Prokurorluq bayram günlərində törədilmiş iki səs-küylü qətllə bağlı məlumat yaydı
Yanvarın 2-də Abşeron rayonu, Qobu qəsəbəsi, Təzəkənd kəndində yaşayan Məmmədova Əqidə Mirzəkişi qızının yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Abşeron Rayon Prokurorluğundan virtualaz.org-a verilən məlumata görə, cinayət işi üzrə şahidlərin ifadələri alınıb, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibb, kompleks məhkəmə-kriminalistik və biolojı ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Məmmədov Rafiq Həsənoviçin qeyd edilən tarixdə, saat 16 radələrində aralarında yaranmış ailə-məişət münaqişəsi zəminində qardaşı arvadı Ə.Məmmədovanı küt alətlərlə baş nahiyəsinə vurmaqla qəsdən öldürməsində əsaslı şübhələr müəyyən olunduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Cəlilabad Rayon Prokurorluğu isə Üçtəpə kəndindəki qətllə bağlı məlumat yayıb.
Məlumatda deyilir ki, yanvarın 2-də Üçtəpə kənd sakini Cəfərova Arzu Rafət qızının qəsdən öldürülməsi barədə Cəlilabad Rayon Prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluğun və polis şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər aparılıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.
Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Sadıqov Hikmət Rafət oğlunun qeyd edilən tarixdə, saat 20 radələrində qısqanclıq zəminində bacısı A.Cəfərovanı bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri vurub qəsdən öldürməsində əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
* * *12:42
Yanvarın 2-də Abşeron rayonunun Qobu qəsəbəsində yaşayan Elçin Məmmədovun evinə gəlmiş qardaşı Rafiq münaqişə zəminində onun arvadı Əqidə Məmmədovanın baş nahiyəsinə küt alətlə xəsarət yetirib.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, o, aldığı xəsarətdən hadisə yerində ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov saxlanılıb.
Daha bir qətl hadisəsi Cəlilabadda törədilib. Hadisə dünən axşam saatlarında rayonun Üçtəpə kəndində baş verib.
Həmin kəndin sakini, 1992-ci il təvəllüdlü Hikmət Rafət oğlu Sadıqov bacısı, 1987-ci il təvəllüdlü Arzu Rafət qızı Cəfərovanı qətlə yetirib.
“Report”un məlumatına görə, A.Cəfərovanın həyat yoldaşı həbsdə olduğu üçün atasıgildə qalırmış. O, telefonla danışarkən qardaşı ondan kiminlə danışdığını soruşub. Bu zaman A.Cəfərova telefonu söndürərək kimlə danışdığını gizlədib. Daha sonra qardaş-bacı arasında mübahisə yaranıb. Mübahisə zəmnində H.Sadıqov bacısı A.Cəfərova bıçaqlayaraq qətlə yetirib.
H.Sadıqov qətli törətdikdən sonra könüllü olaraq polisə təslim olub.
Qeyd edək ki, A.Cəfərovanın 11 yaşlı bir övladı var.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə:> Report