Zamirənin malikanələri, təyyarəsi və qolf klubu Azərbaycana qaytarılacaqmı...
Böyük Britaniyanın Milli Kriminal Agentliyi (NCA) Azərbaycan Beynəlxalq Bankının keçmiş sədrinin arvadı Zamirə Hacıyevanın bu ölkədəki mülklərini, şəxsi təyyarəsini və qolf klubunu Azərbaycan dövlətinə qaytarmağa məcbur ola bilər. Bu barədə NCA-nın iqtisadi cinayətlər üzrə direktoru Donald Toon BBC-yə müsahibəsində bildirib.
“Əgər Ali məhkəmə qərara alsa ki, Zamirə Hacıyeva bu aktivləri əldə etmək üçün dələduzluq sxemlərindən istifadə edib, o zaman müsadirə edilən aktivlər onun doğma ölkəsinə qaytarıla bilər”-Donald Toon bildirib.
NCA direktoru deyib ki, mənşəyi naməlum olan pullar hesabına əldə edilmiş aktivlərin müsadirə edilməsini nəzərdə tutan qanunun ilk dəfə tətbiq edildiyi bir vaxtda müsadirə edilmiş əmlakın gələcək taleyi “siyasi və beynəlxalq məsələ” olacaq.
Xatırladaq ki, Zamirə Hacıyeva ərinin Beynəlxalq Banka rəhbərlik etdiyi vaxtda Londonda alış-verişə 16 milyon funt sterlinq xərcləyib, habelə Londonun Naytsbric kvartalında özünə beş yataq otağına malik, 15 milyon funt sterlinq dəyərində malikanə, Askot yaxınlığında 10.5 milyon funt sterlinqə qolf-klub və şəhərətrafı “Mill Ride” klubu alıb.
NCA bildirir ki, Hacıyeva bu aktivləri almaq üçün dələduzluq yolu ilə əldə olunmuş vəsaitlərdən istifadə edib. Ötən həftə London Yüksək Məhkəməsinin hakimi cənab Supperstoun Zamirə Hacıyevanın qarşısına şərt qoyub ki, həmin pulların necə əldə edildiyini əsaslandırsın. Əks halda aktivlər müsadirə ediləcək.
Lakin cənab Toon qeyd edib ki, müsadirə edilmiş aktivlərin gələcək taleyi barədə qərar vermək “siyasi və beynəlxalq” məsələ olacaq. “Beləliklə, həmin aktivlər ilk növbədə Böyük Britaniya hökumətinin sərəncamına keçəcək, daha sonra aktivlərin taleyinə dair pulların gəldiyi ölkə ilə Böyük Britaniya arasında birbaşa danışıqlar olacaq. Əmlakın taleyi bu danışıqların nəticəsində müəyyən ediləcək”-Donald Toon bildirib.
NCA rəhbəri deyib ki, onlar hazırda daha 8 nəfərin barəsində mənşəyi məlum olmayan pulların leqallaşdırılmasına qarşı mübarizə qanunu çərçivəsində araşdırma aparırlar. Onlar Afrika, Cənubi Asiya, keçmiş sovet respublikaları və Rusiyadan olan şəxslərdir.
Mənbə:> Virtualaz.org