Bakıda məşhur Kazımovskilərin mülkü dağılır
Bakının mərkəzində - Yasamal rayonu, Həzi Aslanov küçəsi 11-də yerləşən iki əsrlik tarixi bina dağılmaq üzrədir. 1894-cü ildə inşa edilmiş bina Nazirlər Kabinetinin 132 saylı qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi siyahıya alınır, dövlət tərəfindən qorunur. Amma baxımsız qaldığından qəzalı vəziyyətə düşüb.
Sakinlər virtualaz.org saytına deyiblər ki, binanın vəziyyəti ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanladıqları şikayət Yasamal Rayon İcra Hakimiyyətinə, oradan isə ərazi mənzil istismar sahəsinin üstünə göndərilir. İllərdir otür-ötür oyunu bitmir.
Respublika Prokurorluğu ilə Memarlıq İttifaqının bir addımlığında yerləşən bina vaxtı ilə tanınmış aktyor, vodevillərin və musiqili komediyaların müəllifi Mirmahmud Kazımovskinin mülkü olub.
Kazımovskinin oğlu, rejissor Rauf Kazımovski və nəvəsi rejissor Ələkbər Kazımovski də bu binada yaşayıb. Binanın giriş qapısında Kazımovskinin xatirə lövhəsi və binanın tarixi abidə kimi qorunduğunu əks etdirən lövhə də asılıb. Sakinlər deyirlər ki, binanın əsaslı təmiri ilə bağlı icra hakimiyyətinə etdikləri müraciət cavablandırılıb. Onlara baş verə biləcək qəzadan qorunmaq üçün öz hesablarına kirayəyə köçməyi məsləhət biliblər.
“Dedilər ki, binanı təmir etdirməyə maddi vəsait yoxdur, kirayəyə köçün ki, uşaqlar yıxılıb xəsarət almasınlar”, -sakinlərdən İlahiyə Ocahverdova söyləyib.
Binanın tavanı çöküb, döşəmədəki iri deşikləri örtmək üçün bir neçə yerdən yamaq vurulub, istinad divarından başlayan çatlar həyətə qədər uzanıb. İkinci mərtəbədə yaşayanların durumu daha ağırdır, taxta pilləkənlər ipdən asılmış vəziyyətdədir, hər an uca bilər. Dəhlizdəki çatlardan qonşuların evi aydın görünür. Həyətdəki yeganə ayaqyolunda kanalizasiya xətti işləmir, üfunət küçəyə qədər yayılılır.
“Evdə anadangəlmə əlil övladım var. Ona görə heç olmasa həftədə bir dəfə bazara getməyə məcburam. Bu yaşımda pilləkənləri sürünə-sürünə düşüb-çıxıram. Neçə dəfə uşaqlar yıxılıblar. Məcbur qalıb nəvələrimi kirayəyə köçürmüşəm”, -Ocahverdova əlavə edir.
Sakinlərin Prezident Adminstrasiyasına şikayətindən sonra Yasamal Rayon İcra Hakimiyyətindən ustalar gəlib, pilləkənlərin altından bir neçə yerə taxta parçası pərçimləyiblər. Gedərkən sakinlərə bərk-bərk tapşırıblar ki, dəmir və ya beton almağa pul ayrılana kimi ehtiyatlı olsunlar, ölməməyə çalışsınlar.
Sakinlərdən biri isə yaxınlıqda yeni inşa edilən çoxmərtəbəli binanı göstərir və deyir ki, daşı-daş üstünə qoyanda evləri zəlzələymiş kimi titrəyir.
“Bizə dedilər sizin ev sökülməyəcək, çünki tarixi abidədir. Amma necə ola bilər ki, illərdir təmirə pul tapılmasın?”, -digər sakin söhbətə qarışır.
Yasamal Rayon İcra Hakimiyyətindən isə deyiblər ki, tarixi binalar dövlət tərəfindən mühafizə olunur. Yəqin ki sözügedən bina da nəzərə alınacaq.
Xatırladaq ki, son illər Bakıda yerli əhəmiyyətli tarixi abidə kimi qorunan binaların bir çoxunu söküb yerində yeni çoxmərtəbəli binalar tikiblər, bir çoxlarının isə fasadına aqlay vurularaq tarixi görkəmi dəyişdirilib. virtualaz.org dəfələrlə Bakının tarixi binalarına laqeyd münasibət barədə problemləri işıqlandırıb. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti isə belə binaları təmir etmək, qoruyub saxlamaq üçün yetərli maddi imkanlara malik olmadıqlarından şikayətlənir.
Mənbə:> Virtualaz.org