Əli Əhmədov: "Kim buna hansı gözlə baxırsa, öz işidir"
"İlk Avropa Oyunlarının keçirilməsi məsuliyyətini öz üzərinə götürmüş Azərbaycana daha diqqətli yanaşmaq ədalətli olardı. Amma, təəssüf ki, biz bunun əksini görürük."
ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov deyib.
O bildirib ki, indi Azərbaycana qarşı ABŞ-ın, Avropanın bir çox dairələrindən qarayaxma kampaniyası aparılır. Onlar Azərbaycanın gördüyü bu işin üzərinə kölgə salmağa çalışırlar. Bütün bunların hamısı nə qədər ikili standartların təzahürü olsa da, Azərbaycanın haqq işini həyata keçirməsinə maneə ola bilməyəcək. Biz öz işimizi görürük və üzərimizə götürdüyümüz öhdəliyi layiqincə yerinə yetiririk. Kim buna hansı gözlə baxırsa, öz işidir."
Onun sözlərinə görə, bu hərəkətlər, qarayaxma kampaniyası onu həyata keçirənlərə başucalığı gətirəcəyini güman etmirəm. Görünən odur ki, onlar daxilən belə missiyaları həyata keçirməyə kökləniblər, həmişə belə işlərlə məşğul olurlar.
Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan xarici dairələrin qarayaxmalarına müəyyən qədər alışıb: "Bir neçə il bundan əvvəl Azərbaycanda mötəbər «Avroviziya» mahnı yarışması keçiriləndə də belə hallarla qarşılaşmışdıq. Amma Azərbaycan bu yarışmanı çox yüksək səviyyədə keçirdi. İndi ilk Avropa Oyunlarının keçirilməsi üçün bütün zəruri hazırlıq işləri başa çatdırılıb. İştirakçı tərəflər məlumdur və çox az müddətdən sonra onlar öz missiyalarını yerinə yetirəcəklər. Azərbaycanın adı ilk Avropa Oyunlarının keçirildiyi məkan kimi bu oyunların tarixinə yazılacaq."
Mənbə:> ANSPRESS