Putinin Azərbaycana səfərindən gözləntilər nədir? – RƏY
Azərbaycanla Rusiya səmimi qonşuluq və dostluq münasibətlərinə malik ölkələrdir.
Tarix, tale uzun illərdir bizi bir-birimizə sıx tellərlə bağlayıb, bu gün yüz minlərlə soydaşımız Rusiyada yaşayır, fəaliyyət göstərir.
Eyni zamanda, keçmiş ittifaq respublikaları arasında ruslara, rus dilinə ən ideal münasibət Azərbaycandadır.
Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Eldar İbrahimov deyib.
Onun sözlərinə görə, bir çox post-sovet məkanı ölkələrində rus dili ilə bağlı yasaqlar tətbiq olunsa da, Azərbaycanda əksinədir, bu dilə dövlət səviyyəsində yüksək qayğı və diqqət var.
O qeyd edib ki, Azərbaycan rus dilində tədris aparan xeyli sayda məktəblər var:
“Yəni, demək istəyirəm ki, ötən əsrin 90-cı illərinin əvvəllərində naşı, səriştəsiz siyasətçilərin səhvləri - bu, hər iki ölkəyə aiddir - münasibətlərdə bir gərginlik, bir anlaşılmazlıq mühiti əmələ gətirsə də, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi ilə münasibətlərdəki gərginliyin aradan qldırılması istiqamətində önəmli addımlar atıldı və münasibətlər normallaşma mərhələsinə qədəm qoydu.
Həmçinin, böyük öndərin siyasətinin layiqli davamçısı, ölkə prezidenti cənab İlham Əliyevin 15 illik iqtidarı dövründə bu münasibətlər ən üst səviyyə qaldırıldı. Burada, heç şübhəsiz ki, Rusiya Federasiyasının prezidenti cənab Vladimir Putinin də xidmətləri əvəzsizdir.
Yəni, iki dövlət başçısı arasındakı yüksək səviyyəli münasibətlər, təbii ki, iki ölkə və iki xalq arasındakı münasibətlərə, tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinə çox müsbət və çox önəmli təsirlərini göstərir, öz müsbət töhfələrini verir.
Elə sonuncu Soçi görüşünü, iki dövlət başçısının bir araya gəlməsini, yükək səviyyəli müzakirələr, danışıqlar aparmasını, hər iki dövlətin və xalqın milli və dövlətçilik maraqlarına xidmət edən bir sıra razılaşmaların əldə edilməsini, sazişlərin imzalanmasına buna misal göstərmək olar.
Bu, özü bir daha sübut edir ki, iki dövlət, iki lider arasında hansı münasibətlər var. Soçi görüşü münasibətlərin ən üst səviyyədə olduğunu və bunun geridönməz, qarşısıalınmaz bir proses olduğunu tam şəkildə əks etdirdi. İndi isə, sentyabrın sonlarında Rusiya prezidentinin Azərbaycan səfəri gözlənilir.
Bu, artıq son 3-4 ayda iki dövlət başçısı arasında baş tutacaq dördüncü görüş olacaq. Hesab edirəm ki, bu, çox yüksək, qarşılıqlı anlaşma, qarşılıqlı etimad mühiti və dostluq münasibətləri çərçivəsində reallaşacaq bir görüş olacaq. Bu görüşdə qarşıya qoyulan hədəflərə çatılması istiqamətində irəliyə doğru növbəti addımlar atılacaq.
Bir sözlə, Rusiya ilə Azərbaycan arasındakı münasibətləri yüksək qiymətləndirməklə yanaşı, hesab edirəm ki, bu münasibətlər, bu əlaqələr daim yüksək inkişaf xətti ilə davam etməlidir və daim belə olacaq”.
Millət vəkili Eldəniz Səlimov Rusiya-Azərbaycan arasındakı dostluq, tərəfdaşlıq münasibətlərinin və bu münasibətlərin davam etdirilməsinin, qorunub-saxlanılmasının yalnız və yalnız hər iki dövlətin və xalqın maraqlarına xidmət etdiyini, edəcəyini bildirib.
Bildirib ki, münasibətlərin bu cür yüksək səviyyədə olmasından və onun daim yüksələn xətt üzrə inkişaf etdirilməsindən qazanan, uduş əldə edən də məhz bu iki xalq və dövlətdir:
“Odur ki, münasibətlər daim bu səviyyədə qorunub-saxlanılmalı, davam etdirilməlidir. İmkan verilməməlidir ki, yenidən gərginliklər mərhələsinə dönülsün. Soçi görüşü bir daha göstərdi ki, artıq o mərhələyə dönülə bilməz, əksinə, münasibətlərin inkişafında yeni və daha parlaq mərhələ başlanmaqdadır.
Rusiya prezidentinin Azərbaycana gözlənilən səfərini də məhz yeni mərhələnin tərkib hissəsi saymaq olar. Bu gün Rusiya ilə münasibətlərimiz hər bir sahədə yüksəkdir, ancaq Rusiyadan ATƏT-in Minsk qrupunun həmsədri, həm də tarixi və ən böyüş qonşumuz olduğu üçün yeganə gözləntimiz odur ki, Qarabağ məsələsinin artıq sülh və ədalətli həlli yönündə öz sözünü desin, münaqişənin çözümünə öz töhfəsini versin.
İnanıram ki, bizim bu gözləntilərimiz müsbət nəticə verəcək, Rusiya Qarabağ münaqişəsində öz ədalətli mövqeyini nümayiş etdirərək, həm konfliktin həllinə, həm də Azərbaycanla münasibətlərinin inkişafına növbəti əməli töhfələrini vermiş olacaq”.
Mənbə:> Oxu.Az