33 sərəncam və azı 223 milyon manat pul
Azərbaycanda regionların inkişafının yeni mərhələsi başlayıb. İndiyədək əsas diqqət regionlarda iri qəsəbələrin və şəhərlərin-rayon mərkəzlərinin abadlaşdırılmasına, infrastrukturun yenidən qurulmasına, o cümlədən su-kanalizasiya şəbəkələrinə ayrılırdısa bu mərhələ hətta ucqar kəndlərin belə dirçəlməsinə gətirib çıxaracaq. Söhbət prezident İlham Əliyevin bölgələrdə kəndlərarası yolların asfaltlaşdırılmasına, yenidən qurulmasına yönəlmiş çoxsaylı sərəncamlarından gedir.
Azərbaycanda müasir yol infrastrukturunun yaradılması yönündə işlər son illərə qədər əsasən respublika əhəmiyyətli yolların yenidən qurulmasına yönəlmişdisə hazırda əsas diqqət kənd yollarının yenidən qurulmasına, yaxud tamamilə yeni yolların çəkilməsinə yönəlib. Bu məqsədlə prezident İlham Əliyev tərəfindən təkcə bu ilin 8 ayı ərzində 34 sərəncam verilib. Virtualaz.org-un araşdırmasına görə, regionların inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarına uyğun olaraq yolların müasirləşdirilməsi, yararsız vəziyyətdə olan kənd yollarının bərpası üçün dövlət büdcəsindən prezidentin həmin sərəncamları ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə cəmi 223 milyon manat vəsait ayrılıb.
Kənd və qəsəbələri birləşdirən yolların, yaşayış məntəqələrinin daxili yollarının qurulması demək olar ki, bütün bölgələrdə həyata keçirilir. Məsələn, elə bu günlərdə prezident İlham Əliyev Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən Dəmirçi-Lahıc avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasından sonra (əvvəllər bu yol heç vaxt asfalt olmayıb və gediş-gəlişin çox çətin olduğu torpaq yol idi) açılışını etdi. Uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolu uzun müddət təmir olunmadığı və burada yola asfalt qatı vurulmadığı üçün hərəkət hissəsi sıradan çıxmışdı. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində, xüsusən payız-qış mövsümündə problemlər yaradırdı. Yolun bərpasının bu bölgənin sosial-iqtisadi, turizm, kənd təsərrüfatı potensialını gücləndirəcəyi gözlənilir.
Prezidentin kənd yollarına dair sərəncamlarının analizi göstərir ki, ölkənin demək olar bütün rayonlarında, o cümlədən ucqar dağ rayonlarında kəndarası yolların çəkilməsi həyata keçirilməkdədir.
Məsələn, bu il dövlət büdcəsindən ayrılan vəsaitlə təmir olunan yollardan biri 8 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Çarxı–Qalağan–Hacılar–Xanlıqoba–Sayad–Məmmədxanlı avtomobil yoludur. Bu yolun tikintisinə yanvar ayında dövlət büdcəsindən 10,1 milyon vəsait ayrılıb və yol may ayında təmir olunaraq təhvil verilib. “8 saylı Xüsusi Təyinatlı Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yenidən qurulan yolun ümumi uzunluğu 29 kilometrdir.
Cəbhə bölgəsində də yaşayış məntəqələrində infrastrukturun yaxşılaşdırılması məqsədilə yolların təmir və bərpasına xüsusi önəm verilir. Prezidentin yanvar ayında imzaladığı sərəncamla 5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Əfətli–Hacıturalı–Həsənxanlı avtomobil yolunun tikintisi üçün dövlət büdcəsindən 2 milyon manat vəsait ayrılıb. Bu son illərdə prezident İlham Əliyev tərəfindən təkcə Ağdam rayonunun Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olan hissəsində yerləşən yaşayış məntəqələrini birləşdirən yolların yenidən qurulması ilə bağlı imzaladığı dördüncü sərəncamdır.
Sərəncamlara əsasən rayonda ümumi uzunluğu 72,7 kilometr olan Quzanlı-Xındırıstan-Əhmədağalı-Əfətli, Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli, Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan, Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolları yenidən qurulub.
İl ərzində 600 kəndin yolunun tikintisi planlaşdırılır
Bu yol infrastrukturunun yaxşılaşdırılması ilə bağlı görülən işlərin bir hissəsidir. İlin sonuna qədər ümumilikdə 600 kəndi birləşdirən yolların çəkilməsi gözlənilir. Bu barədə prezident İlham Əliyev bu ilin yanvar ayında Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında bildirmişdi. Sitat: “Bu il 2300 kilometr avtomobil yolları - həm magistral, şəhərlərarası, eyni zamanda, kənd yolları çəkiləcək. Keçən il şərti olaraq “40 yol” adlandırılan layihə çərçivəsində 500-dən çox kəndin yolu tikildi, abadlaşdırıldı. Bu il isə minimum 600 kəndin yolu tikilməlidir. Bu məqsədlə kifayət qədər vəsait nəzərdə tutulub”.
Bəs Azərbaycanda yol infrastrukturunun inkişafına, xüsusən də, kənd yollarının qurulmasına diqqətin artırılması iqtisadi baxımdan nə vəd edir? İqtisadçı Vüqar Bayramov virtualaz.org-a açıqlamasında bildirir ki, kənd yollarının tikilməsi, ümumiyyətlə yol infrastrukturunun yaxşılaşdırılması həmin regionun sosial-iqtisadi inkişafına töhfə verir, turizm axınının davamlı olmasını təmin edir və yolboyu yerləşən yaşayış məntəqələrində sakinlərə əlavə iqtisadi imkanlar açır.
“Fermerlər məhsullarını paytaxt bazarlarına daha rahat çıxara biləcəklər” – iqtisadçı
Ekspertin sözlərinə görə, kənd yollarının yenidən qurulması, infrastrukturun genişləndirilməsi çox vacibdir. Bu, kənd əhalisinin social-iqtisadi vəziyyətinə birbaşa təsir edən, bir sözlə kəndin dirçəlməsinin əsasını qoyan ən mühüm amillərdən biridir.
“ Aqrar sektorun inkişafı və eyni zamanda iqtisadiyyatın diversifikasiyası, birmənalı şəkildə infrostrukturun inkişaf etdirilməsindən asılıdır. Bu baxımdan məhz kənd yollarının tikintisinin maliyyələşdirilməsi həm də iqtisadi əhəmiyyət daşıyır. Çünki fermerlər öz istehsal etdikləri məhsulların bazara çıxarılmasına ehtiyac var. İnfrastrukturun zəif inkişaf etməsi bir sıra hallarda həmin məhsulların bazara çıxarılması ilə bağlı çətinlik yaradır”-Vüqar Bayramov bildirir.
İqtisadçı deyir ki, yeni icra edilən layihələr aqrar sektorda istehsal edilən məhsulların bazara, paytax və region bazarlarına çıxarılması baxımından çox vacibdir. Onun fikrincə regionların ixrac imkanlarının genişləndirilməsi baxımından bu sərəncamlar çox vacibdir. Çünki regionlarda olan yolların əsas yollara inteqrasiyası iqtisadi diversifikasiya baxımından çox əhəmiyyətli məqamlardan biridir.
“Kəndarası yolları, habelə kəndləri əsas magistrallarla birləşdirən yolları abadlaşdırmaq lazım idi ki, kəndlərin iqtisadi inkişafda rolunu artırmaq mümkün olsun. Düşünürəm ki, bu yolların çəkilməsi kəndlərdə iqtisadi fəallığın artmasına gətirib çıxaracaq. Nəticədə fermerlərin, regionda fəaliyyət göstərən sahibkarların paytaxt bazarına, istehsal etdiyi məhsuldan asılı olaraq qonşu ölkə bazarlarına çıxış imkanlarının artırılmasına şərait yaradacaq. Bu həm də turizm axınının davamlı olmasına şərait yaradacaq, rayonların turizm potensialının artmasına yardım edəcək”, - deyə V. Bayramov bildirib.
“Bu il 1527 km kənd yolu çəkiləcək” - AAYDA
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən prezidentin tapşırığının icrası ilə əlaqədar olaraq, 2018-ci ilin 6 ayı ərzində respublikanın 17 rayonunda 23 layihə, o cümlədən 2 respublika əhəmiyyətli, 17 kəndlərarası, 1 Bakı şəhərinin qəsəbələrarası, 1 tunel tipli yol qovşağı və Sumqayit şəhərində 2 avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb.
Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin virtualaz.org-a bildirdiyinə görə, yalnız magistral yolların təmiri podratçı şirkətlər tərəfindən həyata keçirilir. Bütün digər layihələr isə AAYDA-nın tabeliyində olan müəssisələr hesabına görülür.
“Bu yolların tikintisi norma və standartlara uyğun şəkildə aparılır. Qəsəbələrarası, kənd yollarında yağış barmaqlıqları, kanalizasiya sistemləri deyil, qurunt sularının ötürülməsi üçün xüsusi kanallar inşa olunur, drenaj borular çəkilir. Su ötürücü borular, su keçidləri, körpülər yüksək keyfiyyətlə inşa olunur və təhvil verilir”, - deyə A. Nəcəfli bildirib.
Nəcəfli həmçinin qeyd edib ki, AAYDA tərəfindən 2018-ci il üçün tərtib edilmiş Tədbirlər Planına əsasən 702 yaşayış məntəqəsində yaşayan 2,7 milyon nəfər əhalinin 2050,8 km uzunluğunda rahat avtomobil yollarından istifadə edilməsi təmin ediləcək. Bura uzunluğu 1527,8 km olan 67 kəndlərarası avtomobil yolu da daxildir.
Gözlənilir ki, kənd yollarının yenidən qurulması, yeni yolların çəkilməsi istiqamətində prezident sərəncamlarının verilməsi ilin sonuna qədər davam edəcək. Üstəlik gələn il üçün də kənd yollarının abadlaşdırılmasına dair çoxsaylı yeni layihələrin hazırlandığı bildirilir. Bu layihələr ucqar bölgələri, o cümlədən Ermənistanla sərhəd bölgələri də əhatə etməlidir.
İqtisadçıların hesablamalarına görə yol infrastrukturunun yenidən qurulması qazlaşdırma və elektrik enerjisi şəbəkəsinin də yenidən qurulması ilə kompleks şəkildə kəndlərin iqtisadi rifahına öz təsirini 2-3 ildən gec olmayaraq göstərməyə başlayır.
Mənbə:> Virtualaz.org