Polis aksiya keçirilən meydanı mühasirəyə aldı – CANLI
İrəvanın Baqramyan prospektində keçirilən etiraz aksiyasının iştirakçıları polis tərəfindən mühasirəyə alınıb.
AzNews.info saytı NEWS.am portalına istinadən bildirir ki, hüquq-mühafizə və xüsusi xidmət orqanları əməkdaşları Baqramyan prospektinə daha heç kimi buraxmırlar (lakin bəzi məlumatlara görə, İrəvanın Fransa meydanı tərəfdən yeni qüvvələr gələrək mitinqçilərə qoşulurlar). Polis mitinqçilərin əllərindəki səsgücləndiriciləri alıb. Aksiyanın zor gücünə dağıdılmasına hər an başlanıla bilər.
Qeyd edək ki, Ermənistanın polis rəisi Vladimir Qasparyan İrəvanın mərkəzindəki Baqramyan prospektində artıq 7-ci gündür davam edən dinc etiraz aksiyasının iştirakçılarını zor tətbiq etməklə hədələyib.
Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, polis rəisi aksiyaçılara sonuncu xəbərdarlığını edib.
“Kimlər burada qalacaqsa, onlara qarşı müəyyən tədbirlər görüləcək” - deyə mitinqin təşəbbüs qrupunun üzvlərinə yaxınlaşan V.Qasparyan bəyan edib.
Erməni mətbuatı polis rəisinin bunu deyərkən həddən artıq qəzəbli olduğunu bildirib. V.Qasparyan aksiya məkanında qalanlara güc tətbiq ediləcəyini dönə-dönə bildirib.
Mitinq iştirakçılarından biri polis rəisinə belə sual verib: “Siz bunu hansı əsasla edəcəksiniz?”
V.Qasparyanın cavabı belə olub: “Qanunun mənə verdiyi hüquq əsasında...”
Yada salaq ki, Ermənistan polisi Baqramyan prospektində elektrik enerjisi tariflərinin bahalaşmasına qarşı keçirilən etiraz aksiyası iştirakçılarına bundan əvvəl - bu gün günün birinci yarısında da xəbərdarlıq etmişdi.
Polis rəsmiləri bildirmişdilər ki, bu addım ictimai sabitliyin bərpa olunması zərurəti ilə atılır.
İrəvanın polis rəisinin müavini, polkovnik Valeri Osipyan demişdi ki, aksiyaçıların hərəkətləri qanunsuzdur: “Biz təkrar izah edəcəyik ki, onlar təcili aksiyanı dayandırsınlar. Mən inanıram ki, xalq bizim izahatımızı başa düşəcək. Əks halda biz ictimai asayişi bərpa edəcəyik”.
Mənbə:> Virtualaz.org