Prezident: Dövlət bayrağı işğal altında olan bütün torpaqlarda qaldırılacaq
Ölkəmiz ordu quruculuğu sahəsində də böyük uğurlar əldə edib. Bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Bizim hərbi potensialımız artır. Bizim güclü ordumuza böyük ehtiyacımız var. Çünki torpaqlarımız işğal altındadır.
AzNews.info AzərTAc-a istinadla xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında səsləndirib.
Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu, əsrlərboyu xalqımızın bu torpaqlarda yaşayıb, yaratdığını qeyd edən dövlətimizin başçısı deyib:
“Mənfur qonşular 1990-cı illərin əvvəllərində Azərbaycandakı qeyri-sabit vəziyyətdən istifadə edərək torpaqlarımızın bir hissəsini işğal edib. İşğal edilmiş torpaqlarda bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən vəhşicəsində məhv edilib. Xalqımıza qarşı soyqırımı törədilib və bu işğal bu gün də davam edir. Ona görə güclü ordu Azərbaycanın gələcəkdə müstəqil ölkə kimi yaşaması, ərazi bütövlüyünün bərpası üçün əsas şərtdir”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Ordusu döyüş meydanında öz gücünü, məharətini göstərib.
“Bu gün Azadlıq meydanına döyüşlərdə olmuş Azərbaycan bayraqları gətiriləcək. O bayraqlar ki, 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında Azərbaycan əsgəri tərəfindən qaldırılmışdır. O bayraqlar ki, bu ilin may ayında Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində uğurlu əməliyyat nəticəsində işğaldan azad edilmiş torpaqlarda qaldırılmışdır. Gün gələcək Azərbaycanın dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır” , - deyə dövlətimizin başçısı vurğulayıb.
Mənbə:> AzərTAc