“Bəzi uydurmalar məni çox təəcübləndirir..."
Bu gün Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Minskdəki səfiri Lətif Qəndilovu qəbul edib. Virtualaz.org Belarus rəsmi KİV-lərinə istinadən xəbər verir ki, görüşdə Lukaşenko Astanada ötən həftə keçirilən KTMT sammitindən danışıb. Bildirib ki, mətbuatda yazılanların əksinə olaraq Astana sammitində KTMT baş katibinin təyinatı məsələsi heç də əsas müzakirə mövzusu olmayıb.
Lukaşenko deyib ki, onu həmin görüşdə müzakirə edilən əsas məsələlər barədə bəzi uydurmalar təəcübləndirir. “Hər şeyi buna yönəldirlər ki, guya biz KTMT-nin gələcək rəhbərinin namizədliyini müzakirə etmişik. Bəli, biz bu məsələni müzakirə etmişik, amma məsələ bizim təxminən 15 dəqiqəmizi alıb”-Belarus prezidenti deyib.
Lukaşenko Azərbaycan səfirinə onu da deyib ki, Minskin KTMT baş katibi vəzifəsinə üç namizəd təklif etməyə hazırdır. O, Belarusun Ermənistandan sonra əlifba sırası ilə KTMT-də ikinci ölkə olduğunu xatırladıb və deyib ki, Minsk kimisə bu posta irəli sürməyə hazır olmalıdır.
“KTMT aparatının rəhbərinin təyinatına gəldikdə...Təbii ki, variantlar çox idi, amma bu o demək deyil ki, Biz Ermənistanın maraqlarını tapdamışıq, orada kimsə udub, kimsə uduzub”-Lukaşenko belə deyib.
Mənbə:> Virtualaz.org