Bu dəfə Məmmədyarov danışdı, Yerevanda çaxnaşma düşdü
Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyevin sərhəd qoşunlarının Ermənistanla sərhədin Qazax və Ağstafa istiqamətlərindən keçən hissəsinə yerləşdirilməsi barədə bəyanatının Yerevanda yaratdı panika səngiməmiş bu dəfə xarici işlər naziri Elmar Məmmədyarov erməniləri “dolaşdırıb”.
Əlbətdə, erməniləri dolaşdıran Məmmədyarovun azərbaycan dilindəki məlum çıxışı deyil, diplomatik korpusun nümayəndələri ilə görüşdə erməni həmkarı Zöhrab Mnatsakanyanla Milanda apardığı bir neçə saatlıq danışıqlara dair optimist bəyanatıdır. E.Məmmədyarov bildirib ki, uzun müddətdən bəri ilk dəfə onunla Ermənistan xarici işlər naziri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində “qarşılıqlı anlaşma” əldə edilib.
Bu bəyanatdan sonra Nikol Paşinyana müxalif erməni siyasi dairələrində dərhal həyacan təbili çalmağa başlayıblar. Yenidən onun Qarabağa dair Azərbaycanla hansısa gizli sövdələşmə içərisində olduğuna eyham vurublar.
Hakimiyyətdən devrilmiş Respublika partiyasının sözçüsü Eduard Şarmazanov bildirib ki, Bakıdan son günlər bir-birinin ardınca “həyacanlı bəyanatlar” eşidilir. Onun sözlərinə görə, Paşinyan çıxıb bu bəyanatlara cavab verməlidir və Bakının nəyi nəzərdə tutduğunu aydınlaşdırmalıdır.
“Burası ikiqat həyacanlıdır ki, Məmmədyarov Milandakı görüşdən sonra Azərbaycanla Ermənistanın nəhayət qarşılıqlı anlaşma əldə etdiyini deyir. Faktiki olaraq bundan əvvəlki, pis boynu əyri hakimiyyətlə anlaşma əldə etmək mümkün deyildi, amma indiki məğrur, güclü hakimiyyətlə bunu ediblər. Burada iki variant ola bilər: ya onlar məsələnin hərbi yolla həllindən imtina ediblər, ya da...Hərçənd birinci variant heç ağlabatan deyil”-Şarmazanov deyib.
Məmmədyarovun bəyanatı ətrafında yaradılmış ajiotajla bağlı Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan da çıxış edib. Bildirib ki, Milanda xarici işlər nazirləri arasında əldə edilmiş anlaşmalarda gizli heç nə yoxdur və onlar XİN-in saytında dərc edilib.
“Belə ki, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan görüşləri yaxın gələcəkdə də davam etdirmək və indiki dinamikanı saxlamaq barədə anlaşıblar. Daha bir razılaşma isə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə birgə bəyanatına dair əldə olunub. Belə formatda bəyanat uzun müddətdir qəbul etmək mümkün olmurdu. Bununla belə Milanda bəyanatın mətninə dair razılaşma əldə edildi”-Nağdalyan deyib.
O xatırladıb ki, həmin bəyanatda Düşənbədə əldə edilmiş razılaşmaların həyata keçirilməsinin mühümlüyü, təmas xəttində gərginliyin daha da azaldılmasına və xalqların sülhə hazırlanmasına dair intensiv işlərin görülməsinin vacibliyi qeyd olunur.
“Publik çıxışlarda bu cür mürəkkəb məsələlərlə bağlı konfrontasiya xarakterli olmayan və qeyri-düşmənçilik tonunun saxlanılması artıq yaxşı haldır”-Anna Nağdalyan bildirib.
Mənbə:> Virtualaz.org