Yerevandakı “Soros kabinetinin” Moskvaya qarşı daha bir satqınlığı
...BMT Baş Assambleyasının Nyu-Yorkda artıq başa çatmış sessiyası çərçivəsində çoxsaylı kuluar görüşlərindən biri belə görünür ki, Rusiyanı xüsusilə narahat etməlidir. Çünki bu görüş Rusiyanı ən ağrılı yerindən sancmaq deməkdir, xüsusən də söhbət Rusiyanın Qafqazdakı 200 illik müttəfiqinin sancmasından gedirsə.
Virtualaz.org xəbər verir ki, sentyabrın 28-də Baş Assambleyanın sessiyasının sona yaxınlaşdığı bir vaxtda Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan BMT mənzil-qərargahında Kosovonun xarici işlər naziri Behcet Paçolli ilə görüş keçirib. Əlbətdə, Baş Assambleyanın illik sessiyaları zamanı BMT-nin mənzil-qərargahı təşkilata üzv olan ölkələrin nümayəndə heyətləri, diplomatları arasında görüşlərin, ikitərəfli müzakirələrin aparılması üçün ən münasib platformadır. Hansı ki, məhz bu platformanın yaratdığı imkanlar sayəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da San-Tome və Prinsipi adlı hansısa ada dövlətinin xarici işlər naziri ilə rastlaşıb iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair protokol imzalamışdı.
San-Tome və Prinsipi "cırtdan" ada dövləti olsa da beynəlxalq birlik tərəfindən tanınıb, yəni beynəlxalq hüququn qanuni subyektidir. Lakin Mnatsakanyan Ermənistanın və daha bir çox ölkənin rəsmən tanımadığı Kosovonun xarici işlər naziri ilə görüşüb. Bildirib ki, hərçənd onun ölkəsi Kosovonun müstəqilliyini tanımır, amma bu cür görüşlər bir-birinin yanaşmaları ilə tanış olmaq, “qarşılıqlı maraq doğuran mövzular” ətrafında fikir mübadiləsi aparmaq baxımından faydalıdır. Və Mnatsakanyan və Paçelli razılaşıblar ki, çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı əlaqələrin fəallaşdırılmasının yollarını axtarsınlar. Bu barədə məlumat Ermənistan XİN-in rəsmi saytında yerləşdirilib.
Bu görüş hansı səbəbdən diqqətə layiqdir və Rusiyanı niyə narahat etməlidir?
Məsələ burasındadır ki, Ermənistan rəsmən Kosovonu tanımır. Amma BMT dəhlizlərində baş tutmuş bu görüş diplomatik baxımdan məhz tanınmaya dəlalət edir. Çünki diplomatiyanın, beynəlxalq hüququn qayda və prinsiplərinə görə bu və ya digər ölkə tanımadığı hansısa ərazi vahidi, separatçı statusunda olan rejimlə xarici işlər naziri səviyyəsində görüş keçirmir. Müstəsna hallarda əgər humanitar nöqteyi-nəzərdən, yaxud başqa təxirəsalınmaz səbəblər üzündən tanınmamış “dövlət”lə təmasa ehtiyac yaranıbsa bu zaman aşağı vəzifəli diplomat, yaxud qeyri-rəsmi şəxs rəsmi binalardan kənarda belə görüşü keçirə bilər.
İndi isə Ermənistan, o cümlədən Azərbaycan və Rusiya tərəfindən tanınmayan, Balkanlarda Qərbin birbaşa himayəsi ilə meydana çıxan yeni “müstəqil” dövlətin xarici işlər naziri ilə Ermənistanın xarici işlər naziri görüşür. Özü də BMT-nin mənzil-qərargahında. Heç şübhəsiz ki, bu görüş Serbiyanın ərazi bütövlüyünə Ermənistan tərəfdən açıq-aşkar hörmətsizlikdir. Daha da betəri bu görüş Rusiyanın maraqlarına açıq-aşkar xəyanətdir və deməli Moskvanı ən azı Belqrad qədər narahat etməli idi.
Balkanlar Rusiyanın ağrılı yeridir. Çar Rusiyası üçün biabırçı məğlubiyyətlə nəticələnmiş I Dünya müharibəsinin başlanmasının səbəblərindən birinin əsasən Serbiya olmaqla Balkan siyasəti olduğu tarixdən məlumdur. Hansı ki, çar Rusiyası ənənəvi müttəfiqi olan serblərin tərəfində bu müharibəyə qatılmışdı və çoxsaylı itkilər vermişdi, ərazilərinin bir hissəsini itirmişdi və sonda bu məğlubiyyət rus imperiyasının süqutu ilə nəticələndi.
Ötən əsrin 90-cı illərinin ortalarında Balkanlarda baş verənlər isə indiki Rusiya dövləti üçün az qala I Dünya müharibəsində baş verənlər qədər ağrılı məsələ sayılır. Balkanlarda, keçmiş Yuqoslaviyanın ərazisində Kosovo adlı dövlətin meydana çıxması məhz Qərblə Rusiya arasında gedən şiddətli geosiyasi qarşıdurmanın nəticəsi idi. Rusiyanın Balkanlardakı müttəfiqi Yuqoslaviyanın BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmadan NATO tərəfindən bombardman edilməsini Moskvada unutmayıblar. O dövrlər xeyli zəifləyən Rusiya bunu özünə təhqir kimi qəbul etmişdi. Amma prezident Yeltsinin gücü ancaq ona çatdı ki, Yuqoslaviyanın bombardman edilməsi xəbərini alandan sonra həmin saatlarda ABŞ-a uçan xarici işlər naziri Yevgeni Primakova təyyarəni okeanın üzərindən geri qaytarmağı əmr etsin. Moskva Balkan məğlubiyyətinə ancaq diplomatik demarşla cavab verə bildi və bu bombardman sonradan Yuqoslaviyanın parçalanması, o cümlədən indiki Serbiyanın ərazisinin bir hissəsinin itirilməsi və orada Qərbin forpostunun-Kosovonun meydana çıxmasına gətirib çıxaracaqdı.
Bəs indi nə baş verir? Rusiyanın Qafqazdak forpostunun (ən azından bu yaxınlara qədər belə idi) xarici işlər naziri onu ən ağrılı yerindən sancır və BMT mənzil-qərargahında Qərbin Balkanlardakı forpostu ilə təmas qurub “qarşılıqlı maraq doğuran məsələlərdən” danışır. Görəsən söhbət hansı “qarşılıqlı maraq doğuran məsələlərdən” gedə bilərdi? Burası məlum deyil, amma keçmiş Yuqoslaviya ərazisində baş verənlərlə indiki Ermənistanda baş verənlər arasında maraqlı əlaqə var. Yəqin çoxlarının yadından çıxmayıb ki, Qərb Rusiyanı Balkanlardan sıxışdırıb çıxarmaq üçün təkcə “stels” bombardmançılarından istifadə etməmişdi, bu missiyada “yerüstü qüvvələr” qismində Corc Soros aparıcı rola malik idi. Rusiyanın müttəfiqi olan Miloşeviçin rejiminin devrilməsi ilə nəticələnən Soros inqilabı əlbətdə, yaddan çıxmayıb.
Və budur, təxminən 20 il sonra həmin Soros Ermənistanda Rusiyaya sadiq rejimin devrilməsində aparıcı rol oynayıb və hazırda Yerevanda “Soros kabineti” hakimiyyətdədir. Üzvlərinin böyük əksəriyyətinin Sorosun və digər Qərb institutlarının maliyyələşdirdiyi QHT-lərin şinelindən çıxdığı Paşinyan hökumətini məhz belə adlandırırlar.
Həmin “Soros kabinetinin” üzvlərindən biri-xarici işlər naziri Mnatsakanyan isə Rusiyanı ən ağrılı yerindən sancır. Maraqlıdır, Rusiya xarici siyasət idarəsində bu görüş barədə nə düşünürlər? Şübhə yoxdur ki, möhkəm yaddaşa malik olan bu idarədə Ermənistandakı “Soros kabineti”nin növbəti xəyanətini ən azından qeydə alıblar...
Mənbə:> Virtualaz.org