Bəlkə biz də Saakaşvilini Bakıya çağıraq?
Gürcüstanda baş vermiş səs-küylü siyasi qalmaqalın əks-sədası Azərbaycana və Türkiyəyə qədər çatdı. Gürcüstandakı prezident seçkilərinin favoriti, fransız mənşəli Salome Zurabişvili Samtsxe-Cavaxetiyanın erməni əhalisi ilə görüşündə Gürcüstanın Azərbaycan və Türkiyə ilə strateji əməkdaşlığı baxımından acınacaqlı səhvə, xətaya yol verdi.
Potensial separatçı regionun erməni əhalisinə müraciətlə Zurabaşvili süni təəsüf hissi nümayiş etdirərək belə dedi: “Bu vaxta qədər vətəndaşlığın verilməsi prezidentin səlahiyyətinə daxil idi. Prezidentlərdən biri çoxlu türklərə ikili vətəndaşlıq verdi, amma sizlərə onu təqdim etmədi”.
Amma prezidentliyə əsas iddiaçı bununla da dayanmayıb və Cavaxetiyanın rayon mərkəzində-Axaltsxidə ikinci görüşündə özünün uzaqgedən fikirlərini davam etdirib:“Bir vaxtlar prezident vardı, mən indi onun adını da çəkmək istəmirəm, Batumiyə gələn, amma o vaxta qədər Gürücüstanla heç cür əlaqəsi olmayan bir çox türklərə vətəndaşlıq payladı”.
Əgər Zurabişvili hətta bu seçkilərdə qalib gəlsə, hansı ki, “Gürcü arzusu” koalisiyasının dəstəyi onun şanslarını xeyli gücləndirir, “indilis kraliçası” ölkəsinin xarici siyasət prioritetlərini çətin ki, dəyişdirə bilərdi-Gürcüstan parlament idarəçilik formasına keçib, prezidentin səlahiyyətləri isə ancaq təmsilçilik funksiyaları ilə məhdudlaşır. Bununla belə Azərbaycanın və Türkiyənin hakim dairələri Zurabişvilinin Bdzina İvanişvilinin hakim partiyası ilə səyləri cəmləşdirməsindən, bu iki siyasi qüvvənin konsolidasiyasından narahatdırlar. Xüsusən də “Gürcü arzusu” koalisiyasından bəzi deputatlar prezidentliyə namizədlə bir vaxtda separatçı regionun erməni əhalisinin vətəndaşlıq haqlarının bərpa edilməsinə səsləyiblər.
Görəsən xanım Zurabivili bütün “Gürcü arzusu” koalisiyasının fikrində tutduğunu ifadə etmir ki? Axı bu partiya hakimiyyətin həm icraedici, həm qanunverici qanadına nəzarət edir!
Məsələnin mahiyyəti
Salome Zurabişvilinin-birinci gürcü respublikasının liderlərindən biri olan İvane Zurabişvilinin nəvəsinin və siyasi varisinin məsələsinin mahiyyəti onun adını çəkmək istəmədiyi həmin prezidentin qəbul etdiyi qərarın necə ədalətli olduğunu ən açıq şəkildə göstərir. Hansı ki, həmin prezident Gürcüstanın sovetləşməsindən sonra tarixin iradəsi ilə müasir Türkiyənin şimal-şərq hissəsində qalmış və türkləşmiş gürcülərin hüquqlarını bərpa etmişdi.
Bəli, məhz Mixail Saakaşvili tarixi ədaləti bərpa etdi və bunu gürcüstanlı ermənilərin Gürcüstan vətəndaşlığından kütləvi imtina etməsi ilə müqayisə etmək tamamilə yersizdir. Cavaxetiyanın başlıca problemi nədir? Gürcüstanın bu regionunun separatçı niyyətlərini vaxtaşırı olaraq açıq büruzə verən, “Qarabağ ssenarisi”ni təkrar etməklə Gürcüstandan ayrılaraq Ermənistana birləşməyə çalışan erməni əhalisi 2000-ci illərin əvvəllərindən başlayaraq sosial motivləri bəhanə etməklə kütləvi şəkildə Ermənistan vətəndaşlığı alır. Hələ 2000-ci ildə, Gürcüstan-Rusiya qarşıdurmasının kulminasiya dövrlərindən birində Kreml Gürcüstanla viza rejimi tətbiq etdi. 2008-ci ildə isə avqust müharibəsindən sonra tərəflər ümumiyyətlə diplomatik münasibətləri də kəsdilər.
Gürcüstanda ikili vətəndaşlıq haqda qanun yoxdur və Cavaxetiya erməniləri sosial gərginliklə, iqtisadi problemlərlə spekulyasiya edərək Ermənistan vətəndaşlığı almağa, qazanc dalınca Rusiyaya getməyə başladılar. Beləliklə, 2011-ci ilə qədər regionun erməni əhalisinin 80 faizə yaxını avtomatik olaraq Gürcüstan vətəndaşlığını itirdilər.
Lakin Gürcüstanda qarşıdakı prezident seçkilərindən dərhal sonra yeni Konstitusiya qüvvəyə minəcək və orada vətəndaşlıq haqda qanuna yeni düzəlişlər də təsbit olunub. Bu düzəlişlərə görə vətəndaşlığın bərpası proseduru xeyli sadələşdirilir.
Budur, Cavaxetiyanın erməni əhalisi də ikili vətəndaşlığı faktiki leqallaşdıran bu düzəlişə əsaslanıb Gürcüstan vətəndaşlığını geri qaytarmağa ümid edirlər. Doğrudanmı 66 yaşlı təcrübəli diplomat , Avropa diplomatiya məktəbini keçmiş, müxtəlif vaxtlarda Fransanın ABŞ, NATO və Avropa İttifaqındakı missiyalarının rəhbərliyində işləmiş, Saakaşvilinin prezidentliyi dövründə isə XİN-ə başçılıq edən Zurabişvili özünün məsuliyyətsiz çağırışının siyasi nəticələrinin nə dərəcədə ağır olacağını dərk etmir?
O başa düşmür ki, türklərin, özü də etnik gürcülərin insani ləyaqətini alçaldır? Cavaxetiya ermənilərini, separatçı niyyətlərini gizlətməyən icmanı Türkiyə vətəndaşları ilə müqayisə edir? Əlbətdə ki, başa düşür. Axı bu Zurabişvilinin öz prezidentinə və tərəfdaşının sifətinə əlcək atan Zurabişvilinin ilk qalmaqallı bəyanatı deyil.
Zurabişvili öz xalqına qarşı da çıxdı
Öz ölkəsinin aviasiyasını avqust müharibəsi zamanı Tsitelubani kəndini bombalamaqda ittiham edən siyasətçidən nə gözləyəsən?!
Yöndəmsiz, başqa cür adlandırmaq da olmur, Salome Mixail Saakaşvilini bunda günahlandırdı ki, Rusiya-Gürcüstan müharibəsi zamanı o gürcü kəndinə bomba atdırıb və ümumiyyətlə, ölkənin ərazi bütövlüyünü pozub. Üstəlik o ritorik bəyanatları ilə kifayətlənmədi, Saakaşvilinin barəsində Haaqa məhkəməsinə də şikayət etdi.
“Zurabişvili -Gürcüstanın ən böyük alverçisi (“barıqası”), “nəşə kraliçası” özünün satqın olmadığı haqda çox danışıb. Onda qoy o gürcü aviasiyasını Tsitelubani kəndini bombalamaqda ittiham etdiyi üçün üzr istəsin, qoy üzr istəsin və bu frazadan imtina etsin-“Biz öz əhalimizi bombalamışıqsa necə ərazi bütövlüyü tələb edə bilərik?” Qoy Haaqa məhkəməsindən iddiasını geri çəksin və etiraf etsin ki, bununla ölkəyə hansı ziyanı vurub, prezidentliyə namizədliyini geri götürsün”.
Bu cür qəzəbli bəyanatla təxminən bir ay əvvəl keçmiş prezident, indi Salome Zurabişvilinin adını belə çəkmək istəmədiyi Mixail Saakaşvili çıxış edib. Onun bəyanatına müxalifətin aparıcı liderləri də dəstək veriblər. Eks-spiker, prezidentliyə namizəd David Bakradze isə daha qəti danışıb: “Zurabişvilinin belə bəyanatları böyük təhlükə kəsb edir və yanlış siyasi formaya aparır. Əgər Salome Zurabişvili xalqın dediyini yaxşı eşidə bilirsə, hansı ki, heç vaxt bunu eləmir, o zaman başa düşər ki, problem prezidentdə deyil, hökumətdədir”
“Vahid Milli Hərəkat”ın liderlərindən biri Nika Meliya isə daha sərt danışıb: “Zurabişvili Gürcüstanın düşmənidir”. Hüquq müdafiəçilərinin və müxalifətin mütləq əksəriyyəti Zurabişvilini ksenofobiyada və populizmdə günahlandırıblar...
Tiflis silahı Bakıya qarşı çevirir
Beləliklə, Zurabişivilinin bəyanatı, ardınca isə hakim partiyadan olan deputatların qızışdırıcı atmacaları Azərbaycanla bağlı düşməncəsinə siyasi aksiyaların uzun bir zəncirinə çevrilir. "Gürcü arzusu"nun idarəçiliyi dövründə rəsmi Tiflis qarşısına sanki hansısa anti-Azərbaycan müharibə meydanı yaratmaq məqsədi qoymuşdu. Bizim artıq dəfələrlə yazdığımız kimi, Azərbaycanın yarıgizli müxalif radikal qeyri-hökumət təşkilatlarının və rəsmi Bakıya qarşı açıq təcavüzkar təbliğatı davam etdirən KİV-lərin əksəriyyəti məhz Gürcüstanda sığınacaq tapdılar.
Rəngli inqilabların tanınmış ilhamvericisi Soros və Obamanın möhürü vurulmuş iliberal fondlar tərəfindən, hansı ki, bu fondlar Bakının özündə belə, qadağan edilmiş və yarıleqal fəaliyyət göstərən , Azərbaycandakı mövcud hakimiyyəti zorakı yolla devirmək ideyası ilə açıq çıxış edən, təşviqat aparan siyasi təşkilatları bu gün də gizli şəkildə maliyyələşdirməkdə davam edir, çoxşaxəli qeyri-hökumət şəbəkəsi məhz Tiflisdə yaradılıb.
Xatırladaq ki, Azərbaycan hökumətinə qarşı yönəldilmiş siyasi ekstremizmin və terrorun vaizləri - cəbhəçi Gözəl Bayramlı, pulların daşınmasında vasitəçi Əfqan Muxtarlı, qeyri-qanuni fəaliyyət göstərən Fərman Ceyranov, ekstremist Vidadi İsgəndərli, həmçinin müxalif Meydan TV və Düşün TV-nı (hansı ki, daha bir siyasi ekstremist və separatçı Azər Kərimzadəyə məxsusdur) özündə ehtiva edən və rəsmi Bakıyla qarşı barışmaz mübarizə sərgiləyərək Azərbaycanda qanlı müqavimətə çağıranların strukturlaşmış təbliğatçılıq şəbəkəsi öz mənbələrini məhz Tiflisdən götürürlər.
Belə təəssürat yaranır ki, indiki Azərbaycan hakimiyyətinə qarşı ideoloji mübarizənin və müqavimət təşkilatının forpostu rolunda məhz Tiflis çıxış edir. Azərbaycan müxalifətçiləri Tiflisdə mitinq edirlər, Azərbaycan hökumətinin dəfələrlə müraciət etməsinə baxmayaraq, gürcü hakimiyyəti Tiflisdə sığınacaq tapmış mühacirət müxalifətinə münasibətdə şübhəli tolerantlıq göstərir və çiçəklənən anti-Azərbaycan mühacir “zirzəmisinin” təxribatçı əməllərinin qarşısını almır.
Olduqca qəribədir, amma post-sovet geosiyasi inqilabının lideri adlandırılan qərbçi Mixail Saakaşvilinin idarəçiliyi dövründə gürcü hakimiyyəti, Azərbaycanla siyasi ittifaqa sədaqət nümayiş etdirir, rəsmi Bakı barəsində ekstremizmin və düşmənçiliyin istənilən təzahürlərinə imkan vermir və dərhal kökünü kəsirdi.Saakaşvili, öz ictimai-siyasi və fəlsəfi dəyərlərini kənara atıb, xarici siyasətdə təkcə başqa dövlətin daxili işlərinə qarışmamaq və xüsusi sayğılı münasibət nöqteyi-nəzərindən çıxış etmirdi, həm də Bakı və Ankara ilə geosiyasi oxun formalaşması üçün əlindən gələni edirdi.
Saakaşvilinin idarəçiliyi dövrü iki dövlətin qardaşlıq və müttəfiqlik münasibətlərinin çiçəklənməsi ilə yadda qaldı, onun dövründə Gürcüstan Azərbaycan və Türkiyə ilə birlikdə regionun nəqliyyat-rabitə strukturunu, regional təhlükəsizlik sistemini və simasını dəyişdirən ən böyük geoiqtisadi layihələrin (Bakı-Tiflis-Ceyhan, Bakı - Tiflis-Qars və başqaları) reallaşdırılmasının əsasını qoydu.
Rəsmi Bakı Azərbaycanın milli təhlükəsizliyinin əsaslarını təhdid edən siyasi güclərə rəsmi Tiflisin yolverilməz loyallığına nədənsə hələ kənardan təmkinlə baxır. Halbuki Gürcüstanı idarə edən koalisiyanın Azərbaycanla münasibətlərdə əlverişsiz sistemin yeni bünövrəsini qoyduğu görünür. Və Azərbaycan hökuməti ona ünvanlanan bu çağırışı qəbul etməyə borcludur. Niyə bizim hökumətimiz buna simmetrik zərbə ilə, Saakaşvilinin tərəfdarlarına Azərbaycanda öz effektiv və strukturlaşmış institutlarını yaratmağa icazə verməklə cavab verməsin?! Bəlkə, "Gürcü arzusu" "liberallığını" qəbul edib Azərbaycanda Saakaşvilinin müqavimət meydanını, özü də düz Azərbaycan-Gürcüstan sərhədində, yaratmağa dəyər?
Ümid etmək olar ki, Bakıda gürcü müxalifətinin azad şəraitdə fəaliyyəti və maliyyələşdirilməsi ilə bağlı heç bir problem olmayacaq. Hətta təsəvvür etmək belə qorxuludur ki, bu halda Saakaşvili və onun tərəfdarları Gürcüstanda vəziyyəti necə silkələyə bilərlər. Qonşu ölkədəki siyasi vəziyyəti isə, yumşaq desək, “tam partlayış təhlükəli” kimi qiymətləndirmək olar.
Bundan başqa, rəsmi Bakının gürcü müqavimətinin yeni lideri, qarşıdakı seçkilərin daha bir favoriti Qriqol Vaşadzeyə diqqət yetirməsinə dəyər.
Zurabişvilidən fərqli olaraq diplomatiyanı bir qədər başqa məktəbdə - SSRİ Xarici İşlər Nazirliyində keçmiş Gürcüstanın sabiq xarici işlər naziri gürcü müxalifətinin liderləri sırasına "Güc birlikdədir" koalisiyasına başçılıq edərək bu yaxınlarda çıxıb. Q.Vaşadze öz xalqını 2012-ci ildə Gürcüstanda hakimiyyətin dəyişməsindən sonra hamının yeni demokratik və iqtisadi irəliləmənin perspektivinə ümid etdiyinə inandıraraq, gürcü cəmiyyətinin əksər hissəsinin əhvalını ifadə edir: " Amma bunun yerinə Gürcüstan 90-cı illərə qayıtdı. Ölkədə cinayət, yoxsulluq artır və daha çox insanlar öz tarixi vətənlərini həmişəlik tərk edirlər".
Vaşadze haqlıdırmı, bu barədə gürcü xalqı mühakimə yürütməlidir, hansı ki, sayılı həftələrdən sonra öz prezidentini seçəcək. Amma əgər Gürcüstan hökuməti Azərbaycanla münasibətlərin indiki səviyyəsinin saxlanılmasını istəyirsə, onda özünü bir çox prinsiplərini təkrar gözdən keçirməlidir, çünki iki dövlət arasında dostluq münasibətlərinin saxlanılması Gürcüstanı Azərbaycandan qətiyyən az yox, bəlkə də daha çox narahat etməlidir. Və bu münasibətləri qoruyub saxlamaq üçün Gürcüstan hökumətinin daha çox səy göstərməsi lazımdır…
Eynulla Fətullayev
Mənbə:> Virtualaz.org