“Bəzi sahibkarlar bəzi dövlət məmurlarına arxalanırlar, o dövr artıq keçdi...”
Xəbər verildiyi kimi prezident İlham Əliyev ötən gün Nazirlər Kabinetinin ilin 9 ayının yekunlarına həsr edilmiş iclasını keçirib. Virtualaz.org qeyd edir ki, prezident bu müşavirədəki yekun nitqində ölkə iqtisadiyyatı, həyata keçirilən sosial-iqtisadi siyasət və problemlər barədə çox mühüm məqamlara toxunub. Prezidentin nitqinin stenoqramını “AzərTac” yayıb. İlham Əliyev vergi və gömrük sistemində aparılan islahatlardan tutmuş Bakı şəhərində son vaxtlara qədər hökm sürən tikinti xaosunun qarşısının alınmasına, şəhər nəqliyyatında baş verənlərə qədər bir çox məsələlər brədə fikirlərini bildirib. Prezidentin kifayət qədər əhatəli nitqindən seçmələri gün ərzində oxuculara təqdim edəcəyik.
Prezidentin yekun nitqində toxunduğu mühüm məqamlardan biri gömrük və vergi orqanlarında şəffaflığın təmin edilməsi, kölgə iqtisadiyyatı ilə mübarizə və vergi islahatları barədə olub. İlham Əliyev deyib ki, gömrük orqanları bu il 800 milyon manatdan çox əlavə vəsait toplayıblar və bu müsbət qiymətləndirilir.
“Əminəm ki, ilin sonuna qədər bu məbləğ daha da artacaq. Bu, onu göstərir ki, ilk növbədə, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, idxal artır və idxalın artımı da sənayenin inkişafı ilə bağlıdır. Nəzərə alsaq ki, ixrac idxalı böyük dərəcədə üstələyir, biz idxalın artımına müsbət hal kimi yanaşmalıyıq. Bizim xarici ticarətimizin müsbət saldosu 9 ayda 6,5 milyard dollar təşkil edir. Bilirəm, bəziləri hesab edirlər ki, idxalın artımı müəyyən problemlər yarada bilər. Təbii ki, bu, belədir. Amma o təqdirdə ki, ixracımız artmasın. İxracımız idxaldan daha yüksək templərlə artır. Əgər altı ay ərzində 6,5 milyard dollar müsbət saldomuz varsa, deməli, ilin sonuna qədər bu, daha da artacaq. İdxalın artımı sənayenin inkişafı ilə bilavasitə bağlı olan məsələdir, insanların rifah halının yaxşılaşması ilə bağlıdır. Gömrük rüsumlarının artırılmasının səbəblərindən biri də məhz idxalın artımıdır. Ancaq, eyni zamanda, deməliyəm ki, digər amillər də müsbət rol oynayır. O cümlədən struktur islahatları, şəffaflıq, korrupsiyaya, rüşvətxorluğa qarşı ciddi mübarizə gömrük orqanlarında 800 milyon manatdan çox əlavə vəsaitin toplanmasına səbəb olu”-prezident deyib.
İlham Əliyev qeyd edib ki, vergi orqanlarında da ciddi struktur islahatları aparılır. Prezident əsas vəzifənin kölgə iqtisadiyyatının aradan qaldırılması olduğunu bildirib. Dövlət başçısı əlavə edib ki, heç bir ölkədə buna 100 faiz nail olunmayıb, hər bir ölkədə kölgə iqtisadiyyatı var, amma bunun dərəcəsi var. Azərbaycanda kölgə iqtisadiyyatının kəskin şəkildə azalması üçün çox ciddi addımlar atılır.
Sitat: “Vergidən yayınma halları əvvəlki illərdə kütləvi xarakter daşıyırdı. Bu, əlbəttə, imkan vermirdi ki, biz öz potensialımızı tam gücü ilə işə salaq. Bu gün bu hallara son qoyulur. Bütün dövlət orqanları vergi orqanlarına kömək göstərməlidirlər. Müvafiq göstərişlər verilir. Vergidən yayınmaya son qoyulmalıdır. Bu, həm iri, həm kiçik sahibkarlara aiddir. Sahibkarlar da bilməlidirlər ki, əgər onlar sahibkarlar kimi öz fəaliyyətini davam etdirmək istəyirlərsə, vergiləri tam ödəməlidirlər. Heç kimə heç bir güzəşt edilmir və edilməyəcək. Bilirəm ki, bəzi sahibkarlar bəzi dövlət məmurlarına arxalanırlar, o dövr artıq keçibdir. Heç kimə arxalanmasınlar. Əgər hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq. Bütün müvafiq qurumlara göstəriş verildi, ilk növbədə, Vergilər Nazirliyinə. Bu nazirlik heç nəyə baxmadan, dövlət maraqlarını rəhbər tutaraq öz siyasətini aparmalıdır. Bütün dövlət qurumları, o cümlədən sahibkarlar bu sahədə öz dəstəyini verməlidirlər. Dəstək verməyən isə cəzalandırılacaq”.
İlham Əliyev deyib ki, uçot sisteminin yaradılması prioritet məsələlərdən biridir. “Mən əvvəlki illərdə də bu məsələni dəfələrlə qoymuşdum. Ancaq əfsuslar olsun ki, biz müəyyən səbəblərə görə uçot sisteminin yaradılmasına çata bilməmişik. İndi bu sistem yaradılır”-prezident deyib.
İlham Əliyevin sözlərinə görə qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün də praktiki addımlar atılır. “Hesab edirəm ki, biz doqquz ayda vergilərin bu səviyyədə toplanmasına, - nəzərə alsaq ki, əvvəlki illərdə bu sahədə çox böyük pozuntular olub, - vergi orqanlarının çox fəal və məqsədyönlü fəaliyyəti nəticəsində nail ola bilmişik”-prezidet bildirib.
Dövlət başçısı vurğulayıb ki, şəffaflıq vergi və gömrük orqanlarında tam təmin edilməlidir, struktur islahatları davam etdirilməlidir. Korrupsiyaya, rüşvətxorluğa qarşı ən ciddi mübarizə aparılır və aparılacaqdır. Bu kompleks tədbirlər biznes mühitinin yaxşılaşdırılmasına öz dəstəyini verəcək. Sağlam rəqabətin təmin edilməsi üçün indi şərait yaradılır. İnhisarçılığa qarşı mübarizə çox ciddi xarakter alıbdır.
“Bir daha demək istəyirəm ki, bütün aidiyyəti qurumlar, özəl və dövlət şirkətləri mənim sözlərimdən nəticə çıxarsınlar. Vergi və gömrük sistemləri Azərbaycanda şəffaflığın nümunəsi olmalıdır. Mən göstəriş vermişəm ki, bu sahədə Avropanın aparıcı dövlətlərinin təcrübəsi Azərbaycanda tam tətbiq edilməlidir. Bu istiqamətdə işlər gedir»-prezident qeyd edib.
Mənbə:> Virtualaz.org