Hacıbala Abutalıbov narazı yük maşını sürücülərinin bir qrupunu qəbul etdi
Baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Hacıbala Abutalıbov bir qrup narazı yük maşınının sürücüsünü qəbul edib.
Qəbulda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov və digər səlahiyyətli şəxslər iştirak ediblər.
H.Abutalıbov, təxminən 40 sürücünün iştirak etdiyi qəbulda onları narahat edən məsələləri dinləyib, suallarını cavablandırıb.
Sürücülər bildiriblər ki, onlar günün qadağan olunmayan saatlarında Bakı şəhərində hərəkətdə olarkən nəqliyyat vasitələri elektron qaydada cərimələnir. Hətta bir gündə bəzən 5, 7 elektron qərar tərtib edilir ki, bu da 200-300 manat məbləğində cərimə deməkdir. Sürücülər etiraz edərək diqqətə çatdırıblar ki, onların maddi vəziyyəti məhz bu yükdaşıma fəaliyyətindən asılıdır. Buna görə də onlara hər hansı şərait yaradılmalıdır.
H.Abutalıbov sürücülərin hər birini fərdi qaydada dinləyib və suallarını cavablandırıb. Sürücülər yeni marşrutlar barədə təkliflər versələr də, H.Abutalıbovun göstərişi ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları onlara qadağa qüvvədə olan saatlarda hərəkət sxemini tərtib edərək siyahı təqdim ediblər. Həmin siyahı 5 bənddən ibrarətdir və şəhərin müxtəlif istiqamətlərində yük maşınlarının hərəkətini tənzimləyir. Həmin siyahıdakı küçə və prospektlərdə yük avtomobillərinin hərəkətinə icazə verilir. Lakin sürücülər H.Abutalıbovdan başqa marşrutlar üzrə də yol verilməsini xahiş ediblər. Baş nazirin müavini isə qeyd edib ki, bununla bağlı araşdırma aparılandan sonra müəyyən addımlar atıla bilər. Hələlik isə bir neçə məqbul variant üzərində iş gedir.
V.Əsədov bildirib ki, görüş çox səmərəli keçib, sürücülər razı qalıblar, onları narahat edən suallara cavab verilib. DYP-nin tərtib etdiyi marşrut siyahısı onlara ayrı-ayrılıqda təqdim edilib və həmin marşrut üzrə hərəkət etmələri tövsiyə olunub. Bildirilib ki, bu marşrutdan kənara çıxan sürücülər noyabrın 15-dən etibarən elektron cərimələrlə cəzalandırılacaqlar.
Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli, 1 nömrəli protokol Qərarında nəzərdə tutulmuş qadağa saatlarında Bakı şəhərində yük avtomobillərinin sürücüləri yük daşımalarını aşağıdakı küçə və prospektlərdən istifadə etməklə həyata keçirə bilərlər:
1. Lökbatan dairəsi - Xocahəsən yolu - Sulutəpə qəsəbəsi - Binəqədi yolu (Baş Dövlət Yol Polisi İdarəsinin qarşısı) - Mehdiabad yolu - Balaxanı yolu - Zabrat-Maştağa yolu - Albalılıq yolu - Mərdəkan yolu - Şüvalan yolu - Qala yolu - Türkan yolu - Pirallahı yolu - Hövsan yolu - Suraxanı - Yeni Günəşli - General Mehmandarov küçəsi - Neapol dairəsi - Ukrayna dairəsi - Gəncə prospekti - Zığ yolu - Beton yolu - Hövsan;
2. Sumqayıt yolu - Biləcəri yolu (Daş bazarı) - Binəqədi şosesi - sola Baksol yolu - Biləcəri qəsəbəsinin içi (yük boşaltma məntəqəsi) avtovağzal istiqamətində və əksinə, Baksol yolu - "Taxta" bazarı və əksinə;
3. Ə.Rəcəbli küçəsində geriyədönmə yeri, "Şır-şır" restoranının yanı, "Taxta" bazarı;
4. "Çermet" körpüsünün altı - Z.Bünyadov prospekti - Koroğlu metrostansiyası istiqamətində tunelin üstü - Ziya Bünyadov prospektindən Ələsgər Qayıbov və Xalqlar dostluğu küçələrinə (Heydər Əliyev prospektinə çıxmamaq şərti ilə) "Lukoil" YDM-nin yanından geriyədönmə yeri - "Baku Streel Company" istiqmətində;
5. Qaradağ rayonu, ümumilikdə, Pirallahı rayonu, Mehdiabad qəsəbəsi, Balaxanı qəsəbəsi, Zabrat qəsəbəsi, Maştağa qəsəbəsi, Kürdəxanı qəsəbəsi, Albalılıq qəsəbəsi, Nardaran qəsəbəsi, Bilgəh qəsəbəsi, Mərdəkan qəsəbəsi, Şüvalan qəsəbəsi, Qala qəsəbəsi, Türkan qəsəbəsi, Biləcəri qəsəbəsi, Binəqədi kəndi, Sulutəpə qəsəbəsi, Xocahəsən qəsəbəsi, Yeni Günəşli qəsəbəsi, Suraxanı qəsəbəsi.
Mənbə:> Report