Qara metal mafiyasının sonu çatdı...
Azərbaycanda qara metal mafiyasının sonu gətirən qanunvericilik aktının layihəsi Milli Məclisə təqdim olunub. Virtualaz.org xəbər verir ki, “İstehsalat və məişət tullantıları haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən Azərbaycanda əlvan və qara metal tullantılarının qəbulu ilə bağlı tələblər sərtləşdirilir.
Belə ki, qanunun 12-ci (Əlvan və qara metal tullantılarının idarə olunması və onların özgəninkiləşdirilməsinə tələblər) maddəsinə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən əlvan və qara metal tullantılarının idarə olunması və onların özgəninkiləşdirilməsi Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddəyə edilən əlavədə qeyd olunub ki, əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətini yalnız qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin dövlət reyestrində təhlükə potensiallı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirə bilər.
Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi qaydaları və onların əldə edilmə mənbəyinə dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilir.
Əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən, fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan, habelə radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilmədən əlvan və qara metal tullantılarının qəbul edilməsi, həmçinin qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri təhlükə potensiallı obyektlər olaraq dövlət reyestrində qeydiyyatdan keçirilməyən sahibkarlıq subyektləri tərəfindən bu növ tullantıların qəbulu fəaliyyətinin həyata keçirilməsi məsuliyyətə səbəb olur.
Layihədə bildirilib ki, bu, əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətinin tənzimlənməsi bu sahədə nəzarətin və şəffaflığın artırılması məqsədilə hazırlanıb.
Belə ki, düzəlişlər təsdiqlənəndən sonra əlvan və qara metal tullantılarının qəbulunu həmin metalların emalı (əridilməsi) ilə məşğul olan və təhlükə potensiallı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirə biləcəklər. Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından yoxlanması müvafiq qaydalara əsasən həyata keçiriləcək.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsində də dəyişiklik edilir. Dəyişikliklə cəzalar müəyyənləşib.
Məcəlləyə əlavə edilən 276-1-ci (Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməməsi) maddəsinə əsasən, təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 2 500 manatdan 3 500 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.
Əlavə edilən digər – 457-1-ci (Əlvan və qara metal tullantılarının qəbulu qaydalarının pozulması) maddəsində qeyd olunur ki, Əlvan və qara metal tullantılarının qəbulu qaydalarının pozulmasına, yəni:
-Əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən əlvan və qara metal tullantılarının qəbul olunmasına;
-fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan əlvan və qara metal tullantılarının qəbul edilməsinə;
-radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilmədən əlvan və qara metal tullantılarının qəbul edilməsinə;
-qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri təhlükə potensiallı obyektlər olaraq dövlət reyestrində qeydiyyatdan keçirilməyən sahibkarlıq subyektləri tərəfindən bu növ tullantıların qəbulu fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 400 manatdan 600 manatadək, hüquqi şəxslər 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.
Dəyişiklik layihəsi Milli Məclisin dekabrın 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Virtualaz.org bildirir ki, bu dəyişikliklər saytımızın iki aya yaxındır Bakının mərkəzlərindən tutmuş ucqarlarına qədər hər yerə səpələnmiş, havanı çirkləndirən və heç bir standarta uyğun gəlməyən metaləritmə prosesi ilə məşğul olan kustar sexlərin fəaliyyətinə dair araşdırmalarının nəticəsidir. Bu araşdırmalar ölkə rəhbərliyi səviyyəsində diqqəti cəlb edib, müvafiq orqanlar qarşısında qara və əlvan metal tullantılarının yığılması, əridilməsi , onlardan inşaat materiallarının və s. hazırlanması sahəsində illərdir hökm sürən xaosun aradan qaldırılması vəzifəsi qoyulub.
Milli Məclisə təqdim edilən dəyişikliklərin qəbul edilməsindən sonra bu xaosun nəhayət aradan qalxacağı, metal tullantılarının, o cümlədən partlayış və radiasiya təhlükəli tullantıların toplanılıb kustar sexlərdə əridilməsinə son qoyulacağı gözlənilir.
Mənbə:> Virtualaz.org