İlham Əliyev: Almaniya Bundestaqının bizimlə nə işi var? – VİDEO
Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş yoxdur.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin bugünkü iclasında deyib.
“Ermənistan sadəcə olaraq danışıqlar prosesini boykot edir, maksimum dərəcədə bu məsələni uzatmağa çalışır”, - prezident bəyan edib.
İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında qəbul olunan qətnamədə münaqişə ilə bağlı əks olunan bəndin də qərəzli olduğunu vurğulayıb.
“Bu yaxınlarda Avropa Oyunları zamanı qətnamə qəbul ediblər. Qətnamənin mətnində məruzəçilər tərəfindən təklif edilmiş mətndə yazılmışdır ki, Assambleya nəzərə alır ki, Azərbaycan torpaqları işğal altındadır. Götürürlər, dəyişirlər o cümləni, yazırlar ki, Assambleya nəzərə alır ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur.
Bu nə deməkdir? Bu açıq aydın anti Azərbaycan mövqeyidir”, - dövlət başçısı deyib.
İlham Əliyev qeyd edib ki, Azərbaycana qarşı çirkin kampaniya aparılır və önəmli tədbirlər zamanı bu, daha da alovlanır.
“Bu gün əfsusslar olsun ki, Avropada faşizm baş qaldırır, irqçilik, islamafobiya, ksenafobiya, antisemitizm. Və bu təkcə müsəlmanlara qarşı deyil. Və əlbəttə ki, müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələr birləşib.
Eyni zamanda Azərbaycanda beşinci kalonun qalıqlarının himayədarları bizə qarşı hücuma keçiblər”, - İlham Əliyev deyib.
Dövlət başçısının sözlərinə görə, Avropa Oyunları ərəfəsində və oyunlar zamanı Azərbaycana qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoydu.
“Ancaq bu informasiya müharibəsində Azərbaycan xalqı və dövləti qalib gəldi. Çünki bu kampaniya və kampaniyanın son mərhələsi bir daha göstərdi ki, bizim iradəmizə heç bir kənar qüvvə təsir edə bilməz”, - o deyib.
Dövlət başçısı bildirib ki, Avropa Oyunlarının açılışına iki gün qalmış Avropa parlamentində Azərbaycana qarşı qərəzli qətnanmə müzakirəyə çəxarılsa da, qəbul olunmayıb, Almaniya Bundestaqında isə anti Azərbaycan mövzusuna həsr olunmuş qətnamə qəbul edilib, bu da bir daha ölkəmizin və onun uğurlarını gözdən salmağa çalışan çirkin kampaniyanın tərkib hissəsidir.
“Sual olunur. Almaniya Bundestaqının bizimlə nə işi var? Və Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı, hakimidirdmi, hamı onlara tabe olmalıdır? Görünür ki, onlar pis öyrəşiblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir. Onlardan bizim heç bir istəyimiz yoxdur, əksinə bizim qazımız, müqavilələrimiz onlara lazımdır. Bizim neftimiz onlara lazımdır. Bizim bu coğrafiyada fəaliyyətimiz onlara lazımdır”, - prezident bəyan edib.
İlham Əliyev anti Azərbaycan qətnamələrinin heç bir əhəmiyyətinin olmadığını vurğulayıb.
“Bununla bərabər ikitərəfli formatda Avropa ölkələri ilə bizim problemlərimiz yoxdur və bir çox hallarda Avropanın aparıcı ölkələrinin liderləri ilə görüşlər əsnasında bütün bu iradları mən əlbəttə ki, deyirəm.
Deyirlər ki, fikir verməyin, onlar o fikrə layiq deyillər. Biz fikir vermirik. Əgər fikir versəydik, onların dediklərini edərdik. Burada heç kim onların dediyini etməyəcək.
O qətnamələr bizim üçün kağız parçasıdır. Ona görə heç kim heç vaxt onları icra etməyəcək. Onu bilsinlər. Azərbaycan xalqı bilsin və o çirkin yazıları tərtib edənlər də bilsinlər.
Azərbaycanla diktat dili ilə danışmaq olmaz, Azərbaycanla dost olmaq olar, tərəfdaş olmaq olar. Biz buna hazırıq. Gələcəkdə də bu istiqamətdə gedəcəyik”, - İlham Əliyev deyib.
Mənbə:> Oxu.Az