Lənkəranda Dairəvi qala uçub dağılır
Lənkəran rayonunun simvolu olan qədim tarixi abidə - Dairəvi qala məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. 1747-86-cı ildə inşa olunan və Azərbaycanın tarixi və mədəni abidələrin reyestrində yerli əhəmiyyətli abidə kimi qeydə alınan qalaya bitişik çoxmərtəbəli bina tikildiyindən əsrlərin yadigarının damı artıq tamamilə çöküb. Bu cür davam eləsə, yaxın vaxtlarda qədim tikilidən heç nə qalmayacaq.
Bu şikayətlə virtualaz.org-a Lənkəran sakinləri müraciət ediblər. Onların sözlərinə görə, illərdir ki, təmir-bərpa işləri aparılmadığından qala baxımsız vəziyyətə düşüb. Sakinlər tərəfindən dəfələrlə aidiyyati orqanlara müraciət olunsa da, abidənin məhv olmasının qarşısını almaq üçün heç bir tədbir görülməyib.
“Dairəvi qala sökülüb dağılır. İçəridəki otaqlar bərbad vəziyyətdədir. Yeni tikili, demək olar ki, qalaya yapışdığından abidənin görkəminə də xələl gətirir. Yaxın günlərdə 3 əsrə yaxın yaşı olan qədim tikilidən əsər-əlamət qalmayacaq”, - sakinlər bildirirlər.
Xatırladaq ki, hazırda dağılmaq üzrə olan abidə əhali arasında Zindan qalası kimi tanınır. Dairəvi qala (Zindan) Lənkəran qalası ilə eyni vaxtda inşa edilib və hər iki qala ümumi Lənkəran qala sisteminin iki tərəfdən dayaq məntəqələrinə çevrilib. Bu qala 1869-cu ilə kimi cənub zonasında baş verən müharibələrdə mühüm müdafiə və dayaq məntəqəsi rolunu oynayıb. Ərazinin rus qoşunları tərəfindən işğalından sonra ümumi qala divarları dağıdılıb və hərbi qala ləğv edilib. Dairəvi qaladan isə həbsxana kimi istifadə edilməyə başlanılıb. Deyilənlərə görə, dustaqlar buraya Zindan ilə Mayak arasında olan gizli yeraltı yol ilə gətirilirlərmiş. Bu da qalaya gətirilənlərin məxfiliyini təmin edirmiş.
Dairəvi qaladan 1970-ci ilə qədər həbsxana kimi istifadə edilib. Hətta bəzi mənbələrdə İosif Stalinin bu qalada dustaq saxlanıldığı qeyd olunur.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov virtualaz.org-a açıqlamasında Dairəvi qalanın damında yaranmış qəza vəziyyəti ilə bağlı müvafiq addımların atıldığını dedi. Onun sözlərinə görə, abidənin təmir-bərpa olunması üçün sənədlər hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim olunub: “Təmir-bərpa işlərinə 2019-cu ildə başlanılması nəzərdə tutulur. O ki qaldı abidəyə yaxın ərazidə bina inşa olunması məsələsinə, qeyd edim ki, bina abidənin mühafizə zonasından kənarda inşa olunur. Yəni abidəyə təhlükə törətmir. Lakin ümumi görnüşə xələl gətirir. Tikintinin getdiyi ərazi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində deyil”.
Abidənin qorunmasına birbaşa cavabdehlik daşıyan Lənkəran Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, faydalı məlumat ala bilmədik. İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri RİH-in rəsmi saytında qeyd olunan telefon nömrələrinin heç birinə cavab vermirlər. Telefona cavab verən şöbələr isə problemlə bağlı müraciəti bir-birinin üzərinə atır. İctimai-siyasi, humanitar məsələlər şöbəsindən isə bu məsələnin onlara aid olmadığını deyib telefonu qapatdılar.
Qalanın əvvəlki görünüşü
Xatırladaq ki, daha əvvəl virtualaz.org Lənkəran şəhərinin mərkəzindəki unikal parkın vəhşicəsinə məhv edilərək dağıdılması ilə bağlı yazmışdı. Lənkəran Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasının düz qarşısında yerləşən parkın ağacları kəsilərək yerində ticarət obyektləri tikilirdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA təşkilatı Lənkərandakı xiyabanda nadir ağacların kütləvi şəkildə qırılması faktlarını araşdırıb. Nəticədə parkda ağac qətliamının qarşısı alınıb, Lənkəranın hakimiyyət orqanları kəsilən ağacların yerində yeni ağaclar əkib və burada nəzərdə tutulan ticarət obyektlərinin tikintisi ləğv olunub.
Mənbə:> Virtualaz.org