İlham Əliyev və xanımı Tofiq Bəhramov adına Respublika Stadionunda
İyunun 4-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Avropa Oyunları çərçivəsində kamandan oxatma yarışlarının keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda yaradılan şəraitlə tanış olublar.
AzNews.info AZƏRTAC-a istinadən bildirir ki, Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.
Qeyd edək ki, “Bakı-2015” ilk Avropa Oyunları zamanı bu stadionda keçiriləcək kamandan oxatma yarışlarında 39 ölkədən 64-ü qadın və 64-ü kişi olmaqla, 128 idmançı iştirak edəcək. Atletlər iyunun 16-dan 22-dək medallar uğrunda mübarizə aparacaqlar.
Prezident İlham Əliyev və ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva stadionun sxemi ilə tanış oldular. Oyunlar zamanı idmançılar, media işçiləri və avropalı qonaqlar üçün ayrıca istirahət otaqları, müsahibələr üçün xüsusi zona ayrılıb. Məşq meydanında idmançılar üçün 22 hədəf təyin olunub. Bir hədəf maksimum üç idmançı üçün nəzərdə tutulub. Yarış meydanı üçün isə iki hədəf təyin edilib. Hədəflə idmançı arasında məsafə 70 metrdir. Hədəfin diametri 122 santimetr təşkil edir. Kamandan oxatma yarışı Olimpiya Oyunları arasında fiziki məhdudiyyətli şəxslər də daxil olmaqla hər kəsə eyni imkanlar verən yeganə oyundur. Yarışlara gələn tamaşaçılar üçün burada xüsusi tibb məntəqəsi də fəaliyyət göstərəcək. Burada çalışanlar üçün rahat iş mühiti yaratmaq məqsədilə xüsusi fasilə və istirahət otaqları ayrılıb.
Avropanın məşhur ox atan idmançıları 7 yarış günü müddətində Tofiq Bəhramov adına Respublika Stadionunda qalibiyyət uğrunda mübarizə aparacaqlar. Avropa Oyunlarında yarışlar fərdi və qrup halında, eyni zamanda, qarışıq qrup şəklində Olimpiya Oyunları formatında keçiriləcək. Ümumilikdə 5 medal dəsti təqdim olunacaq. Kamandan oxatma yarışları, həmçinin 2016-cı il Rio Yay Olimpiya seçmə yarışları üçün yüksək xallar uğrunda mübarizəyə imkan yaradacaq.
Mənbə:> AzərTAc