İlham Əliyev: “Tikilmiş stansiyalar tam gücü ilə işləmir”
“İnfrastruktur layihələri ilə bağlı ilin sonuna nəzərdə tutulan bütün məsələlər öz həllini tapır. Qazlaşdırma 94 faizə çatıb, hədəf 95 faiz idi, ilin sonuna qədər biz buna nail olacağıq. Bu ilin sonuna qədər “Şimal-2” elektrik stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur”.
Virtualaz.org bildirir ki, bunu Prezident İlham Əliyev dünən Nazirlər Kabinetinin ilin 9 ayının yekunlarına həsr edilmiş iclasındakı yekun nitqində deyib.
Prezident bildirib ki, bu, bizim sistemimizə əlavə 400 meqavat enerji verəcək. Bu, çox böyük gücdür.
“Eyni zamanda, enerji sistemimizdə çox ciddi islahatlar, təhlil aparılır. Yay ayında baş verən o qəzanın səbəbləri tam araşdırılıb və müvafiq inzibati ölçülər götürülüb. İnvestisiya qoyuluşu, bizim enerji təsərrüfatının texniki vəziyyəti ilə bağlı çox ciddi addımlar atılıb, bu işlərə beynəlxalq məsləhətçilər cəlb edilib. Biz bu il və gələn il bu sahəyə əlavə vəsait ayıracağıq ki, həm generasiya güclərinin yaradılması, ötürücü xətlərin, yarımstansiyaların tam dayanaqlılığı təmin edilsin. Eyni zamanda, mövcud stansiyaların generasiya güclərinin artırılması üçün əlavə addımlar atılacaq. Çünki vaxtilə tikilmiş stansiyalar tam gücü ilə işləmir. Mənə məlumat veriləndə cədvələ baxıram ki, 80 meqavat nəzərdə tutulub, cəmi 15 meqavat işləyir. Bunları belə səmərəsiz şəkildə istismar ediblər ki, onların bəziləri demək olar ki, öz potensialını itirib. Biz bunları bərpa edəcəyik. Təbiidir, müəyyən qədər vaxt lazım olacaq. Ancaq bu sahədə tam yeni bir yanaşma olmalıdır. Biz bu gün də elektrik enerjisini ixrac edirik, bizdə kifayət qədər potensial var. Gələcəkdə özümüzü perspektivləri nəzərə alaraq təmin etməklə ixracımızı da artıracağıq”, -deyə dövlət başçısı vurğulayıb.
Mənbə:> Virtualaz.org