“Milyonlarla adam Amerika bombalarından xilas olmaq üçün Azərbaycana qaçacaq...”
Xəbər verildiyi kimi ABŞ-ın müdafiə naziri, “quduz köpək” ləqəbli döyüş generalı Ceyms Mettis prezident Donald Trampla mübahisə edərək istefa verib. Mettis istefa məktubunda göstərib ki, Tramp ABŞ-ın müttəfiqlərinə hörmətsizik edir, amma düşmənləri və strateji rəqibləri ilə oyun oynayır.
Pentaqon rəhbərinin istefa qərarı Donald Trampın Amerika qoşunlarının Suriyadan çıxarılmasına dair əmr imzalamasından bir gün sonra elan edilib. Məlumatlara görə Mettisin istefasınd bu əmrin də rolu var. Çünki Tramp qərarı Pentaqonla məsləhətləşmədən, qəfil verib.
Virtualaz.org qeyd edir ki, Ceyms Mettis Trampın komandasında ən ağıllı və müstəqil nazir idi. O elə adam idi ki, Trampla mübahisə edə və səhvlərini üzünüə deyə bilirdi. Və bu səbəbdən neçə vaxtdır Mettislə Tramp arasında Rusiya ilə münasibətlər, Suriya, Şimali Koreya və İran kimi kritik xarici siyasət mövzularında ciddi fikir ayrılıqlarının yarandığı məlum idi.
Rusiya Elmlər Akademiyasının təhlükəsizlik problemlərini araşdırma Mərkəzinin aparıcı elmi əməkdaşı Konstantin Bloxin “Tsarqrad.tv”-yə Mettisin istefasını şərh edərkən deyib ki, Trampın administrasiyasının üzvləri üçün onun stilinə uyğunlamaq çox çətindir. Çünki Trampın idarəçilik stili böyük transmilli şirkətin idarə edilməsi üçün daha çox yarayır, nəinki ABŞ kimi dövlətin idarə olunmasına.
“Tramp üçün tam və mütləq loyallıq lazımdır. Tillersonun, Stiv Bennonun və bütün qalanların istefası bununla bağlı olub ki, onlar Trampın stilinə uyğunlaşa bilməyiblər”-ekspert deyib.
Mettisə gəldikdə isə o, Trampla, məsələn qoşunların Suriyadan çıxarılması məsələsində mübahisə edirdi. Çünki Amerika qoşunlarının çıxarılması bu regionda Rusiyanın, Türkiyənin, İranın, Əsəd rejiminin güclənməsi deməkdir. ABŞ-ın müttəfiqləri olan kürdlər isə Türkiyənin “yeminə” çevriləcək. Mettis üçün bu, Suriya kampaniyasının iflası deməkdir.
Amma ekspertə görə Mettisin səbrini daşıran sonuncu damla Suriya yox, Əfqanıstan məsələsi olub. Tramp ABŞ-ın Əfqanıstandakı 14 minlik kontingentinin yarıbayarı azaldılacağını elan edib. Bu isə generalın Əfqanıstan kampaniyasının qapadılması demək idi. Və Amerika qoşunları çıxan kimi “Taliban”ın Kabildəki oyuncaq hökuməti sürətlə devirəcəyi aydındır.
Mettisin özəlliyi həm də bunda idi ki, o sərt və yumşaq gücü bir-biri ilə çox ağıllı şəkildə uzlaşdıra bilirdi. O, bir tərəfdən qoşunların Suriya və Əfqanıstanda qalmasında israr etməklə bərabər digər məsələlərdə Trampın avantürist qərarlarına mane olurdu. Məsələn, Mettis Trampın 2017-ci ildə, Pxenyanla Vaşinqton arasında gərginliyin yüksəldiyi vaxtlarda Şimali Koreyanı bombalamaq qərarının qarşısını alıb. Habelə 2018-ci ilin aprelində Suriyada Rusiya ilə birbaşa hərbi qarşıdurmaya imkan verməyib.
Genral İran məsələsində də praqmatizm nümayiş etdirib. Mettis Trampın İranla nüvə sövdələşməsindən çıxmasına qarşı idi və başa düşürdü ki, bu Yaxın şrqdə böyük müharibəyə aparıb çıxara bilər. Habelə Mettis Trampın Avropa ilə necə davranmasından da narahat idi. O, prezidenti inandırmağa çalışırdı ki, müttəfiqləri olmadan ABŞ super dövlət ola bilməz.
“Mettis hərbçilərin elə qanadını təmsil edirdi ki, real hərbi-siyasi vəziyyəti başa düşür və ehtiyatlı siyasətin tərəfdarıdır, hansısa avantürist qərarların əleyhinədir. Administrasiyada onun kimi peşəkarlar nə qədər az olsa vəziyyət də o dərəcədə ağlasığmaz olacaq”-Rusiyanın Beynəlxalq Məsələlər Şurasının proqram direktoru İvan Timofeyev deyib.
Eksprtə görə Mettis Trampın ayaqqabısına düşmüş daş parçası idi və indi prezident onun yoxluğundan istifadə edib ordunu Suriya və Əfqanıstandan asanlıqla çıxara bilər. Hansı ki, Rusiya da elə bunda maraqlıdır.
“Lakin Mettisin qismində çəkindirici amilin yoxluğu ABŞ-ın xarici siyasətini daha da təhlükəli və proqnozlaşdırılmayan edir. Tramp üçün indi İrana qarşı müharibəyə başlamaq asan olacaq. Milyonlarla adam Amerika bombalarından xilas olmaq üçün Azərbaycana, oradan isə Rusiyaya qaçacaq”-ekspert bildirib.
Ona görə də Timofeyev hesab edir ki, əgər tərəzinin bir gözünə ABŞ-ın Suriya və Əfqabıstandan çıxmasını, digər gözünə İranla müharibəni qoyanda Pentaqonda quduz köpəyin oturması daha yaxşı olardı, nəinki impulsiv Trampın hansısa sözəbaxan əlaltısının.
Mənbə:> Virtualaz.org