Dağlıq Qarabağın azərbaycanlı icmasının başında şuşalı gənc diplomat » AzNews.info -Xəbər portalı

Dağlıq Qarabağın azərbaycanlı icmasının başında şuşalı gənc diplomat – VİDEO

Dağlıq Qarabağın azərbaycanlı icmasının başında şuşalı gənc diplomat

Xəbər verildiyi kimi ötən həftə Dağlıq Qarabağın azərbaycanlı icması İctimai Birliyinin qurultayı olub və uzun müddətdir icmaya rəhbərlik edən 68 yaşlı Bayram Səfərovu şuşalı gənc diplomat-XİN-in əməkdaşı Tural Gəncəliyev əvəzləyib.

Virtualaz.org qeyd edir ki, ekstraordinar açıqlamaları ilə tanınan və diplomatiyadan anlayışı olmayan, ancaq yaxşı tanınan ictimai fiqur olan biznesmen Bayram Səfərovun geniş ictimaiyyət tərəfindən tanınmayan gənclə əvəzlənməsi maraqla qarşılanıb. Və KİV-lər dərhal Tural Gəncəliyevin bioqrafiyasını “eşələməyə” başlayıblar.

Belə məlum olub ki, Tural Babaşah oğlu Gəncəliyev, 6 mart 1980-ci ildə Şuşa şəhərində anadan olub. Uşaqlıq illərini Şuşanın ən qədim və məhşur məhəllələrindən biri sayılan “Çölqala Məhəlləsi”ndə yerləşən Xan qızı Xurşudbanu Natəvan, Azərbaycanın dahi bəstəkarı Uzeyir Hacıbəyov və tanınmış muğam ustası Xan Şuşinskinin ev muzeyləri ilə qonşuluqda keçirib. Bu isə onun sonradan musiqi təhsili almağına həvəs yaradıb. Daha sonra Şuşa şəhəri Vaqif Cəfərov küçəsi 28 ünvanında yaşayıb.

Dağlıq Qarabağın azərbaycanlı icmasının başında şuşalı gənc diplomat


Şuşa şəhər 4 saylı orta məktəbdə ibtidai təhsil alıb. 1987-ci ildə Şuşa şəhəri Niyazi adına musiqi məktəbində tar sinfinə daxil olub.

Şuşanın işğalı səbəbindən 1992-ci ilin may ayından etibarən Bakı şəhərinə köşüb və məcburi köçkün olaraq orta məktəb və musiqi təhsilini Bakıda davam etdirib. Amma peşəkar musiqiçi olmayıb və hüquqşünalığı seçib. 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2002-ci ildə isə eyni fakültənin magistraturasını fərqlənmə diplomu ilə bitirib.

5 avqust 2004-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsinin referenti vəzifəsinə, 2006-cı ilin 16 yanvar tarixində həmin idarənin attaşesi, 2008-ci ilin 1 may tarixində üçüncü katibi vəzifəsinə təyin edilib.

2008-ci ilin dekabr ayında Azərbaycanın Kanadadakı səfirliyinə ezam edilib.

Səfirlikdə uzunmüddətli ezamiyyət müddəti bitdikdən sonra, 25 yanvar 2013-cü il tarixində Xarici İşlər Nazirliyinin Amerika İdarəsinin Şimali və Mərkəzi Amerika şöbəsinə təyin edilib. 8 aprel 2014-cü il tarixində birinci katib vəzifəsini alıb.

2014-cü ilin 1 oktyabr tarixindən etibarən Azərbaycanın Çex Respublikasındakı səfirliyinə birinci katib vəzifəsinə təyin edilib.

Dağlıq Qarabağın azərbaycanlı icmasının başında şuşalı gənc diplomat


2017-ci ilin 16 noyabr tarixində ATƏT-in İnsan ölçüsü çərçivəsində “İnsan hüquqları və məcburi köçkünlər haqqında” Vyana şəhərində keçirilən konfransda Dağlıq Qarabağın Azərbaycanlı İcmasının təmsilçisi qismində çıxış etmək üçün Avstriyaya ezam edilib. Həmin tədbirdə o, Dağlıq Qarabağın azərbaycanlı icması İctimai Birliyini təmsil edirdi. Gəncəliyev tədbirdəki çıxışında Ermənistanın hərbi təcavüzü və Qarabağda apardığı etnik təmizləmənin canlı şahidi kimi təəsüratlarını çatdırıb. Bildirib ki, münaqişənin nizamlanmasında Dağlıq Qarabağın azərbaycanlı icması ilə erməni icması eyni dərəcədə hüquqlara malik olmalıdır. Gəncəliyev bu hüququn vaxtilə 90-cı illərin əvvəllərində qəbul olunmuş ATƏT sənədlərində də təsbit olunduğunu deyib.

Gəncəliyev 2018-ci ilin 1 oktyabr tarixindən etibarən Çexiyada uzunmüddətli ezamiyyətini başa vuraraq, Xarici İşlər Nazirliyinə geri çağırılıb.İngilis, fransız və rus dillərini bilir. Ailəlidir.

Qeyd edək ki, Dağlıq Qarabağın azərbaycanlı icmasına gənc və peşəkar diplomatın rəhbərlik etməsi bu ictimai birliyin fəaliyyətinin yeni müstəviyə keçirilməsi deməkdir. Belə görünür ki, rəsmi Bakı gələcək danışıqlarda, xüsusən Dağlıq Qarabağın aralıq və yekun statusunun müəyyən edilməsi prosesində azərbaycanlı icmasının rolunu gücləndirməyi, bu prosesdə regionun erməni və azərbaycanlı icması arasında bərabərhüquqlu danışıqların başlanmasına nail olmağı hesablayıb.



Başqa cür ola da bilməz, çünki Dağlıq Qarabağın statusu müəyyən olunarkən təkcə ermənilərin mövqeyi, iradəsi əsas sayılmamalıdır. Regionun əhalisinin 25 faizindən çoxunu təşkil etmiş və etnik təmizləmə nəticəsində öz evlərini tərk etməyə məcbur olmuş, hazırda qaçqın statusunda yaşayan azərbaycanlı icmasının da Dağlıq Qarabağın gələcək hüquqi taleyinin müəyyən olunmasında qanuni söz haqqı var. Və bu haqq tanınmadan münaqişənin hərtərəfli, ədalətli nizamlanmasına nail olmaq mümkün deyil.

Ermənistan münaqişənin həlli barədə danışanda həmişə bir nömrəli məsələ kimi Dağlıq Qarabağ ermənilərinin hüquqlarını ön plana çəkir. Lakin bir icmanın hüququ başqa icmanın hüquqlarının tapdalanması hesabına təmin oluna bilməz. İnsan hüquqları heç bir halda bir insanın digəri, bir etnik qrupun başqa etnik qrup üzərində üstünlüyü əsasında təmin edilə bilməz. Bu, beynəlxalq hüququn və təməl insan haqları normalarının əsasıdır.



Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *