Nə yazdan xəbər var, nə bazarlarda ucuzluqdan...
Təqvimdə yaz bir həftədən çoxdur gəlsə də, Azərbaycanda hələ yazın gəlişini göstərən əlamət yoxdur. Havalar əsl qış havasıdır. Elə bazarlarda da yaz ucuzluğunun əlamətləri gözə dəymir, əksinə, Novruzdan sonra bahalaşma müşahidə olunmaqdadır.
Novruz bayramından sonra bəzi kənd təsərrüfatı məhsullarda qıtlıq yarandığından qiymətlər iki-üç dəfəyədək qalxıb. Ən kəskin artım isə soğanın qiymətində hiss olunur. Hazırda Bakı bazarlarında soğanın qiyməti 1 manat 20 -1 manat 70 qəpik arasında dəyişir. Bayramdan əvvəl 6 manata satılan Hövsan soğanının qiyməti 5-6 manat, “Sabir” sortu isə 50-70 qəpik artıb.
Virtualaz.org-un əməkdaşları paytaxtın 8-ci kilometr qəsəbəsində yerləşən, el arasında “Vosmoy” bazar kimi tanınan bazarda qiymətlərlə maraqlanıb. Bəlli olub ki, bahalaşma bu bazardan da yan keçməyib, hətta əksinə mağazalarda 1 manat 20 qəpiyə satılan Ağdam soğanı bazarda 1 manat 50 qəpikdən təklif edilir. İrandan gətirilən kartof 70, Tovuz və Gədəbəy kartofu isə 1 manatadır. Bayramdan öncə 1 manat 50 qəpik - 3 manata təklif olunan pomidor indi 4-5 manata satılır, xiyarın kiloqramı isə 5-6 manatdan aşağı deyil. Alma, banan, narınginin qiymətində 20-50 qəpik artım var, amma üzümün kiloqramı 70 qəpiyədir.
Satıcılardan biri soğanın bahalaşmasını mövsümlə əlaqələndirərək deyir ki, hər ilin bu vaxtında köhnə soğanın dövrü bitir, təzə soğan çıxana kimi qiymət artır. Digəri isə söyləyir ki, hər il bu mövsümdə qiymət artsa da, indiki kimi bahalıq görməyib.
“Əvvəl 30 kiloqramlıq soğan kisəsini 7 manata alırdıq, bu həftə sonu isə kisəyə 40 manat verdim. Türkiyəyə 60 qəpiyə soğan satırlar, biz 1 manata soğan tapmırıq”, -satıcıgileylənir.
Bazarda təzə kartofun kiloqramı 1 manatadır, satıcılar özləri də etiraf edirlər ki, yerli kartof qeybə çəkilib, İran kartofu yerli mal adı ilə sırınır.
Meyvə-tərəvəzdən fərqli olaraq balıq ucuzlaşır, bu isə bayramdan sonra təlabatın azalması ilə əlaqələndirilir. Süd məhsulları və göyərtilərin qiymətində də artım yoxdur. “Düzdür, 3-4 gün əvvəl göyərti qıtlaşmışdı. Bu da rayonlardakı yağışlarla bağlı idi. Amma biz qiyməti artırmadıq, bir az göy dəstələrini seyrəltmişdik. İndi, şükür Allaha, hava düzəlib, göyərti bollaşıb. Dəstəsi 10 qəpiyə, hələ axşam bazarı 5 qəpiyə də satırıq”, -Amil adlı satıcı deyir.
Onu da öyrənirik ki, “Diqlas” Ticarət Mərkəzindəki yanğından sonra küçədəki piştaxta və arabaların yığışdırılmasına göstəriş verilib. Paltar bazarındakı piştaxtalar sökülüb, arabalar yığışdırılıb. Bu da qiymətlərə təsir edir.
“Piştaxtalar binaların arasına daşınıb, arabalar da yığışdırılır. Söz veriblər ki, vəziyyət sakitləşəndən sonra yenidən icazə veriləcək. “Bir tərəfdən bayram, bir tərəfdən qıtlıq, bir tərəfdən də yanğın satışı zəiflədib. Ümidimiz gələn ayadır”, -satıcılardan biri gileylənir.
Hazırda bazarın dörd bir yanında söküntü gedir, gediş-gəlişə mane olan piştaxtalar yığışdırılır, qalaq-qalaq yığılmış tullantılar təmizlənir...
Mənbə:> Virtualaz.org