"Guya səbəbini bilmirik? İstəyirlər ki, hamı broyler toyuğu alsın...”
Qida Təhlükəsizliyi Agentliyi bu günlərdə diri quşların nəqli və açıq satışının məhdudlaşdırılacağı ilə bağlı rəsmi xəbərdarlıq edib. Agentliyin Azərbaycan Quşçular Cəmiyyəti ilə birgə yaydığı bəyanatda bildirilir ki, ölkə ərazisində keyfiyyət göstəriciləri standartlara uyğun olmayan quş ətinin və yumurtanın idxalı və satışı üzərində də nəzarət tədbirləri gücləndiriləcək.
Başqa sözlə, bu xəbərdarlıq həyata keçirilsə Bakı bazarlarında, yaxud digər yerlərdə diri toyuqların, hinduşkaların və digər qanadlıların satışına son qoyulmalıdır. Əməkdaşlarımız diri toyuq satanların bu xəbərdarlıqdan xəbərdar olub-olmadıqlarını araşdırmaq üçün Bakı bazarlarından birinə üz tutublar.
Virtualaz.org xəbər verir ki, rəsmi xəbərdarlıqdan bir neçə gün əvvəl Bakının “8-ci kilometr” massivində yerləşən, xalq arasında “Vosmoy bazarı” kimi tanınan ticarət mərkəzində diri toyuq satışı ilə məşğul olan bir-iki mağaza onsuz da bağlanıb, yerində xırdavat malları mağazası açılıb. Diri toyuq satan digər mağazaların satıcılarına isə təmizliyə riayət etmələri ilə bağlı xəbərdarlıq olunub.
Satıcıların bir neçə aydır diri quşların satışının qadağan edilməsi ilə bağlı məlumatlar eşidiklərini, lakin heç kimin buna inanmadığını deyirlər: “Elə bilirlər ki, diri toyuq satışının qadağan edilməsinin məqsədini bilmirik? İstəyirlər ki, hamı broyler toyuğu, dondurulmuş məhsul alsın”,- satıcılardan biri deyir.
Gədəbəydən toyuq gətirib satan Nəbi isə deyir ki, diri toyuq satışının indi qadağan edilməsi təsadüf deyil. Qarşıdan yeni il bayramı və soyuq qış gəlir, ümumiyyətlə, noyabrın sonundan mayın əvvəlinədək toyuq ətinə tələbat artır.
“Sanitar qaydalar niyə yayda deyil, qışda yada düşür? Axı yayda hava isti olur, bir yandan da toyuqların iyi ətrafa yayılır. Amma heç kim gəlib irad bildirmədi. Bilirlər ki, bu aylar satış çoxdur. Yeni ildə ərəfəsində ən azı 50-60 toyuq, qaz, hind quşu satırdıq”, -Nəbi əlavə edir.
Satıcılardan biri deyir ki, broyler fabriklərinin işi getdikcə çətinləşir, çünki çoxları artıq dondurulmuş toyuq əti yeməkdən imtina edib.
Bazarın kənd təsərrüfatı məhsulları satılan bölməsində bir neçə yerdə diri toyuq satılır, alıcının istəyi ilə kəsilir, təmizlənir. Bu toyuqların qiyməti çəkisinə görə 5 manatdan 12 manat arasında dəyişir, qazın kiloqramı 14 manat, hinduşka 11 manatdır. Satıcılardan biri isə deyir ki, toyuqları Qazaxdan gətirir, üstəlik sağlamlığına dair baytar arayışı da var.
“Gündə ən azı 10-15 toyuq satırıq, qaz və hind quşu da yaxşı alınır. Bazarın giriş-çıxışında dondurulmuş toyuq əti satılır, soruşun, görün, alıcısı varmı? Ona görə də diri heyvan satışını qadağan edirlər”, -satıcı bildirir. Və dərhal əlavə edir ki, satıcıların, yaxud toyuq kəsimi olan yerin şəklini çəkməklə onlara pislik etmiş oluruq: “Bazar rəhbərliyi onsuz da bizi buradan qovmaq üçün bir bəhanə gəzir”.
Masallıdan toyuq alıb gətirən Səməd Ağayev isə söyləyir ki, broyler şirkətlərinin rəhbərlərinin özləri belə dondurulmuş toyuq yemirlər, diri toyuq alıb istifadə edirlər.
Digər satıcı da dərhal söhbətə qarışır, Səmədin sözünə dəstək olaraq əminliklə deyir ki, bu qərarı verən şəxslərin heç biri dondurulmuş toyuq yemir. Çoxunun şəxsi ferması var, məhsullar qapısına gətirilir. “Yoxsa ki, sanitar qaydalar filan nağıldır, bəhanədir”-satıcı qeyd edir.
Bazarda kəsilən toyuğun təmizlənməsi üçün xüsusi yer ayrılıb. Üzərinə “Halal kəsim” yazılmış otağın şəklini çəkməyə icazə vermirlər, amma kənardan kəsilmiş toyuq başlarının divarın küncünə yığıldığını, qan qarışıq suyun küçəyə axıdıldığını müşahidə edirik.
Toyuq təmizləyən qadınlardan biri deyir ki, iki övladını ona-buna toyuq təmizləməklə dolandırır. “Çoxlarının toyuğu kəsib, təmizləməyə ya şəraiti, ya da vaxtı olmur. Bilirsiz nə qədər ailə burdan dolanır, iki yetim balamı toyuq təmizləməklə dolandırıram. Mənim kimi neçə qadın burda çalışır, əllərimizi soyuq sudan isti suya salmaqla qabığı soyulub, amma heç kimə möhtac deyilik”,-qadın deyir və and-aman edir ki, kanalizasiya sistemi var, təmizliyə də maksimum riayət etməyə çalışırlar.
Satıcılardan biri alıcının bəyəndiyi toyuğu kəsmək üçün içəri ötürür. Bizi görən kimi qapını dərhal örtürlər, qadınlardan biri əlavə edir ki, kəsim yerinin sahibi dindardır, halal kəsimə zəmanət verir.
Satıcılardan biri yüksək səslə digərlərini də əmin edir ki, diri quş satışına məhdudiyyət qoyulsa belə müvəqqəti olacaq. Çünki satıcı da, toyuğu diri almaq istəyən də bir yolunu tapacaq. “Diri toyuqların küçədə satışı bir müddət öncə də qadağan olunmuşdu. Sonradan gördülər ki, bunun xeyri yoxdur, əhalinin istəyini nəzərə aldılar”,-satıcılardan sözləri biri narahatlıq keçirən digərlərini sakitləşdirir.
Bazara quş əti üçün gələn alıcılarla söhbət zamanı məlum oldu ki, əksəriyyət bura məhz kənd toyuğu almaq üçün gəlir. Qiymətdən də, aldıqların heyvanların təmizliyindən də narazılıq edən olmadı. Onların sözlərinə görə, illərdir eyni satıcıdan alış-veriş etdiklərindən aldıqları məhsulların keyfiyyətinə əmindirlər: “10 aylıq nəvəm var, həkim tapşırıb ki, kənd toyuğunun bulyonunu verək. Ona görə ayda iki ədəd orta ölçülü toyuq alıram. Satıcını neçə ildir tanıyıram, bilirəm ki, Xızı rayonundan gətirir, təmiz heyvanlardır. Ölkədə quş qripi, donuz qripi yayılanda da ondan toyuq almışam. Hələ indiyə kimi bizi heç bir xəstəlik tutmayıb”, - deyə Məlahət Cəbrayılova adlı alıcı deyir.
Həmsöhbət olduğumuz digər quş əti alıcıları rayonlardan gətirilən diri quş və yumurtaya məhdudiyyət qoyulacağından narahatdırlar. Onlar bildirirlər ki, hər hansı qərar verilərkən alıcıların da rəyi nəzərə alınmalıdır: “Biz hələ rayonlardan gətirilən diri quşların keyfiyyətində problem olduğunu görməmişik. Hələ sovet dövründən diri quş alıb gözümüzün qabağında kəsdirmişik. Problem daha çox broiler toyuqlarında olub.”
Alıcılar həmçinin bazarlarda təmizliyə riayət etmək üçün kəsim məntəqələrinin yaradılmasını məsləhət görürlər. Onların sözlərinə görə, belə məntəqələr yaradılsa, bazardakı natəmizlik və anti-sanitariya da aradan qalxar.
Mənbə:> Virtualaz.org