Birinci Avropa Oyunlarının məşəli Sabirabadda » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, İdman, Maqazin, Foto

Birinci Avropa Oyunlarının məşəli Sabirabadda – FOTO

Birinci Avropa Oyunlarının məşəli Sabirabadda


Birinci Avropa Oyunlarının məşəlinin Azərbaycanın bölgələrinə səyahətinin 10-cu günü ölkənin iki nəhəng çayının – Kürlə Arazın qovuşacağının yerləşdiyi rayonda tamamlandı. Amma əvvəlcə o, Saatlı rayonunun qonağı oldu. Ərazisi düzənlik və dəniz səviyyəsindən 28 metr aşağı olan rayon hələ qədim daş dövründən, əlverişli iqlimi və təbii şəraitinə görə, insan məskəni olub. Həmin şəraitin rayonun kənd təsərrüfatında əhəmiyyəti bu gün də danılmazdır.

Oxu.Az xəbər verir ki, 1943-cü ildə müstəqil rayon kimi təşkil edilmiş, lakin 1963-cü ildə Sabirabada birləşdirilmiş, iki il sonra yenidən ayrıca inzibati vahid olmuş Saatlının müasir görkəmi də göz oxşayır.

Son illərdə inşa olunmuş Araz çayı üzərində uzunluğu 238 və 320 metr olan iki böyük körpü, şəhidlərin xatirəsinə abidə kompleksi, 31 mart azərbaycanlıların soyqırımı xatirə kompleksi, "Heydər", "Muğan" və "Fəvvarələr" parkları şəhərin görkəmini xeyli dəyişib.

Yeni inşa edilmiş və idmanın inkişafına xüsusi təkan vermiş olimpiya idman kompleksinin respublika yarışlarında uğurların artmasına təsiri xüsusi qeyd oluna bilər. Elə məşəl festivalının keçiriləcəyi yol boyunca, Bayraq meydanı, həmçinin son illər xüsusi memarlıq üslubunda inşa edilmiş binalar və yürüşün finiş xətti olacaq Heydər Əliyev meydanı da diqqət çəkir.

Heydər Əliyev prospektində quraşdırılmış tağdan başlamaqla, məşqçi-müəllim Mirhəbib Əzizovun başladığı məşəl yürüşündə 2,63 km-lik yolu taekvondo məşqçisi Pərviz Məmmədov, ictimai fəallar Elşən Əzizov və Mehriban Ağayeva, orta məktəb müəllimləri Xanım Allahyarova, Seymur İslamov və Vüqar Namazov, veteran idmançı, məşqçi-müəllim Əbülfəz Əliyev, mədəniyyət işçisi Rauf Məmmədli qaçdılar. Heydər Əliyev meydanında qurulmuş səhnəyə məşəli sonuncu yürüşçü, mədəniyyət işçisi İntiqam Həsənov gətirdi. Oyunların burada yandırılan çırağını sərbəst güləş üzrə yeniyetmələr arasında ölkə çempionu Namaz Cəfərov şəhər ictimaiyyətinə təqdim etdi.

Məşəl estafetinin iştirakçısı olmuş idman veteranı Əbülfəz Əliyev fikirlərini açıqladı:

“Avropa Oyunlarının həyəcanı bütün ölkəni bürüyüb və gündən-günə artmaqdadır. Çünki əsas tarixi məqama – açılış gününə cəmi bir aya yaxın vaxt qalıb. Nəhayət, məşəl doğma Saatlıma qədəm qoydu. Hamımız bu anı gözləyirdik və indi böyük sevinç içindəyik. Bəlkə heç kimin yuxusuna girməzdi ki, nə vaxtsa belə bir hadisə Azərbaycanda baş verə bilər – Avropanın birinci Oyunları məhz ölkəmizdə - paytaxt Bakıda keçiriləcək. Əlbəttə, bu, idmançılarımızın beynəlxalq arenalarda qazandığı uğurların, ölkədə iqtisadi yüksəlişin, sabitliyin, tolerantlığın, bir sözlə, doğru siyasətin nəticəsində mümkün olub. Bir idman veteranı kimi, bu Oyunların idmançılarımızın parlaq qələbələri ilə başa çatmasını arzulayıram və inanıram ki, belə də olacaq”.

Bu qədim torpaqda keçən maraqlı qarşılanma mərasimindən sonra məşəl karvanı Sabirabada yola salındı. Azərbaycan ədəbiyyatında ictimai satiranın banisi olan Mirzə Ələkbər Sabirin 1931-ci il oktyabrın 7-də adı verilmiş rayona məşəl axşam saatlarında yetişdirildi.

Əvvəlcə estafet iştirakçıları rayonun məşhur yerləri ilə tanış oldular. Bir vaxtlar Arazboyu zonanın təsərrüfat və iqtisadi mərkəzi kimi inkişaf edən Sabirabadın qarpızı ilə yanaşı, pomidor istixanaları da məşhurdur.

Bu təsərrüfatın fəaliyyəti ilə tanışlıq, sonra rayonun ən məşhur ərazisində - Kür və Araz çaylarının qovuşduğu Suqovuşanda davam etdi. Sabirabadın rəngarəngliyi bu ərazidən aydın görünür: Bir hissəsi Kür çayının sağ sahilində Muğan düzündə, bir hissəsi Kür çayının solunda - Şirvan düzündə, digər bir hissəsi Araz çayının sol sahilində Mil düzündə yerləşir. Burada təbiətin seyrinə çıxan məşəlçilər fotoşəkillər çəkdirdilər.

Opera ifaçısı, SSRİ xalq artisti Lütfiyar İmanovun dünyaya göz açdığı məkan kimi tanınan Sabirabadda özünəməxsus idmançılar məktəbi də var.

2008-ci ildə olimpiya idman kompleksinin istifadəyə verilməsi idman ənənələrinin geniş spektrdə inkişafına yeni cizgi oldu. Yerli güləş məktəbinin yetirməsi, 1987-ci ildə yeniyetmə yunan-Roma güləşçiləri arasında SSRİ çempionu olmuş Azad Əsgərov qaydasız döyüş üzrə dünya, Xamiz Məmmədov isə karate üzrə Avropa çempionlarıdırlar. Son illər güləş, boks və şərq döyüş növləri üzrə yeni parlaq nəsil yetişməkdədir. Futbol məktəbinin yetirmələrindən Rəşid Özbəyov Sovet dövründə ölkənin aparıcı futbol komandası “Neftçi”nin üzvü olub və məşqçi kimi onun başçılığı ilə rayonun “İnşaatçı” klubu isə 1993-cü ildə ölkə kubokunun finalçısı olub.

Pankration federasiyasının prezidenti Azad Əsgərovun başladığı estafet Heydər Əliyev prospekti boyunca 3,23 km məsafəni əhatə etdi. Bu yürüşü məşqçi-müəllimlər - regionda güləş ənənələrinin formalaşmasında böyük xidmətləri olmuş Mirəflan Ağayev və Seyfulla Mehdiyev, ictimai fəallar - Ramiz Məmmədov, veteran futbolçu İbrahim İbrahimov, atlet Rüfət Mehdiyev və Mərkəz Regional Futbol Federasiyasının prezidenti Nadir Quliyev, həmçinin Bakı 2015-in rəsmi tərəfdaşının nümayəndəsi İlham Əzimov, tələbə və peşəkar idmançı Əlicabbar Nuriyev, Bakı 2015-in ulduz elçisi İlkin Həsəni və məktəbli Seymur Adışov davam etdirdilər. Pəhləvan Amid Babayev məşəllə Heydər Əliyev parkının tağından keçərək, burada quraşdırılmış səhnəyə çıxdı. O, Avropa Oyunlarının çırağını yandırdı və 11-ci sinif şagirdi Nərgiz Əsgərova onu rayon ictimaiyyətinə təqdim etdi.

Bu anda möhtəşəm Alov Festivalı başlanmışdı. Mərasim mədəniyyət və incəsənət ustalarının çıxışları ilə davam etdi. İzdihamlı tədbirə toplaşanlar məşəl estafetinin iştirakçıları ilə səmimi söhbət etdilər. Avropa Oyunlarının canlı rəmzləri isə yerli gənclərin və yeniyetmələrin diqqət mərkəzində idi.

Estafetin ilk iştirakçısı olmuş yerli pəhləvanlıq məktəbinin tanınmış simalarından Mirəflan Ağayev təəssüratlarını paylaşdı:

“Bu Oyunlar artıq Azərbaycanın nüfuzunun dünya səviyyəsində təsdiqidir. Avropada böyük idman ənənələri olan, neçə-neçə olimpiya oyunlarına ev sahibliyi etmiş şəhərlər ola-ola, məhz Bakının, müstəqilliyini cəmi iki onillikdir əldə etmiş Azərbaycanın paytaxtının belə bir şərəfə nail olması da bunu əyani sübut edir. Amma bizim üçün bu, həm də Azərbaycan haqqında həqiqətləri Avropaya, dünyaya çatdıran gözəl vasitədir.

Tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarının təkcə paytaxt Bakını deyil, rayonları da öz qanadı altına alması təqdirəlayiq hadisədir. Onun iştirakçılarından biri olmaq mənim üçün qürur mənbəyi, gözəl xatirədir. Bir məşqçi kimi, Avropa Oyunları yetirmələrimə böyük yarış həyəcanını, olimpiya ehtirasını aşılamaq, beynəlxalq təcrübənin nə olduğunu göstərmək üçün gözəl fürsət olacaq. Həm də bütün varlığımızla idmançılarımızı qələbəyə səsləyəcəyik”.

Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.

Sabirabadda daha bir maraqlı günü geridə qoyan məşəl karvanı Araz sahili boyunca səyahətini davam etdirərək, sabah səhər İmişlinin qonağı olacaq, axşam saatlarında isə Füzuli rayonunun Horadiz şəhərində Alov Festivalı keçiriləcək.

Alovun səyahəti barədə az.baku2015.com/Flame veb səhifəsindən ətraflı məlumat almaq olar.

Birinci Avropa Oyunlarının məşəli Sabirabadda
Birinci Avropa Oyunlarının məşəli Sabirabadda

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *