Nərimanov Rayon İcra Hakimiyyətinin keçmiş əməkdaşı hakim qarşısında: “Rəhbərlik mənə dedi ki, get, məsələləri həll et”
Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin üzvləri üçün Nərimanov rayonunda tikilən çoxmərtəbəli binada mənzil vədi ilə aldadanların və onların miyonlarla manat pulunu mənimsəyənlərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org-un xəbərinə görə, müttəhimlər kürsüsündə əyləşənlər - cəmiyyətin sədri Səmyar Abdullayev, cəmiyyətin əməkdaşı Hikmət Şükürov və Nərimanov Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin sabiq rəhbəri Niyaməddin Şıxəliyevdir.
Adları çəkilən şəxslər Cinayət Məcəllləsinin 178.3.2-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilir.
Məhkəmə prosesdə şahid qismində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahmar İbadov ifadə verib. O, ifadəsində imtiyazlı ailələr üçün nəzərədə tutulan evlərin verilməsində komissiya sədri olduğunu deyib: "Şəhid ailələri, gözdən əlillər icra hakimiyyətinə şikayətə gələndə hüquq şöbəsinə sənədlərin tezləşdirilməsini xahiş edirdim. Sənədləşmə işi mənim səlahiyyətində deyildi, buna hüquq şöbəsi baxırdı".
Hakim Novruz Kərimov bildirib ki, 99 faiz vətəndaş Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etmədən ev növbəsinə qeydiyyata götürülüb: "Təqsirləndirilən şəxslərə qarşı 6,5 milyon manat pulu dələduzluqla ələ keçirmək ittihamı irəlu sürülüb.
Şahid Ş.İbadov bu barədə hüquq şöbəsindən soruşmaq lazım olduğunu deyib: "İcra hakimiyyəti heç kəsdən pul almayıb”.
Hakim zərərçəkmişlərin bir çoxunun gözdən əlillər olmadığını bildirib: "Elə məhkəmədə əyləşən zərərçəkmişlər də görməsi normal olan insanlardır. Onların ali təhsilləri, bir neçə evləri var. Lakin həmin şəxslər gözdən əllillər üçün nəzərdə tutulan mənzillərin alınması qeydiyyatına alınıb. Biz bilmək istəyirik ki, bu, hansı sənədlər əsasında belə olub?"
İcra başçısının müavini bu sualı Hüquq şöbəsinin sabiq rəhbərindən soruşmaq lazım olduğunu qeyd edib.
Tərəflərin suallarını cavablandıran Ş.İbadov bildirib ki, icra başçısının sərəncamları üç ildən sonra məhv edilmir, sənədlərin hamısı arxivə göndərilir: "Bu hadisələr baş verən zaman cənab başçı Abdin müəllim zəng edib dedi ki, bu işlər araşdırılıb, cinayətkar tapılmalıdır. Mən komissiya sədri olan zaman imtiyazlı ailələr evlə təmin edilib".
Təqsirləndirilən Nərimanov Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin sabiq rəhbəri N.Şıxəliyev deyib ki, Ş.İbadov onu hədələyib: "Belə çıxır ki, icra hakimiyyətində bu işləri yanlız mən görmüşəm, səlahiyyətlər də yalnız məndə olub. Mən orada yalnız sənədləri aparıb-gətirən şəxs olmuşam. Bu məsələ böyüyəndə Şahmar müəllim mənə dedi ki, "get, polisdə izahat yaz". Mən də gedib izahat yazdım. On bir aydır məhkəməyə gedib-gəlirəm, səhhətimdə problem yaranıb. Düzdür, bu işdə Şahmar müəllimin rolu olmayıb. Mənə göstərişləri Firdovsi müəllim verib. O deyirdi ki, "rəhbərliyin göstərişidir, işləri həll et".
Hakimin sözlərinə görə, N.Şıxəliyev ifadəsində söyləyib ki, göstərişi başqa şəxsdən alıb. O, "Şahmar müəllim mənə dedi ki, camaatı incitmə, onları yola ver, yoxsa səni işdən qovacağıq" deyib: "Niyaməddin Şıxəliyev ifadəsində söyləyib ki, bu işə onu Şahmar İbadov məcbur edib. Sənədləri də Şahmar İbadovun təziqi altında imzalayıb".
N.Şıxəliyev ifadəsini təsdiq etdiyini bildirib.
Ş.İbadov isə şikayətlər çox olduğuna görə belə söz dediyini qeyd edib: "Heç kəsi məcbur etməmişəm. Nə də ki, ona müdaxilə etməmişəm".
Proses günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, S.Abdullayev və digərləri Cinayət Məcəllləsinin 178.3.2-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. İş üzrə 100-dən çox zərərçəkmişin olduğu qeyd edilib. Dəyən zərər isə ümumilikdə 6.5 milyon manatdır.
İttihama görə, iş üzrə zərərçəkənlərdən əlillər üçün tikiləcək binadan mənzil veriləcək adı ilə pullar alınıb. Lakin verilən sözlərə əməl edilməyib.
Xatırladaq ki, zərərçəkmişlər virtualaz.org-a şikayətlərində dələduz şəbəkəsinin əsas üzvlərinin Almaniyaya qaçdıqlarını, onları aldadaraq pullarını mənimsəyən "makler" Məzahir Nəsirovun da hazırda Almaniyada olduğunu bildirmişdilər.
Qeyd edək ki, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 196 ünvanda gözdən əlillər üçün tikilən bina 2015-ci ilin dekabrın 24-də istifadəyə verilib, prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi də keçirilib. Və aralarında İcra Hakimiyyətinin məsul şəxsi olmaqla dələduzlara milyonlarla manat verib binadan mənzil gözləyənlərə məlum olub ki, dövlət hesabına tikilən binada mənzilləri satmaq və ya bağışlamaq olmaz. Özlərini “gözdən əlil” kimi tanıdıb ucuz mənzil əldə etmək naminə Gözdən Əlillər Cəmiyyətinə üzv olanlar isə yalnız bundan sonra aldadıldıqlarını başa düşüblər.
Zərərçəkənlərin şikayəti Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırılıb. İttiham üzrə ifadə verən cəmiyyət sədri S.Abdullayev yalnız 18 nəfərin yataqxanada qeydiyyata götürüldüyünü təsdiqləyib. Digərlərinə verilən arayış isə saxta olub.
Mənbə:> Virtualaz.org