.
Daxil olan məlumat İD-nin, “Əl Qaidə”nin, onlarla əlaqədar olan təşkilatların və digər terror qruplaşmalarının Amerika Ştatlarının və Avropada qərb ölkələrinin maraqlarına qarşı terror hücumları planlamağa davam etdiklərini sübut edir. Avropada terror aktı ehtimalı, İD üzvü olan avropalıların Suriya və İraqdan qayıdacağı müddət ərzində olacaq.
Sənəddə ABŞ hakimiyyətinin, həmçinin Yaxın Şərqdə, Afrikanın şimalı və qərbində, Cənubi və Mərkəzi Asiyada, Cənubi-Şərqi Asiyanın bəzi ölkələrində islam qruplaşmaları tərəfindən terror aktlarının hazırlanmasına dair informasiyaya da sahib olduğu bildirilir. Bundan əvvəlki qlobal terror təhlükəsinə dair xəbərdarlıq ABŞ dövlət departamenti tərəfindən bu ilin yanvarında yayılmışdı.
Mənbə:> Oxu.Az