İçərişəhərin Qala divarına bitişik obyekt tikilir?
UNESCO tərəfindən Ümumdünya mədəni irs siyahısına daxil edilmiş qədim Bakı qalasının divarlarına bitişik hansısa ticarət obyektləri tikilir.
Bu barədə məlumatı və fotonu virtualaz.org-un redaksiyasına şəhər sakinlərindən biri göndərib. Fotodan da görünür ki, Qoşa Qala qapısından təxminən 30 metr sağda qala divarına bitişik obyektin beton konstruksiyası demək olar ki, tikilib tamamlanıb.
Qala divarına bitişik tikintini araşdırmaq üçün İçərişəhərə yollandıq. Amma fotoda göstərilən həmin əraziyə daxil olmaq mümkün olmadı. Çünki qala divarlarının içəri tərəfi təmir məqsədi ilə bağlanmışdı və qapının üzərində “Erich Pummer GmbH” şirkəti tərəfindən tarixi abidədə restavrasiya işlərinin aparılması ilə bağlı lövhə asılmışdı. Yaxınlıqda əntiq əşyaların ticarəti ilə məşğul olan şəxslərdən öyrəndik ki, bu ərazidə tikinti işlərini qonşuluqdakı “Boutique 19” oteli və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi aparır.
Otelin Ramal adlı administratoru qoruq ərazisində onlar tərəfindən tikinti işlərinin aparıldığını təsdiqləsə də, bunun divardan xeyli aralı, otelin ərazisində həyata keçirildiyini dedi. Amma həmin əraziyə daxil olmağa və ya orada baş verənləri otelin pəncərəsindən izləməyə icazə vermədi. Bildirdi ki, bunun üçün otelin məxsus olduğu “Peachline” şirkətində icazə almaq lazımdır.
“Siz bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə əlaqə saxlayın. Həmin tikinti bizim ərazidə aparılmır. Biz də tikinti aparırırq, amma bu otelin ərazisinin genişləndirilməsi və binanın restavrasiyası ilə bağlıdır. Sizin dediyiniz çox güman ki, qoruq idarəsinin ərazisində gedən tikinti ilə əlaqədardır”-administrator belə dedi.
Bu dəfə oteldən bir az aralıya, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Atelier Erich Pummer GmbH” şirkətinin təmir işləri apardığı “Xan bağı” adlanan əraziyə yollandıq. Amma ora daxil olmağımıza və çəkiliş aparmağımıza imkan vermədilər. Qoruğun əraziyə nəzarət edən əməkdaşı bildirdi ki, bu barədə hər hansı məlumatı yalnız idarədən almaq mümkündür.
Beləliklə, üz tutduq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə. İdarənin Hüquq və beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçi
Nərmin Azadgil virtualaz.org-a həmin ünvanda heç bir obyekt tikintisinin aparılmadığını dedi. Onun sözlərinə görə, hazırda ərazidə yalnız restavrasiya işləri aparılır.
“Bura “Xan bağı” adlanan ərazidir. Həmin ərazidə orta əsrlərə aid hamam tapılıb. Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkəti Xan bağında bir ilə yaxındır ki, restavrasiya işləri aparır. Orada obyekt tikilmir, yüngül konstruksiya qurularaq divarlar restavrasiya olunur. Bu barədə əlavə məlumat verməyəcəyəm. Qoy şikayətçi sübut eləsin ki, orada obyekt tikilir”, - deyə qoruq idarəsinin rəsmisi bildirdi.
Birlikdə əraziyə gedərək bərpa işləri ilə yerində tanış olmağı təklif etsək də, N. Azadgil imtina etdi: “Hazırda orada artfaktlar aşkarlanıb, onlar tədqiq edilir. Avstriya şirkəti heç bizi də ora buraxmır. Ona görə də, ora getmək mümkün deyil”.
Xatırladaq ki, bir neçə ay əvvəl qala divarlarının özülünə yaxınlığındakı restoran və kafelərdən kanalizasiya sularının axıdılması ilə bağlı məlumat vermişdik. Gölməçələnmiş kanalizasiya suları hətta Sabir bağının yaxınlığındakı divarda nəm və qaraltı da əmələ gətirmişdi.
Şirvanşah III Mənuçöhrün göstərişi ilə təqribən 1138-1139-cu illərdə inşa olunan Bakı qalası İçərişəhərdən və onu əhatə edən divarlardan və qüllələrdən ibarətdir. Hündürlüyü 8-12 metrə, eni isə 3,5 metrə çatan şəhər divarları Bakının asayişini təmin edirdi. Orta əsrlərdə uzunluğu 1500 metr olubsa, yalnız üçdəiki hissəsi - 500 metri dövrümüzə qədər gəlib çatıb.
Bu memarlıq abidəsi 2000-ci ildə UNESCO tərəfindən Ümumdünya mədəni irs siyahısına daxil edilib.
Mənbə:> Virtualaz.org