Zakir Həsənov Hərbi Baytarlıq Laboratoriyasının açılışında – FOTO
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Müdafiə Nazirliyinin yeni inşa olunan Mərkəzi Hərbi Baytarlıq Laboratoriyasının açılışında iştirak edib.
Virtualaz.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, ən müasir texniki avadanlıqlarla təchiz edilmiş laboratoriyada qida təhlükəsizliyinə nəzarət dövlət standartlarına, normativ texniki və digər rəhbəredici sənədlərin tələblərinə uyğun olaraq həyata keçirilir.
Laboratoriyada Azərbaycan Ordusunun şəxsi heyəti üçün tədarük edilən bitki, heyvan və qeyri-üzvi mənşəli ərzaq məsullarının müayinəsi aparılır. Xüsusi ayrılmış otaqlarında qida məhsullarının fiziki-kimyəvi, bakterioloji, radioloji və toksikoloji müayinəsi həyata keçirilir, ərzağın tam yararlı olmasına və keyfiyyət standartlarına uyğun gəlməsinə nəzarət edilir.
Məruzə olunub ki, burada çalışan şəxsi heyətin normal fəaliyyəti və rahat istirahəti üçün də ərazidə şərait yaradılıb.
Sonra Müdafiə naziri Mərkəzi Əşya Bazası və Mərkəzi Ərzaq Anbarları ərazisində yeni inşa edilmiş saxlanclara baxış keçirib.
Qeyd edək ki, bu növ bazalar cəbhəboyu zonada da fəaliyyət göstərir və müxtəlif istiqamətlərdə yerləşən hərbi hissələrin şəxsi heyətinin təminatını tam ödəyir.
Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyəti üçün nəzərdə tutulmuş ərzaq və əşya əmlakının etalon nümunələrinə baxıb, burada nümayiş etdirilən məhsulların, eləcə də bütün növ geyim formalarının rahatlığı, keyfiyyəti və davamlığı ilə də maraqlanaraq müvafiq göstərişlər verib.
Mənbə:> Virtualaz.org