Prezident baş vermiş zəlzələ ilə əlaqədar tapşırıq verdi
Azərbaycan Prezidenti İlham Əliyev ötən gecə baş vermiş zəlzələnin fəsadlarının araşdırılması və aradan qaldırılması ilə bağlı tapşırıqlar verib. Dövlət başçısının tapşırığına əsasən, aidiyyəti qurumların rəhbərləri zəlzələdən zərər çəkən vətəndaşlarla görüşüb, yeraltı təkanların fəsadları ilə tanış olublar. Sakinlərə vaxtında kömək göstərilib və lazımi yerlərdə yerləşdirilmələrinə şərait yaradılıb.
AzərTAc-ın məlumatına görə, hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin 112 “qaynar xətti”nə dörd rayon üzrə 73 müraciət daxil olub.
Müraciətlərdə ciddi fəsadların olmadığı qeyd edilib. Heç bir evdə böyük uçqun baş verməyib. Yalnız evlərin divarlarında içəridən və bayırdan müəyyən çatlar olub. Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Şimal-qərb Regional Mərkəzinin 118 nəfərlik şəxsi heyəti, 15 texnikası və xüsusi təlim keçmiş itlər dərhal bölgəyə cəlb olunub.
Zəlzələnin baş verdiyi ərazinin vəziyyətinin qiymətləndirilməsi və nəticələrinin aradan qaldırılması üçün dövlətimizin başçısının tapşırığına əsasən, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və nazirliyin digər rəhbər şəxsləri zəlzələ nəticəsində zərər çəkmiş binaların vəziyyəti ilə tanış olub, yerli sakinlərlə söhbət aparıblar.
Zəlzələdən zərər çəkmiş yaşayış evlərindəki vəziyyətlə tanış olan Kəmaləddin Heydərov bildirib ki, mütəxəssislər ziyan dəymiş binaların dayanıqlılığını və vəziyyətini araşdırırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən vəziyyət tam nəzarətə götürülüb. Rayon fövqəladə hallar komissiyaları ilə birlikdə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün zəruri tədbirlər görüləcək. Nazir deyib ki, qəzalı vəziyyətdə olan evlərin sakinləri başqa evlərdə müvəqqəti yerləşdiriləcəklər.
Azərbaycan Prezidentinin tapşırığı ilə FHN-in komissiyası Şamaxı, İsmayıllı və Ağsu rayon icra hakimiyyətlərinin fövqəladə hallar komissiyaları ilə birgə işləyirlər. FHN-in və rayon icra hakimiyyətinin əməkdaşları birlikdə zəlzələ nəticəsində qəzanın baş verdiyi və ya şikayət olunan yerlərə və vətəndaşlara baş çəkiblər. Mütəxəssislər ziyan dəymiş binaların dayanıqlılığını və vəziyyətini araşdırırlar. Araşdırmanın nəticəsində müvafiq qərar qəbul olunacaq. Evlərin təmiri və bərpa işlərinin aparılmasına dövlət tərəfindən yardım ediləcək.
Qeyd edək ki, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin nümayəndələri və könüllüləri dağıntılar baş verən yerlərdə sakinlərlə görüşürlər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, hər bir sakinin evində olan nümayəndələr mövcud vəziyyət barədə məlumat toplayaraq müvafiq strukturlarla birgə iş aparırlar.
Hadisə ilə əlaqədar tibbi yardım üçün 30 müraciət olub. Xəsarət alan üç nəfərdən birinin qolu sınıb, ikisinin ayağı əzilib. Onlara təcili tibbi yardım göstərilib və evə buraxılıb. Zəlzələ ilə əlaqədar Şamaxı Mərkəzi Rayon Xəstəxanası gücləndirilmiş iş rejimində çalışıb, gecə ərzində altı təcili tibbi yardım briqadası xidmət göstərib.
Zəlzələnin sürüşmə sahələrinə təsirini öyrənmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssislərindən ibarət yaradılan işçi qrup monitorinq və müşahidələr aparmaq üçün Şamaxı, Ağsu və İsmayıllı rayonlarına ezam olunub.
Zəlzələ nəticəsində zərərçəkən vətəndaşlar dövlətimizin başçısının diqqət və qayğısına görə minnətdarlıqlarını bildirib, aidiyyəti qurumlar tərəfindən onların problemlərinin aradan qaldırılması üçün görülən işlərdən razılıqlarını ifadə ediblər.
Xatırladaq ki, fevralın 5-6-da Azərbaycan ərazisində yeraltı təkanlar qeydə alınıb. Belə ki, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.
Fevralın 6-da yerli vaxtla saat 02:34-də Pirqulu stansiyasından 8 kilometr cənub-qərbdə - İsmayıllı rayonu ərazisində 3 bal gücündə zəlzələ baş verib. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
Daha bir yeraltı təkan yerli vaxtla saat 04:25-də Pirqulu stansiyasından 9 kilometr cənub-qərbdə İsmayıllı ərazisində 3,9 bal gücündə qeydə alınıb. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss edilməyib.
Mənbə:> AzərTAc