“Azəryolservis”: Nəqliyyatın fasiləsiz hərəkəti təmin olunub – VİDEO+FOTO
382 ədəd texnika və maşın-mexanizm cəlb olunub.
Ölkə ərazisində mövcud olan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Azəryolservis” ASC gücləndirilmiş iş rejiminə keçib.
“Azəryolservis” ASC-dən Oxu.Az-a daxil olan məlumata görə, respublika avtomobil yollarının qar və buzdan təmizlənməsi üçün 689 ədəd, Bakı şəhərinin yollarına xidmət göstərmək üçün isə 382 ədəd texnika və maşın-mexanizm cəlb olunub.
Gecə boyu və səhər saatlarında yolların qardan təmizlənməsi, buzlaşmış ərazilərə duz və qumun səpilməsi istiqamətində işlər dayanmadan aparılıb.
Aparılmış işlər nəticəsində nəqliyyatın hərəkətində hər hansı bir fasilə baş verməyib.
Hazırda da Bakı şəhərin küçə və prospektlərində, kənd və qəsəbələrə gedən avtomobil yollarında nəqliyyatın hərəkətində heç bir problem yaşanmır. Nəqliyyatın hərəkətinin fasiləsiz təmin olunması üçün işlər davam etdirilir. Bunun üçün kifayət qədər duz və qum ehtiyyatı var.
Respublikanın avtomobil yollarında da nəqliyyatın hərəkətində hər-ciddi bir problem yaşanmır. Respublika əhəmiyyətli bütün avtomobil yollarında nəqliyyatın fasiləsiz hərəkəti təmin olunub.
Qarın dayanmadan yağması və güclü şaxtanın olması ucqar dağ kəndlərinə gedən yollarda nəqliyyatın hərəkətində müəyyən qədər problemlər yaradıb. Həmin yolların da qardan və buzdan təmizlənməsi istiqamətində fasiləsiz olaraq işlər aparılır.
Mənbə:> Oxu.Az