Nazirliyik əməkdaşları orada gecələr növbə çəkəcək... HƏMİN "GİZLİ" MƏKANIN QAPILARI BAĞLANDI...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Abşeron rayonunda, Saray ərazisində yerləşən metaləritmə müəssisəsində operativ reyd keçirib, müəssisənin qapıları bağlanıb. Bu barədə virtualaz.org-a nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
Saray bələdiyyəsinin inzibati ərazisində, Bakı-Sumqayıt yolundan bir qədər aralıda yerləşən və Zülfüqarlıların tayfasına məxsus olduğu bildirilən metaləritmə müəssisəsinin fəaliyyəti barədə saytımızın reportyor qrupu yazmışdı. Nazirlik bu reportaja operativ reaksiya verib və ətraf mühiti çirkləndirən kustar müəssisəyə öz əməkdaşlarını göndərib.
İradə İbrahimova deyib ki, həmin ərazidə gecələr nazirliyin əməkdaşları növbə çəkəcək. Çünki bu cür kustar sexlər son vaxtlar metalı gecələr əritməyə və qaranlıqdan istifadə edərək zəhərli tüstünü gecələr ətrafa buraxmağa başlayıb.
Xatırladaq ki, müəssisəni işlədənlər əməkdaşlarımızı əraziyə buraxmaqdan imtina etmişdilər və foto-video çəkməyə mane olmağa çalışmışdılar. Bu müəssisə vaxtilə sovxoz torpaqları olan əkin təyinatlı ərazidə yerləşir və 8 il əvvəl fəaliyyətə başlayıb.
Mənbə:> Virtualaz.org